Ötən gün bir qrup sahibkar reklam yerləşdirmək üçün tətbiq edilən verginin yüksək olmasından şikayətlənib. Dərnəgüldəki tikinti materialları bazarında işləyən həmin şəxslər qeyd ediblər ki, sahib olduqları obyektin qarşısında reklam lövhəsi quraşdırmağa imkan verilmir. Onların sözlərinə görə, belə bir lövhələrin quraşdırılması üçün Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları onlardan illik min manatdan çox ödəniş tələb edir. Sahibkarlar vurğulayıblar ki, məlumatlandırıcı – reklam xarakterli lövhələr olmayanda müştəri cəlb edə bilmirlər. Bu isə satışa və gəlirin azalmasına ciddi təsir edir. ADRA-dan bildirib ki, sahibkarların nəzərdə tutduğu reklam lövhələrinə görə vergi qanun çərçivəsində, reklamın kvadratmetrinə və növünə uyğun olaraq hesablanır.
Mövzu ilə bağlı Medianews.az “Reklam haqqında qanun”un müəlliflərindən olan, Ümumdünya Reklamçılar Assosiasiyasını üzvü Cahid Həsənovun münasibətini öyrənib.
O bildirib ki, Azərbaycan ərazisində bütün kiçik, orta sahibkarların fəaliyyətinin genişlənməsinə ADRA-nın açıq hava məkanında tətbiq etdiyi yarıtmaz yüksək qiymət siyasəti mane olur: “Bu analoqu olmayan qiymətlər ölkə ərazisində kütləvi şəkildə kiçik, orta, hətta böyük sahibkarlıq fəaliyyəti ilə məşğul olanları narazı salıb. İldən-ilə kiçik bir obyektin reklamları getdikcə çoxalmaqdan təəssüf ki, azalır. Yəni bəlli bir büdcə əsasında sahibkar 10 kvadratmetr həcmində reklam yerləşdirmək iqtidarında olduğu halda, reklam qiymətlərinin yüksək olmasına görə, bunu 5 dəfə azaldır. Nəticədə əraziyə alış-verişə gələnlər arasında ticarət obyektləri tanınmır. Müştəri bilmir harada nə satılır”.
C.Həsənov deyib ki, Azərbaycanın bölgələrinə, o cümlədən şəhər, rayon və kəndlərinə görə, fərqli reklam qiymət siyasəti olmalıdır: “Azərbaycanda regionlara, hər bölgənin zonalarına, hətta ticarət formasına görə, həm ucuz, həm də fərqli reklam qiymətləri tətbiq olunmalıdır. Çünki paytaxtda fəaliyyət göstərən, brend məhsul satışını həyata keçirən, tanınmış marka ilə hansısa rayonda, kənddə yenicə fəaliyyətə başlamış sahibkarlıq subyektinin gəlirləri eyni deyil. Yeni sahibkarlıq subyektinə, yəni kiçik və orta sahibkara elə reklam qiymət siyasəti tətbiq edilməlidir ki, o, istehsal etdiyi məhsulu tanıda, satışını və gəlirini artıra, inkişaf edə bilsin. Amma bunun əksinə olaraq, bu gün ADRA tərəfindən bütün yerlərdə məntiqsiz olaraq standart, eyni, yüksək qiymətlər tətbiq edilir. Bu da kiçik, orta sahibkarlığın inkişafının qarşısını alır. Bunun bariz nümunəsidir ki, ADRA-nın fəaliyyət göstərdiyi 7 il ərzində açıq məkan reklamlarından yığılan illik gəlir ildən-ilə azalır. Halbuki, hər il 20-22 faiz artım olmalıdır”.
Alpər TURAN