Kolumbiyalı müğənni Şakiranın anadan olduğu Barranquilla şəhərində onun şərəfinə bürünc heykəl ucaldılıb.
Medianews.az xəbər verir ki, hündürlüyü 6,4 metr olan heykəl rəssam Yino Markes tərəfindən hazırlanıb. Barranquilla meri Hayme Pumahero Hayns sosial şəbəkələrdə abidənin açılış mərasiminin videosunu yayımlayıb. Mərasimdə Şakiranın valideynləri də iştirak ediblər.
Müğənni, bəstəkar, rəqqasə, prodüser, xoreoqraf və model olan Şakira İzabel Mebarak Ripoll 2000-ci illərin əvvəllərindən musiqi bazarlarında ən uğurlu latın amerikalı sənətçi kimi tanınır. O, beş dəfə “MTV Video Music”, iki dəfə “Grammy”, səkkiz dəfə “Latin Grammy”, yeddi dəfə “Billboard Music”, 28 dəfə “Billboard Latin Music” və bir dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb.
Şakiranın “Hollywood Walk of Fame” xiyabanında ulduzu var. İndiyədək 70 milyondan çox albomu satılan sənətçi, həmçinin “Forbes” jurnalının versiyasında dünyanın ən güclü 100 qadını sırasında yer alıb.