Dövlət Statistika Komitəsindən məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 49 549 nikah, 19 761 boşanma halı qeydə alınıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanma sayı 1,6-dan 2,1-ə qədər artıb. Statistikadan da göründüyü kimi, hər il nikahların sayında azalma, boşanma sayında çoxalma müşahidə olunur.
Bu balansın boşanmanın xeyrinə pozulmasına, ailələrin dağılması hallarının çoxalmasına səbəb nədir? Azərbaycanda ailə institutu nə üçün bu səviyyəyə çatıb? Vəziyyətdən çıxış yolu nədir?
Mövzu ilə bağlı “UM” Psixologiya Mərkəzinin rəhbəri, “Psixoloji və Sosial Dəstək” İctimai Birliyinin sədri, psixoloq Ülviyyə Murtuzova Medianews.az-a bildirib ki, ailə institutunun düzgün formalaşmaması, bu sahədə səylərin yetərincə olmaması indiki mənzərənin ortaya çıxmasına səbəb olub. Psixoloqun fikrincə, bəzən bir şeyin üzərinə daha çox getdikcə, doğru-düzgün danışmadıqca, maarifləndirmə aparmadıqca, onun xeyrinə deyil, əleyhinə olan nəticələri əldə etmiş oluruq: “Ailələrin dağılması, boşanma sayının çoxalması bir neçə səbəblə izah oluna bilər. İlk növbədə ailə qurmağa məcbur edilməni qeyd edə bilərik. Yəni şəxs özünü ailə qurmağa, ailə başçısı olmağa hazır bilməyib, lakin onu bu addımı atmağa məcbur ediblər. Digər bir məqam erkən nikaha sürüklənmə hallarıdır. Müəyyən bir yaşda bədənin anatomik quruluşunun, eləcə də psixoloji durumun hazır olma dövrü olur. Məsələn, qadınlarda bu yaş dövrü 25-27-dirsə, bəylərimiz üçün 29-32 yaş daha uyğundur. Təbii ki, erkən yaşda ailə quranlar üçün hər şey adi və bəsit olacaq”.
Psixoloq deyib ki, əgər əvvəllər ictimai qınaq və sosial sferanın belə məsələlərə qarşı münasibəti əsas götürülürdüsə, artıq bunlar öz təsirini itirib: “Sosial layihəli verilişlərin ailə məsələlərini, xüsusən boşanmaları gündəmə gətirməsi, bunun normal qarşılanması, hətta orada ekspert qismində oturanların da baş verənləri təbii qəbul etməsi və dilə gətirməsi başqalarında da cəsarət hissini yaradır. Halbuki ailə məsələlərinin televiziyalar vasitəsilə ictimailəşdirilməsi, hər şeyin efirlərə daşınması bizim “qırmızı xətlər”imizi aşır, sıfırlayır. Təbii ki, əgər ailədə şiddət, təcavüz, xəyanət və sair bu kimi həssas məsələlər varsa, tərəflər normal qaydada ayrılmaq qərarı veriblərsə, boşanma olmalıdır. Buna kimsə qarışa bilməz. Lakin göstəricilər onu deməyə əsas verir ki, bu gün boşanmada səbəblər deyil, bəhanələr çoxalıb. Boşananların göstərdiyi səbəblərə baxsaq, orada tutarlı heç bir arqument və ya fakt görə bilmərik. “Telefon zənglərimə niyə cavab vermədin?”, “Niyə gec gəldin?”, “Nə üçün mənə diqqət və vaxt ayırmadın?”, “Uşağa sevgi göstərmirsən” kimi bəsit bəhanələr gətirərək deyirlər ki, boşanmaq qərarına gəlmişəm”.
Psixoloq Ü.Murtuzova söyləyib ki, ailəyə olan kənar müdaxilələr, reaksiyalar və təpkilər də evli cütlükləri qıcıqlandıran məsələlərdəndir. Onun sözlərinə görə, rəhbərlik etdiyi mərkəzə müraciət edən şəxslərin çoxunun ailəsində kənar müdaxilə faktı var: “Məsələn, cütlüklər deyirlər ki, biz münaqişədən sonra barışa bilərdik, lakin ailələr prosesə müdaxilə etdi və vəziyyət bir az da alovlandı. Yaxud valideynlər gəlib öz qızını aparır və bir daha barışa bilməzsiniz deyə, qətiyyətli fikir ortaya qoyur. Nəticədə bu vəziyyəti qəbul etməyən bəy kin-küdurət içində qalır, ağla gəlməyən planlar qurur, qisas almağa düşünür və bu, münaqişəyə, hər hansı bir xoşagəlməz hadisəyə çevrilir. İnsanlarda müqəddəs ailə, ocaq anlayışı yoxa çıxıb. Problemlər olduqda çözüm tapılar, həll olunar deyə, səbir, təmkin nümayiş etdirilmir. Bəzən insanlar dar çərçivədə yalnız öz maraqları üzərindən ailə məsələsinə yanaşır, ailəni bəsit bir qurum kimi görürlər. Əslində isə ailə böyük bir təşkilatdır. Çox təəssüf ki, primitiv səbəblərlə, yəni kimsə bunu etdi ona normal baxdılar, mən də belə edəcəyəm prinsipi ilə, “Mən ayrılsam daha yaxşı ayaq üstdə duraram” kimi xəstə düşüncələrə qapılmaqla, “Karyera quracağam, cəmiyyətdə daha çox uğur qazanacağam” fikri ilə yola çıxan, boşanan insanlar var. Lakin bunun ağırlığını daşıya biləcək qədər güclü bəndə ola bilməyəcəklərini ağıllarına da gətirmirlər. Düzdür, sonradan peşmançılıq halları yaşanır. Amma geridönüş imkanı tükəndiyi üçün artıq həyatlarını başqa yöndə davam etdirmək məcburiyyətində qalırlar. Bu, bir insan həyatının faciəsidir. Böyük xətalar kiçik xətalarla başlayır”.
Psixoloq qeyd edib ki, ailə quracaq şəxslərin bir-birilərini tanıması üçün zaman lazımdır: “Ailə quracaq tərəflərin bir-birini yaxşı tanıması, xarakterinə, xasiyyətinə bələd olması üçün bəlli bir zaman var. Məsələn nişanlı qalmaq müddəti. Əvvəllər bu müddət 6 aydan çox olurdu. Amma indi tanış olur, qısa bir vaxtda ailə qurmaq qərarı verirlər. 5-10 günə tanış olub evlilik qərarı verənlər təbii ki, ailənin məsuliyyətini, çəkisini anlamayacaqlar. Ailə anlayışının hərfi izahını övladına izah etməyən valideyn heç vaxt qızını, yaxud oğlunu başqa bir ailənin sağlam sütunu kimi görə bilməz. Ümumən boşanmanın artmasının, ailə institutunun indiki səviyyədə olmasının bir çox səbəbləri var. Yaxşı olardı ki, efirlərdə, sosial mediada ailə haqqında danışmağa mənəvi haqqı çatan, ən azı 15-20 il ailə başçısı olan insanlar fikir bildirəydilər. Evliliyi 3-5 ay olan birisinin ekspert qismində efirdən insanlara ailə dərsi keçməsi heç də yaxşı nəticə vermir”.
Lamiyə MİRZƏYEVA