Son günlər Azərbaycanın efir məkanı ilə bağlı müxtəlif müzakirələr aparılır. Televiziyanın cəmiyyətin, insanların həyatındakı rolunun danılmaz olduğu vurğulanır, həmçinin telekanalların zövqlərimizi korladığı, bütün musiqi irsimizi məhv etdiyi diqqətə çatdırılır. Müzakirələrdə televiziyaların indiki durumu ölkə vətəndaşlarının intellektual səviyyəsinin aşağı olması ilə də əlaqələndirilir. Bəzi ekspertlər isə televiziyaların baxımsızlığına, öz əvvəlki auditoriyalarını itirməsinə səbəb kimi internetin, sosial şəbəkələrin, “YouTube” platformasının meydana çıxmasını göstərirlər. Bildirilir ki, telekanallar bu rəqabətə tab gətirməyərək tədricən sıradan çıxırlar.
Mövzu ilə bağlı Medianews.az-a danışan Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev bildirib ki, televiziyaların indiki durumuna görə xalqı, tamaşaçını günahlandırmaq doğru yanaşma deyil.
Media ekspertinin sözlərinə görə, günahı vətəndaşda axtarmaq öz siyasətinə bəraət qazandırmaq cəhdidir: “Televiziyaların bu günə düşməsini əhalinin intellektual səviyyəsinin aşağı olması ilə əlaqələndirmək tamamilə boş söhbətlərdir. Bu, öz siyasətinə haqq qazandırmaq cəhdidir. Mən başa düşürəm ki, kommersiya televiziyalarının ictimai münasibətə və sairə bağlılığı çoxdur. Amma dövlət televiziyalarında belə yanaşma varsa, bu, tamamilə cəfəngiyyatdır, boş söhbətdir. Televiziya haqqında söhbət eləmək yox, ciddi qərarlar qəbul etmək lazımdır. Bunlar hamısı televiziya siyasətindən irəli gələn məsələlərdir. Əgər intellektual səviyyədə çatışmazlıqlar varsa, bu, televiziyaların özlərinin yaratdığı mühitdir. Çünki həyatda o qədər mövzular, uğurlu insanlar, maraqlı əhvalatlar var ki, onları sadəcə efirə çıxartmaq lazımdır. Televiziyalar siyahı üzrə və siyasi göstərişlərlə işləməməlidir. Budur məsələnin kökü. Hər şeyi əhalinin boynuna yıxmaqla problem həllini tapmır”.
A.Əliyev televiziyaların internetə, sosial şəbəkələrə uduzması məsələsinə də toxunub: “İnternet platformadır. Bir vaxtlar kağız – çap media platforma idi. Sonra birbaşa efir platforma oldu. İndi də internet platformadır. Sən bu platformada hansı mövzunu necə təqdim edəcəksən, bu, sənin öz seçimindir. Əlbəttə əhalinin müəyyən bir hissəsinin birmənalı olaraq başqa platformalara köçməsi faktdır. Amma bu da var ki, bəzi televiziyaların internet platformasında, sosial şəbəkələrdə milyonlarla izləyicisi, tamaşaçısı var. Baxmayaraq ki, bu da televiziyadır, efirdir, amma tamaşaçısı çoxdur. Televiziya və ya qəzet kütləvi informasiya vasitələrinin bir formasıdır. Bir qədər əvvəl vurğuladığım kimi, internet isə platformadır. Misal üçün, elə bil əvvəllər torpaq yol ilə gedirdik, indi dənizdə üzməli oluruq və sair. Bunun kontentə, məzmuna nə dəxli var? Bu baxımdan günahı əhalinin, tamaşaçının üzərinə yıxmaq özünə haqq qazandırmaqdan başqa bir şey deyil. Nə üçün bəzi internet kanalları çox yüksək tamaşaçı auditoriyası toplaya bilirlər, amma bunu bəzi rəsmi və ya qeyri-rəsmi kanallar edə bilmirlər? O nöqteyi-nəzərdən, səsləndirilən iddialar hamısı bəhanədir”.
Turan ORUC