İnsanlar arasında dini mövzuda müzakirələrə tez-tez rast gəlirik. Hər bir kəs oxuduğu, öyrəndiyi, bildiyi, eşitdiyi, gördüyü səviyyədə mövqeyini ortaya qoyur, dini kitablardan sitatlar gətirərək, haqlı olduğunu sübut etməyə çalışır. Belə müzakirələr İslam dini, onun müqəddəs kitabı “Qurani-Kərim”, orada əks olunan surələr və ayələr, Allahın rəsulu, möminliyi ilə cəmiyyətə nümunə olan şəxslər ətrafında da aparılmaqdadır. Əgər bu müzakirələr nəticəsində obyektiv baxış ortaya qoyulursa, həqiqət üzə çıxarılırsa, bu, həm fikir mübadiləsi aparan tərəflərin, həm də ümumən cəmiyyətin qazancıdır. Çünki yaradılan düzgün ictimai rəy nəticə etibarilə cəmiyyətə, insanlara və insanlığa xidmət edir. Amma bunun əksinə olaraq, yalnız subyektiv baxışı ortaya qoymaq, qərəzli fikirləri həqiqət kimi qələmə vermək həm müzakirəsi aparılan dinə xələl gətirər, həm də insanlar arasında lazımsız mübahisə və münaqişələrə yol aça bilər.
Qeyd olunanlara daha bir nümunə kimi, düzgün ibadət nəticəsində cənnəti qazanacaq kişi və qadınlara veriləcək mükafata dair bu yaxınlarda sosial şəbəkədə aparılan müzakirələri göstərmək olar. Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov “Facebook” hesabında yazdığı statusda “Qurani-Kərim”də qadın və kişiyə verilən vədlərdən bəhs edib. O, cənnətdə mömin kişilərə mükafat olaraq, daim gənc qalacaq xanımlar veriləcəyinə dair vədi xatırladıb. İslamın müqəddəs kitabına istinad edən N.Ədilov bildirib ki, mömin qadınlara da cənnətdə mükafat olaraq daim gənc qalacaq kişilər veriləcək: “Cənnətdə mömin kişilərə mükafat olaraq daim gənc qalacaq xanımlar vədini hamımız eşitmişik. Bunu “Qurani-Kərim” vəd edir. Bəs mömin qadınlar? Bu barədə bilmirəm molla qardaşlar nə yazıb, nə danışır, amma müqəddəs kitab özü bu məsələni həll edibmiş. Açığı dəfələrlə “Qurani-Kərim”i oxusam da, yalnız indi gördüm. Bəlkə də ona görə ki, müqəddəs kitabı bir qadının gözü ilə oxuyuram indi. Diqqət, “İnsan surəsi” 17-ci ayə: “Əbədi cavan qalan oğlanlar dolanırlar ətraflarına (tərcümədə onları xidmətçi kimi göstəriblər çox yerdə, orijinalda isə xidmətçi yoxdur). Baxanda sanırsan ətrafa səpələnmiş incilərdir bu oğlanlar”.
N.Ədilovun bu statusu sosial şəbəkədə geniş müzakirə, mülahizə və mübahisələrə yol açdığından, mövzu ilə bağlı ekspertlərin də mövqeyini öyrəndik. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Medianews.az-a bildirib ki, istənilən kəs “Qurani-Kərim”in tərcüməsini, onun təfsirini, şərhini edə bilməz. Millət vəkili deyib ki, belə məsələlərdə son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır: “Qurani-Kərim”in tərcüməsini, təfsirini, şərhini verən şəxs dərin biliklərə sahib olmalıdır. Ən azından hansısa ayə yanlış anlaşılanda, onunla bağlı sual yarananda bunu ilk növbədə alimlərdən soruşmaq lazımdır. Biz nəzərə almalıyıq ki, Azərbaycan əhalisinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edir. Onlar İslam dininə etiqad göstərirlər. Bu səbəbdən biz İslamın dəyərlərini, müəqddəsliyini qorumalı, onu ələ salmaqdan da çəkinməliyik. “Qurani-Kərim”i ələ salmaq, onunla zarafat etmək, müqəddəs kitabda yazılanları istədiyi kimi yozmaq qətiyyən yolverilməzdir. Bizim sahib olduğumuz milli-mənəvi dəyərləri, adət-ənənələri formalaşdıran elemntlərdən biri də İslamdır. Məhz buna görə də hər kəs öz şərhində və yanaşmasında son dərəcə ehtiyatlı olmalıdır. “Qurani-Kərim” elm, əxlaq, mənəviyyat kitabıdır. Burada çoxsaylı ayələr var. Təəssüf ki, tarixən müxtəlif məqsəd və niyyətlərlə həm müsəlman dünyasında, həm də qərbdə İslamın gözdən salınması istiqamətində addımlar atılıb. Yaxud kimsə bir ayəni öz istədiyi formada tərcümə edib, özünəməxsus qaydada ona şərh verib. Bu əməl sahibləri qınanmalıdır. “Qurani-Kərim” böyük bir elmdir, mədəniyyətdir, fəlsəfədir, tarixdir. Bu müqəddəs kitabı ayrı-ayrı insanlar, dövlətlər, xalqlar da zaman-zaman şərh ediblər. Amma yanlış yanaşma və şərhləri anlamıram, bunu doğru saymıram. Sanki, bir qrup insanın işi-gücü qurtarıb, oturub “Qurani-Kərim”i şərh etməklə və ya İslamı ələ salmaqla özlərinə məşğuliyyət tapıblar. Belə məsələləri qeyri-ciddi, yanlış və məsuliyyətsiz yanaşma hesab edirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov isə Medianews.az-a açıqlamasında deyib ki, “Qurani-Kərim”də möminlər, yaxşı əməl sahibləri üçün cənnətdə mükafatın olacağından söhbət açılır. Onun sözlərinə görə, bu mükafatlardan biri də hurilərdir: “Qurani-Kərim”də huril-eyn (parlaq gözlü qadınlar) qeyd olunur. Buna dair Peyğəmbər kəlamları da mövcuddur. Lakin “Qurani-Kərim”də xanımlara qılmanların, yaxud oğlanların veriləcəyinə dair heç nə deyilmir. Onu da qeyd etmək yerinə düşər ki, bu barədə “İnsan” surəsinin 17-ci deyil, 19-cu ayəsində bəhs olunur. “İnsan” surəsini diqqətlə oxusaq, görərik ki, burada yaxşı əməl sahibləri ilə Allahı inkar edənlərin müqayisəsindən, onlara axirətdə veriləcək mükafat və cəzadan söhbət gedir. “İnsan” surəsinin bir çox, o cümlədən 19-cu ayəsində yaxşı əməl sahiblərinə cənnətdə veriləcək mükafat təsvir edilir. Sözügedən ayədə möminlərin xidmətində dayanacaq oğlanlar haqqında danışılır. “Qurani-Kərim”də başlıca müraciət obyekti insandır, odur ki axirət mükafatı və cəzası müəyyən edilərkən onun istəkləri, qorxuları nəzərə alınıb. Elə biz də öz aramızda belə hərəkət edirik. Kiməsə, xüsusən də hörmət etdiyimiz, möhtərəm hesab etdiyimiz şəxsi evimizə qonaq çağırır, xidmətində dayanırıq. Yaxud hansısa restorana getdiyimizdə xidmətimizdə dayanan restoran işçilərinin şahidi oluruq. Dediyimiz kimi, “Qurani-Kərim” insan oğlunu nəyəsə təşviq etdikdə, yaxud nədənsə çəkindirdikdə, onun istəklərini, qorxularını, bir sözlə insan psixikasını, necə düşündüyünü, nə istədiyini, nədən qorxduğunu diqqətə alır. Bir sözlə, Müqəddəs mətnlərdə insan oğlunun xoşuna gələn, hərəkət və davranışlarını motivə edən üslub hakimdir. Həmin surədə, eləcə də qeyd olunan ayədə xidmətçilər haqqında söz açılır. Onlar cənnətdə “qonaqlar”a – möminlərə ancaq və ancaq xidmət etmək üçün vardırlar. Əlbəttə ki, biz burada ziyafət xidmətini nəzərdə tuturuq. Ayələrdə də açıq şəkildə deyilir ki, bu oğlanların vəzifəsi cənnətdəki möminlərə yemək-içmək verməkdən ibarətdir”.
İlahiyyatçı E.Məmmədov vurğulayıb ki, bu ayələrdə mömin qadınlara kişilərin verilməsi barədə hər hansı qeyd yoxdur və bu barədə iddialar tamamilə əsassızdır: “Nə üçün mömin kişilərə huri verilir, amma mömin qadınlara buna bənzər nə isə verilmir?” iradına gəlincə, bu, insan təbiətinə, kişi və ya qadın psixikasına, bioloji xüsusiyyətlərinə bələd olmayanların tez-tez dilə gətirdiyi iddiadır. Əvvəla, “Qurani-Kərim” kişilərə həyat yoldaşı olaraq veriləcək qadınlardan söz açır. Şübhə yox ki, qadın da cənnətdə istədiyi kişi ilə evləndiriləcəkdir. Qərəzli zehniyyət sahibləri elə düşünürlər ki, cənnət kişi və qadınların heç nə ilə (nikah, əxlaq) tənzimlənməyən münasibətlərinin baş verəcəyi yerdir. Halbuki, “Qurani-Kərim”in mətnində qadın-kişi münasibətləri həyat yoldaşı kontekstində göstərilir. İkincisi, kişi və qadınların bir-birinə fiziki-bioloji fərdlər kimi baxışı fərqli olduğundan, heç bir qadın, hətta nikah daxilində olsa belə, bir neçə kişinin mülkiyyətçisi, mülkiyyəti olmağa razılıq verməz. Heç kişilər də bir qadının nikahla da olsa öz aralarında bölüşdürülməsinə xoş baxmırlar. Kişi və qadın psixikası, fitrəti bu kimi məsələlərdə nəzərə alınmalıdır. Mükafatlandırmaya gəlincə, şəxs hər hansı bir işi o vaxt daha səmimiyyətlə, həvəslə, bacarıqla görür ki, ortada təşviqedici nə isə olsun. Ümumiyyətlə, həyat mükafat və cəza üzərində qurulub. Mükafat və cəza “Qurani-Kərim”də insan oğlunu təşviq edən stimullar kimi göstərilir”.
Vüqar MƏMMƏDOV
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.