Söhbəti çox uzatmadan konkret mövzuya keçmək istəyirəm. Artıq bir neçə gündür ki, ölkəmizin bir sıra sosial media platformalarında, şəxsi şəbəkə hesablarında yeniyetmə gəncin törətdiyi əməllər gündəmi zəbt edib. Yəqin ki, hər biriniz bu xəbərdən, həmin gəncin törətdiyi əməllərdən halisiniz. Paytaxt Bakı küçələrində atılıb düşən, dinc sakinləri narahat edən, metroda bağıran, böyük-kiçik yeri bilməyən, bu da bəs etmirmiş kimi insanların razılığı olmadan onların videolarını öz şəxsi profilində paylaşan bu gənc nəhayət ki, cəmiyyətdən layiq olduğu münasibəti aldı. Sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi isə, sözün əsl mənasında səbir kasamızı daşırdı. Ancaq həmin gəncin, daha doğrusu yeniyetmənin Azərbaycanın siyasi xadimi mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğunu öyrənəndə… Bəli, bu məlumatı öyrənəndə mən də ən az sizin qədər sarsıldım, necə deyərlər, şok oldum.
Sosial şəbəkələrdə balaca Afiyəddinin videolarına yazılan şərhlər diqqətimi çəkir. Ümumilikdə götürsək, hər kəs onun barəsində eyni fikirdədir. Ən çox yazılan şərh isə belədir: bir gün bunu vurub öldürəcəklər. Bəli onun babasını da öldürmüşdülər. Tarixin ironyasıdır, yoxsa taleyin oyunu; böyük Afiyəddinə heç kim ölümü yaraşdırmadığı halda, kiçik Afiyədini ölümə namizəd tuturlar. Bilənlər bilir, ancaq bir daha yada salaq. Afiyəddin Cəlilovu yaşadığı binanın qarşısında güllələmişdilər. Ancaq nəyə görə? Bəli, Vətəninə, xalqına göstərdiyi əvəzsiz xidmətlərə görə…O Afiyəddin bəy ki, 1994-cü ildə prezident müşaviri kimi Qarabağla bağlı Bişkek protokolunu imzalamaq üçün Qırğızıstana getmiş və protokoldakı bəndlərdən birində tərəf kimi “Dağlıq Qarabağ Respublikası” ifadəsini görəndə gecə ilə prezident Heydər Əliyevə zəng etmiş, məsələni ulu öndərə izah etmişdi. Heydər Əliyev isə ona demişdi ki, dərhal geri qayıtsın, Vətənə dönsün. Bəlkə də o, bu addımı atmasaydı, indi vəziyyət tamam başqa cür olacaqdı. Ötən əsrin 90-cı illərində Ermənistan və Azərbaycan arasında atəşkəsi təmin edən Bişkek protokolunun tarixi tamam fərqli məcrada şəkillənəcəkdi…
Paytaxtın Səbail rayon sakini olan Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından biridir. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir. Maraqlıdır, nəyə görə atasının əlində bu qədər imkan olduğu halda bu gənc, necə deyərlər, özünə və cəmiyyətimizə faydalı olacaq işlərlə məşğul olmur. Bəlkə də fərqində deyil, ancaq qışın oğlan çağında, imkansızlıq ucbatından qapı-qapı gəzib peraşki satan həmyaşadının ən böyük arzusudur Afiyəddin kimi olmaq…
Düzdür, biz tariximizin bir çox dövrlərində belə hallara rast gəlmişik. Atası, babası əqidəsində möhkəm, samballı siyasi xadim olan oğullar, qızlar sonradan naxələf çıxıblar. Babək oğlu Buqday kimi, Nadir Şah oğlu İbrahim kimi. Ancaq ziyalı atanın və ən əsası Azərbaycan tarixində yalnız imza atdığı hadisələrlə, əməllərlə yox, elə imza atmadığı hadisələrlə də xatırlanan babanın – Afiyəddin Cəlilovun nəvəsi olmaq, lakin bu adın və soyadın məsuliyyətini, ucalığını daşıya bilməmək, nəinki adı daşımaq, hətta Afiyəddin adının “A”sını belə qoruyub saxlaya bilməmək kədərlidir. Həm də sosial şəbəkədə məşhurlaşmaq üçün əslini-nəslini qurban etmək bahasına qazanılmış kədərdir. Nə etmək olar axı. Oddan kül törəyər deyib atalarımız. Ancaq bu hadisəyə belə qiymət də vermək olar: bəzən ot öz kökü üstündə bitmir…
Məcid RƏŞADƏTOĞLU
Xüsusi olaraq Medianews.az saytı üçün