Havalar soyuduqda Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılmağa başladı. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.
Təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Xüsusən qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər.
Bəs görəsən bu virusdan necə qorunaq?
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Moderator.az-a danışdı. Qeyd etdi ki, hazırda ən çox böyüklər arasında koronavirus infeksiyası və digər kəskin virus infeksiyaları, yəni yuxarı tənəffüs yollarının kəskin xəstəliklərini törədən qrip virusu yayılıb:
“Bu xəstəliklərlər də virus burun, boğaz mukozasında yerləşir, və insan danışarkən, nəfəs alarkən, nəfəs verərkən, öskürərkən bu xəstəliklər hava vasitəsilə digər şəxslərə yoluxur. Belə xəstəliklərə biz hava damcı yoluyla yoluxan xəstəliklər ya da infeksiyalar deyirik. Bunun qarşısını almaq üçün ilk növbədə tənəffüs yollarını qoruyan gigiyenik maskalardan istifadə etmək lazımdır. Bunu artıq demək olar ki, hər kəs bilir. Bu xəstəliklərin qorunmasında qızıl qaydadır. Təbii ki, sosial məsafə saxlamaq da bu xəstəliklərin qarşısının alınmasında rol oynayır. Digər tərəfdən əllərin yaxşı yuyulması da önəmlidir. Çünki bu xəstəliklər bəzi hallarda əllər vasitəsilə də yoluxa bilir. Bunlar əsas qorunma yollarıdır. Digər tərəfdən bu mövsümdə kəskin resperatur virus infeksiyalar içində ən çox ağır gedən qrip infeksiyası var. Qrip infeksiyasının peyvəndi var.
Bundan başqa immun sistemimizi normal vəziyyətdə saxlamalıyıq ki, bu xəstəliklərə yoluxmayaq və yaxud da onu yüngül keçirdək. Bu isə qida ilə bağlıdır. Daha sağlam qidalanmaq lazımdır. Meyvə -tərəvəz qidalarına üstünlük vermək, bir az şirniyatları, şəkərli məhsulları az istifadə etmək lazımdır. Daha çox bitki tərkibli və proteinlə zəngin qidalanmalara üstünlük verməkdə fayda var. Bol maye qəbul etmək, soyuqdan qorunmaq da immun sisteminin yaxşı vəziyyətdə saxlanmasına və xəstəliyin yüngül keçirilməsinə kömək edir”.