“Şərq qapısı” qəzeti mənim ilk xitabət kürsüm və elmə açılan qapımın ilk açarı olub… 2000-ci ildə qəzetin nəşr tarixini tədqiqat obyekti kimi götürəndə haradan başlayacağımı belə bilmirdim. Yeddi il ərzidə Naxçıvanın ilk mətbu orqanı olan bu qəzetin bütün nömrələrini bir-bir araşdırdım. Üz tutmadığım arxiv, getmədiyim muzey, döymədiyim qapı qalmamışdı. Az qala hər nömrəsini əzbərləməyə başlamışdım bu bir əsrlik salnamənin..
XX əsrin 20-ci illərində ərəb əlifbası ilə nəşr olunan bu qəzetin həmin illərdəki nömrələrini oxumaq üçün qaranlıq və nəmli zirzəmilərdə hərf-hərf oxuduğum günlər də az olmayıb… Aylarla bir otağa qapanıb apardığım təhlilləri və araşdırmaları incələdiyim günlər də…. Qəzetin ilk tədqiqatçısı kimi ortaya qoyacağım faktlar və məlumatlar da dolğun və tam olmalı idi… Nəhayət, 7 il sonra tədqiqatlarımı yekunlaşdırıb dissertasiyamı elmi rəhbərim, akademik İsa Həbibbəyliyə təqdim etdim… 1 il sonra müdafiəm gerçəkləşdi….
Keçməkeşli və təlatümlü fəaliyyət tarixi olan bu qəzet mənim sakit həyatıma böyük bir təlatüm gətirdi… Uğurlu müdafiədən sonra “Jurnalistika” kafedrasına müdiri təyin olundum… Universitet televiziyasının rəhbəri, “Yeni Fikir” qəzetinin ilk redaktoru oldum…
Mən sonralar elm qapılarının açarlarını dəyişməyə cəhd etsəm də, yenə ilk açar imdadıma çatdı və mən anladım ki, yolumu dəyişib hansı səmtə dönsəm də, açılacaq bütün qapılarımın yalnız bir açarı var -“ŞƏRQ QAPISI”…
Yeni ilin ilk ayında Avropalı həmkarlarımdan gözəl bir xəbər aldım… 2023- ildə Avropada 7 dildə -italyan, fransız, alman, portuqal, rus, ingilis, ispan dillərində nəşr olunan “Naxçıvan mətbuat tarixi: “Şərq qapısı” qəzetinin materialları əsasında” adlı monoqrafiyam 2024-cü ildən Avropanın və Amerikanın bütün kitab satışı və yayımı portallarında sərgilənməyə başlayıb…
“Şərq qapısı” artıq sərhəd tanımır, o artıq ona qoyulan bütün sərhədləri çoxdan aşıbdır…Bu sevincli xəbəri sizinlə paylaşaraq, əldə etdiyim bu uğuru Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə ən layiqli töhfə hesab edirəm…
Bu işdə məni dəstəkləyən, hər zaman yanımda olan, mənim ilk oxucum, ilk rəyçim, ilk yolgöstərənim anam Əsədli Zeynəb Əsəd qızına və öz sevgiləri ilə məni ruhdan düşməyə qoymayan əziz tələbələrimə sonsuz təşəkkürlərimi bildirirəm…
Surə Seyid
Naxçıvan