Lənkəran şəhəri, Arif Bağırov küçəsindəki fərdi evlərin sakinləri redaksiyamıza müraciət edərək, yaşadıqları ünvanda yolun asfaltlanmamasından, kanalizasiya xəttinin olmamasından şikayətləniblər. Ərazidən çəkilən fotoları redaksiyamıza yollayan vətəndaşlar qeyd ediblər ki, kanalizasiya şəbəkəsi olmadığı üçün çirkab sular açıq şəkildə arxlara axıdılır. Həmin arxlar həftələrlə təmizlənmədiyindən tullantı sular daşaraq ətrafa yayılır, xoşagəlməz qoxu hər tərəfi bürüyür.
Uşaqlar üçün təhlükə, xəstəlik mənbəyi
Şəhər daxilindəki Arif Bağırov küçəsinin asfalt örtüyünün sıradan çıxması da sakinlərə əlavə qayğılar yaşadır. Vətəndaşlar bildiriblər ki, Lənkəran şəhəri subtropik, yağışların tez-tez yağdığı, rütubətli yaşayış məntəqəsi olduğundan yağıntılar zamanı yollarda çuxurlar, gölməçələr əmələ gəlir. Bu da sakinlərin sərbəst hərəkətinə mane olur. O cümlədən, 6 saylı liseyə gedib-gələn məktəblilərə əlavə problemlər yaradır. Vətəndaşlar qeyd ediblər ki, yol kənarındakı su xəndəkləri, oradakı antisanitar vəziyyət azyaşlı uşaqlar, məktəblilər, ümumən sakinlər üçün təhlükəyə, xəstəlik mənbəyinə çevrilib. Dəfələrlə uşaqlar bu xəndəklərə yıxılaraq müxtəlif xəsarətlər alıblar.
Sakinlərin müraciəti cavabsız qalıb
Sakinlər həm yolun asfalt örtüyünün dağılması, yeni asfalt örtüyün döşənməsinin zəruriliyi, həm də mövcud antisanitar vəziyyət və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hər hansı nəticə əldə olunmadığını bildiriblər. Təəssüflə qeyd olunub ki, aidiyyəti qurumlar bu istiqamətdə əməli tədbirlər həyata keçirməyiblər.
Təmirə ehtiyacı olan yolların siyahısı hazırlanıb
Vətəndaşların müraciətini Lənkəran Şəhər İcra Hakimiyyətinə çatdırmaq, mövcud problemə münasibət öyrənmək üçün sorğu göndərdik. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, Lənkəran şəhərində suötürücü kanalların, o cümlədən Arif Bağırov küçəsindəki kanalların təmizlənməsi mütəmadi olaraq aidiyyəti idarələr tərəfindən həyata keçirilir. Qeyd olundu ki, Lənkəran rayonunda təmirə ehtiyacı olan bütün yolların siyahısı hazırlanıb və dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq tək bu il 13 küçə asfaltlanıb. Məlumata görə, bu ilin sonunadək prosesin davam etdirilməsi nəzərdə tutulur.
Dövlət büdcəsindən vəsait ayrılarsa…
İcra hakimiyyətindən bildirildi ki, Lənkəran şəhəri Arif Bağırov küçəsinin asfaltlanması gələcəkdə büdcədən ayrılan vəsaitə uyğun olaraq həyata keçiriləcək. Çirkab suların açıq kanallar vasitəsilə axıdılmasına, ətrafa üfunət iyi yayılmasına gəlincə, İcra hakimiyyətindən məlumat verilib ki, Lənkəran şəhərinə yeni kanalizasiya sisteminin çəkilməsi ilə bağlı məsələ Dövlət İnvestisiya Proqramına daxil edilib. Bu problem də dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə öz həllini tapacaqdır.
Lənkəranda qurulmayan infrastruktur
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, Lənkəranda kanalizasiya infrastrukturu qurulmayıb. Onun sözlərinə görə, təmsil etdiyi qurum 2011-2013-cü illərdə Lənkəranın su infrastrukturunu tamamilə yeniləyib, amma kanalizasiya şəbəkəsi qurulmayıb: “2011-2013-cü illərdə Xanbulan dəryaçasının yaxınlığında sutəmizləyici qurğu tikilib. Oradan Lənkərana magistral su kəməri çəkilib. Bu su kəməri vasitəsilə həm Lənkəran şəhərinin, həm də şəhərə yaxın kəndlərin su təchizatı yaxşılaşdırılıb. Bu proses çərçivəsində kanalizasiya şəbəkəsinin tikintisi də layihələndirilmişdi. Lakin sözügedən layihənin reallaşması üçün hələlik investisiya ayrılmayıb. Məhz bu səbəbdən orada kanalizasiya şəbəkəsinin qurulması ilə əlaqədar hər hansı iş görülməyib”.
Kanalizasiya şəbəkəsinin qurulması layihəsi
Hazırda Lənkərandakı tullantı və yağış sularının əksəriyyətinin açıq kanallar vasitəsilə yaşayış məntəqələrindən kənarlaşdırıldığını diqqətə çatdıran A.Cəbrayıllı onu da əlavə etdi ki, bu kanallara xidmət təmsil etdiyi qurum tərəfindən deyil, Lənkəran Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir: “Bir daha vurğulamaq istərdim ki, Lənkəran şəhərinin kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı layihə var. Əgər gələcəkdə bu layihənin reallaşdırılmasına maliyyə ayrılacaqsa, dərhal işlərə başlanılacaq, Lənkəranda kanalizasiya infrastrukturu yaradılacaq”.
Ərtürk İSMAYIL