İşğaldan azad olunmuş Cəbrayıl şəhərində tikiləcək Cəbrayıl Yaşayış Kompleksinin layihəsi bir neçə gündür sosial mediada müzakirə mövzusuna çevrilib. Ümumi sahəsi 7,87 hektar təşkil edəcək, 7 beşmərtəbəli və 26 dördmərtəbəli olmaqla, ümumilikdə 33 yaşayış binasından ibarət olacaq kompleksin əslində çox kiçik bir ərazidə salındığı iddia olunub. Qeyd edilib ki, ətraf ucsuz-bucaqsız boş çöllər olduğu halda yaşayış binaları bir-birinə həddindən artıq yaxın inşa olunur. Sosial şəbəkə istifadəçiləri məhəllələrin əyri salınmasına da diqqət çəkərək, bu planın və hazırda inşa olunan binaların müasir memarlıq standartlarına, şəhərsalma tələblərinə cavab vermədiyini iddia ediblər.
Medianews.az mövzu ilə bağlı ekspert Aslan Əsədovun mövqeyini öyrənib.
Ekspert bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin hazırladığı layihə əsasında tamamilə yenidən salınan Cəbrayıl şəhərinin, yeni yaşayış kompleksinin müasir şəhərsalma standartlarına cavab verdiyini dilə gətirib.
Onun sözlərinə görə, bəzi adamlar ixtisasına aid oldu-olmadı, yaxud elə söz xətrinə hər şeyə münasibət bildirir, məsələyə qeyri-obyektiv, bir sıra hallarda isə qərəzli yanaşma ortaya qoyur, yanlış ictimai rəy yaradırlar: “Cəbrayıl şəhərinin eskiz-layihəsi ilə tanış olduqda görürsən ki, burada memarlıq baxımından hər hansı narahatlıq, çatışmazlıq yoxdur. Burada şəhərsalmanın bütün prinsipləri gözlənilib. Şübhə etmirəm ki, bütün norma və standartlar tam yerinə yetirilməklə proses uğurla sona çatdırılacaq. Çünki Mənzil İnşaatı Dövlət Agentliyi buna qədər də bir çox uğurlu layihələr həyata keçirib, inşaat sektorunda təcrübəsi var. İstənilən adam Agentliyin saytına daxil olub bu layihə ilə tanış ola, ətraflı məlumat öyrənə bilər. Layihə ilə ümumi tanış olduqda görürük ki, Cəbrayıl şəhərində 33 yaşayış binası üzrə 712 mənzil inşa olunur. Bu mənzillər 1,2,3 və 4 otaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək. Müqayisə üçün deyim ki, Bakı şəhərində sovet dönəmində inşa edilmiş “xruşovka” binalarda ikiotaqlı mənzil ən yaxşı halda 30 kvadratmetrdən ibarətdir. Bu müqayisə ilə götürsək, “xruşovka”dakı üçotaqlı mənzilin sahəsi boyda Cəbrayıl şəhərində birotaqlı mənzil inşa olunur. Cəbrayıl şəhərində inşa olunan kompleks 6 kvartaldan ibarət olacaq. Bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq. Ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, o cümlədən istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə veriləcək. Göründüyü kimi, rahat yaşayış üçün bütün imkanlar nəzərdə tutulub. Ona görə də layihə barədə söylənilən neqativ fikirlər yalnız subyektiv xarakter daşıyır”.
Ekspert A.Əsədov Qarabağda məskunlaşacaq əhalinin sayına da diqqət çəkib: “Nəzərə alaq ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər ümumilikdə 1 milyon nəfərə yaxın idi. İndiyə qədər ötən 30 il müddətində onların övladları böyüyüb, yeni ailələr yaranıb, əhali sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu nöqteyi-nəzərdən, Qarabağda həyata keçirilən layihələr perspektiv də nəzərə alınmaqla, ümumilikdə 1,5 milyon vətəndaşımıza hesablanıb. Bununla yanaşı, əlavə olaraq 1 milyona yaxın turistin də o ərazilərə gəlməsi, qalması və gəzməsi hesablanır. Bu planlama gələcəyə hesablanıb. İşğaldan azad olunan Füzuli, Zəngilan və Laçında qısa müddətdə 3 beynəlxalq hava limanının inşası da böyük perspektivdən xəbər verir. Üstəlik Xocalı şəhərində də aeroport var. Cəbrayıl şəhərinin planının hazırlanması, hazırda bu plana uyğun olaraq inşaat işlərinin aparılması zamanı da perspektiv, ölkə əhalisinin artım tempi, turistik olaraq əlavə infrastrukturun yaradılması və sair bu kimi çoxsaylı məqamlar nəzərə alınıb. Şəhərsalma zamanı əlavə ərazi-torpaq zəbtinin, məsrəfinin qarşısı alınıb. Bu kimi şəhərsalma layihələri kompakt yaşayış üçün nəzərdə tutulub. Ümumiyyətlə, işğaldan azad olunan rayonlar iki əsasda qurulur. Bunlar kənd təsərrüfatı və turizm təyinatıdır. Düşünürəm ki, hər iki istiqamət üçün indiyə qədər uğurlu layihələr həyata keçirilib və bu proses eyni qaydada davam etdiriləcəkdir”.
Lamiyə MİRZƏYEVA