Televiziyaların əvvəlki qədər baxımlı deyil. Bir çoxları düşünür ki, sosial media hazırda daha işlək və baxımlı vasitədir. Məkandan və zamandan asılı olmayaraq, əlçatan olması isə bu platformaya marağı getdikcə artırır. Bütün bu keyfiyyətlərlə müqayisədə ənənəvi televiziyaların yaxın illərdə meydanı tərk edəcəyi ehtimal edilir.
Medianews.az xəbər verir ki, “Yeni Sabah”a açıqlamasında teleaparıcı Kamran Həsənli ilə sözügedən fikirlə razılaşmır.
O bildirib ki, televiziyaların illər ötdükcə sıradan çıxacağı barədə fikirlərin doğru olduğunu düşünmür:
“Vaxtilə teatr çox dəbdə olub. Kino yaranandan sonra isə hər kəs teatrın arxa planda qalması barədə fikirlər irəli sürürdü. Ancaq belə olmadı. Teatr fəaliyyətini indiyədək davam etdirir. İnternet, sosial şəbəkələr yaranandan sonra da televiziyaya dair də oxşar müzakirələr başlandı. Lakin televiziya hələ də dünyada öz yerini qoruyub saxlamağı bacarır. Həmçinin, qəzetlər də”.
K. Həsənli qeyd edib ki, qəzetlər reallığı əks etdirmir:
“Çap mediasının zəifliyi elə bu sahənin öz günahıdır. Çünki qəzetlər həqiqəti əks etdirməyən məlumatlar dərc edir, ağ yalan yazırlar. Ona görə də, ölkəmizdə qəzet sektoru öz dəyərini itirib. Bütün bunlar zamana və dövrə bağlı deyil”.
Teleaparıcının fikrincə, televiziyada peşəkarlar olduqda, kanalar nüfuzunu geri qaytarmağı bacaracaq:
“Televiziya sosial şəbəkələrlə rəqabətə girmir. Çünki ikisi də bir-birindən fərqli platformalardır. Yeganə problem telekanalların qeyri-peşəkarların əlində olmasıdır. Sadəcə dekorasiya və süni bəzək-düzəyə diqqət ayrılır, yenə də gerçəklər arxa planda qalır. Ona görə də TV-lər gözdən düşür. Ancaq peşəkarların idarəsində olarsa, düşünürəm ki, televiziya əvvəlki nüfuzunu qaytaracaq”.