Başlamamaq və ya imtina etmək istəyirsiniz? Öz seçiminizdir? Amma bu iki yanlış qərardan birini verməmək üçün bir neçə dəqiqənizi ayırıb aşağıda yazdıqlarımı səbirlə oxuyun:
Əksəriyyətin “Rembo” kimi tanıdığı Silvestr Stalonneyə düşünürsünüz ki, “Sən tam bizim düşündüyümüz adamsan, gəl sənə filmdə bir rol verək” deyiblər? Xeyr, əsla! “Rocky” filmini çəkmək üçün üz tutduğu düz 1000 (min) film studiyasından yox cavabı aldıqdan sonra 1001-ci film studiyası onun filmini çəkməyə razılıq verib. Siz neçə dəfə “yox” cavabı almağa tab gətirə bilərsiniz?
Ən çox patenti ilə dünyada ön sırada olan “Kəşflər və icadlar kralı” Tomas Edisonu tanımayan yoxdur, deyilmi? Michigan Port Huron ibtidai sinif müəllimi “uğursuzluqlarına görə” məktəbdən xaric etdirdiyi şagirdi Tomas Edison üçün “O beyinsiz bir uşaqdır və heç bir işdə uğur qazana bilməz!” – demişdi.
Corc Vestinqauz adını bəlkə də eşidən az insan ola bilər. Bu şəxs yaşıdlarına görə “qabiliyyətsiz, oxumağa marağı olmayan, axmaq biri olması” səbəbi ilə oxuduğu kollecdən qovulmuşdu. Bu həmin Vestinqauz idi ki, həyatı boyu aşağıdakılara imza atdı: Dörd yüzdən çox icad və analoqu olmayan bir sənaye imperatorluğu!
Bu isə həmin Lev Tolstoydur ki, “içində öyrənmə istəyi olmadığı üçün” kollecdən qovulmuşdu.
Dünya çempionu olmuş və şahmat müəllimi kimi də böyük uğurlar qazanmış Mixail Botvinnik bir vaxtlar şagirdi olmuş Anatoli Karpovun şahmat savadını yoxladıqdan sonra demişdi: “Bu uşaqda heç bir gələcək görmürəm, şahmat haqda ən kiçik bir irəliləmə olmayacaq!”. Amma Karpov dünya çempionu oldu!
“Sənin səsin pəncərə kənarından daxil olan küləyin fit səsinə bənzəyir”. Bu sözləri sonralar məşhur olan italyan musiqiçisi Enriko Karuzoya bir zamanlar onun musiqi müəllimi demişdi.
Məşhur avtomobil imperatoru Henri Ford uğur qazanana qədər beş dəfə iflas etmiş, hər dəfə sıfırdan başlamaq məcburiyyətində qalmışdır.
Albert Eynşteynə müəllimləri “axmaq” olduğunu demiş, o isə əvəzində atomu parçalayıb müəllimlərinə və dünya alimlərinə təqdim etmişdi.
Marqaret Mitçelin məşhur “Rüzgar kimi keçdi” adlı əsəri nəşr evləri tərəfindən tam 38 dəfə rədd edildikdən sonra çap edilmişdir.
Riçard Baxın “Conatan Livinqston adlı qağayı” adlı əsəri 18 nəşr evi tərəfindən rədd edildikdən sonra çap olundu.
Uolt Disneyin “Disneyland”ı yaratmadan əvvəl bir neçə dəfə iflas etdiyini bilirdiniz?
Misalların sayını artırmağı sizlərə buraxıram.
Başlamaqdan qorxmayın və imtina etmək istədikdə “Bu işə vaz keçəmək üçünmü başlamışdım” sualını özünüzə verin.
Yunis XƏLİLOV