“Cavanşir Quliyevi tənqid etmək ayıbdır. Ona qarşı kampaniya aparanlar utanmalıdır. Qədir bilmədiyimiz üçün Allah hər şeyi burnumuzdan fırçın-fırçın tökür. Biz gerçəkləri belə çirkab dolu arzulara qurban veririk”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib.
O, Xalq artisti, bəstəkar Cavanşir Quliyevin Prezident İlham Əliyevə səs verəcəyi ilə bağlı yayılan açıqlamasından sonra sənətkara qarşı böyüyən tənqid və təzyiq dalğasından söz açıb.
Xatırladaq ki, müxalif düşüncələri ilə tanınan C. Quliyev 2003-cü ildə ölkəni tərk edərək Kiprə getmişdi. Bəstəkar 19 il orada yaşadıqdan sonra Azərbaycana qayıdıb.
Məsələyə münasibət bildirən F. Kərimova isə qəzəbini boğa bilməyib:
“Hər şeyi millətimdən gözləyirdim, amma belə nankorluğu yox. Şükür Allaha ki, millətlə kütlə arasında fərq var. Acınacaqlıdır ki, hakimiyyətə can atan bəzi qüvvələr və onların tərəfdarları övladlarını itirənləri niyə hansısa siyasi marağa qurban verirlər?! Cavanşir vətənpərvər insandır, bilir ki, kimə səs vermək lazımdır və yanılmır. Bizim oğlanlarımız vətən üçün can verib. Niyə onlar insanları qorxudur, insanları düz sözdən, vicdanından vaz keçməyə məcbur edirlər?!
Prezident sizə nə edib?! Torpaqları sənə qaytarıb milləti çaşdırıb böhtanlara əl atsan?! Nə pislik edib?! Şəhid analarının gözyaşından və qarğışından qorxmursunuz?! Qurban olduğum mütləqi-sahib (Allah) onlar kimi minüzlü deyil. Eşitdiklərim mənə çox təsir etdi, kütlədən hər şeyi gözləyirdim… Ancaq bu dərəcədə qanmazlığı təsəvvür etmirdim. Bu, ən asan yoldur ki, yaxşılığa göz yumub yamanlığa dəstək verəsən. Cavanşir nə deyib axı?! Dedi ki, Prezidenti dəstəkləyirəm. Buna görə də öz ünvanına min tənə, tənqid eşitdi. Neçə illər mən bu siyasəti düz başa düşməmişəm, amma əsl həqiqəti biləndən sonra vicdan əzabı çəkdim.
“O böyük insanı Allah seçib. Siz Allahamı ağıl öyrədirsiniz?! Allahın sənə, övladına, millətinə, gözüyaşlı analarına, başına kəlağayı örtüb ərinin, qardaşının tabutundan yapışan qadınlara yazığı gəlib o adamı seçib. Mənə çox pis təsir edir, bu kütləni bu qədər qanmaz bilmirdim. Heç olmasa, nəvələrinin gələcəyini düşünüb onları fikirləşməlidirlər. Bu boyda nailiyyətləri bizə o adam yaşatdı. O hər bir suala qətiyyətlə cavab verib düşmənləri yerində oturdub, qorxu içində saxlayıb. Bəs bunlar nə tez yadınızdan çıxdı?! Budur sizin vətənə sədaqətiniz?! Cavanşir sözü üzə deyən adam kimi bunu deyibsə, baxıb-görmək lazımdır ki, bu adam nələrə qiymət verir. Cavanşir minüzlü deyil, onun bir üzü var. Bir vaxtlar illərlə yaşadığı küskünlüyə xətt çəkdi. Cavanşir kimi əziyyətlər çəkən, həqiqəti dilinə gətirən bir insanın vicdanından utanmaq lazımdır. İnanın mənə, bilməzdim ki, millətim haçansa kütlə düşüncəsinə düşər. Bu sözləri deyən millət deyil, bunu deyən təşkil olunan bir kütlədir.”, – deyə o, əlavə edib.
83 yaşında bir çox gerçəkləri anladığını söyləyən sənətçi diqqətə çatdırıb ki, həmin torpaqları Prezident və ordumuz bu xalqa bağışlayıb:
“Allah o insanı elə-belə dünyaya gətirmədi. Gətirdi ki, bu kütləni ağıla gətirsin. İndi də durub Cavanşiri dilə gətirirlər. Bilmirlər ki, minlərlə gəncimiz Prezidentin arxasınca getdi. Mənim psixologiyam bu qədər nankorluğa hazır deyil, mən belə fikirlərlə barışmayacağam. Gözümün qabağında nəvəm böyüyür. Bizim qadınlarımız Cavanşiri topa tutanlardan daha qeyrətlidir. Ay bədbəxtlər, ay hakimiyyətə böhtan atıb insafsız sözlər deyənlər, sənin qadınların özlərini dağdan atırdı ki, binamusluğa yol verməsin, ona görə də ölümü seçirdilər!
Nə yaxşı ki, Cavanşir bunu dedi və onların əlinə mövzu düşdü. Allah bu millətin heyfini o qanmazlardan alacaq. Ay bədbəxtlər, ermənilərin özünə belə qorxularını dilə gətirib deyirlər ki, İlham Əliyev (Dəmir Yumruq) sözünü üstündə durub dediyini mütləq edən adamdır. Bunu erməni, sənin düşmənin, sənin millətinin namusunu ləkələyən, qələbədən sonra bizdən intiqam almaq istəyənlər deyir. Sizin kimi adamlar bu cəmiyyətə qarayara və təhlükəlidir. Nə günə qalmısan ki, bu düşüncələrlə torpağını və millətini satırsan?! O haram çörək səni boğub canını almayacaq?! Hamısına ayıb olsun!” – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.