Müşfiq Ələsgərli: “Abzas Media” və “Kanal 13” ətrafında başladılan istintaq işini birmənalı qiymətləndirmək çətindir”
Ələsgər Məmmədli: “Jurnalistlərin həbsinin elan olunan səbəbləri cəmiyyətə inandırıcı gəlmir”
Azərbaycanda son bir ayda altı jurnalist həbs olunub. Ötən ay “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, saytın direktor müavini Məhəmməd Kekalov saxlanılıblar. Hər üç şəxs qaçaqmalçılıq ittihamı ilə həbs edilib. “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova isə dekabrın 1-də həbs olunub. Xətai Rayon Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Bunlarla yanaşı, ötən ay “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də isə “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Xətai Rayon Məhkəməsi R.Muradlı barəsində 30 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.
Təxminən bir ay müddətində altı jurnalistin həbs olunması cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Medianews.az-a açıqlamasında “Abzas Media” və “Kanal 13” redaksiyalarında çalışan altı nəfər şəxsin qısa zaman kəsiyində saxlanılaraq istintaqa cəlb edilməsinin xoş olmayan mənzərə yaratdığını dilə gətirib. Onun sözlərinə görə, istənilən halda kiminsə məhbəsə salınması ağır məsələdir və təəssüf hissi yaradır. Media eksperti arzu edib ki, jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmasın və saxlanılan şəxslər azadlığa çıxsınlar.
M.Ələsgərli “Abzas Media” və “Kanal 13” ətrafında baş verən hadisələri birmənalı şəkildə dəyərləndirməyin də çətin olduğunu vurğulayıb. Qeyd edib ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının indiki halda müdafiə prosesinə tam qoşula bilməmələri də bu amillə bağlıdır: “Problem ondadır ki, Azərbaycan hüquq-mühafizə orqanlarının “Abzas Media” və “Kanal 13”ün rəhbərləri ətrafında başlatdıqları istintaq prosesi özlüyündə media hadisəsi deyil. Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqovanın açıqlamalarından belə görünür ki, o, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, yəni qaçaqmalçılıq işində şübhəli bilinir. Qaçaqmalçılıq da heç bir halda media hadisəsi sayılmır. Yaxud, “Kanal-13”ün rəhbəri Əziz Orucov sənədsiz tikililər mövzusu üzrə təqsirli bilinir. Bunlar elə mövzulardır ki, hansısa jurnalist təşkilatının müdaxilə etməsi, öncədən fikir söyləməsi çətindir”.
Media eksperti bildirib ki, şübhəli faktın təsdiqini tapıb-tapmayacağı barədə qəti rəy bildirmək indiki məqamda imkansızdır. Onun fikrincə, belə olan halda istintaqın son rəyini gözləmək lazımdır: “İstisna etmək olmur ki, istintaq orqanları isbatlanmış bir faktı açıqlaya bilərlər. Yaxud bəlkə də irəli sürülən faktlar öz təsdiqini tapmayacaq, Ülvi Həsənli, Sevinc Vaqifqızı və digərləri sərbəst buraxılacaqlar. Jurnalist təşkilatları istintaq qurumu deyillər. Qeyd olunan faktları təsdiqləmək və ya inkar etmək üçün mexanizmə malik deyillər. Bu baxımdan saxlanılmış şəxslərin ifadə vermələrini gözləyirlər. Fikrimcə, jurnalist təşkilatının görə biləcəyi ən yaxşı iş məsələni diqqətdə saxlamaq, problemlər olarsa ictimailəşdirmək, həmçinin, istintaq prosesinin ədalətli keçirilməsini tələb etməkdir. Əgər istintaq prosesində şəxslərə qarşı təzyiq olarsa, ittihamı zorla boynuna qoymağa məcbur edilərsə, təbii ki, etiraz da olacaq. İndiki halda bunun əlamətləri görünmür”.
Media eksperti bu həbslər barədə ictimailəşən məlumatlara da diqqət çəkib. Bildirib ki, “Abzas Media”nın rəhbərlərinin ABŞ “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi”, “Amerika Beynəlxalq Təhsil Şurası”, “People in Need” (PİN), “Norveç Helsinki Komitəsi” və digər 10-larla təşkilatdan qrant vəsaitləri alması, amma həmin qrant vəsaitlərini rəsmi qeydiyyatdan keçirmələri qeyd olunub: “Qrant haqqında qanun”a əsasən, istənilən qurum aldığı qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir. “Abzas Media”nın həmin qrant vəsaitlərini alıb-almadığını, qeydiyyatdan keçirib-keçirmədiyini təsdiqləmək üçün əlimizdə fakt yoxdur. Amma problem bununla da yekunlaşmır. Belə görünür ki, “Abzas Media” və “Kanal-13” KİV subyekti qismində “Media haqqında qanun”un tələblərinə də əməl etməyiblər. Media Reyestrindən keçməyiblər. Kimsə deyə bilər ki, “Abzas Media” “Media haqqında qanun”u qəbul etmir. Bu, mümkün haldır. “Media haqqında qanun”u bəyənməyən, onun prinsipləri ilə razılaşmayan başqa şəxslər də vardır. Amma bu, qanundan kənar fəaliyyət üçün əsas vermir. Məsələn, “Turan” İnformasiya Agentliyinin rəhbərliyinin də “Media haqqında qanun”a münasibəti neqativdir. Amma mövcud qanun qüvvədə olduğu üçün Media Reyestrində də qeydiyyatdan keçib. Fəaliyyətini mövcud qanunlara müvafiq qurub. “Abzas Media” və “Kanal-13” nə üçün Media Reyestrində qeydə düşüb fəaliyyətlərini qanuniləşdirməyib? Bu sualların cavabları mühümdür”.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də Medianews.az-a açıqlamasında jurnalistlərin həbsini çox üzücü bir hal kimi qiymətləndirib və bu həbslərin elan olunan səbəblərinin cəmiyyətə inandırıcı gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, jurnalistlərə yönəlik həbslər baş verdiyi zaman hər kəs bilir ki, ilk növbədə onlar cəmiyyətin diqqət mərkəzinə düşdükləri üçün, peşə fəaliyyətləri ilə əlaqədar belə münasibətlə qarşılaşırlar: “Abzas Media”nın təqib olunması arasında onların araşdırma istiqamətində xeyli materiallar hazırlamalarıdır. Bunu həmin jurnalistlərin özləri də iddia edirdilər. Böyük ehtimalla bu, gerçəkdir. Çünki Azərbaycan qanunvericiliyinə görə, hər bir kəs bəyan etmədən ölkəyə on min dollara qədər vəsait gətirə bilər. “Abzas Media”dan dörd nəfəri həbs ediblər və bu media qurumunun ofisindən də toplam 40 min pul götürüblər. O məbləği dörd nəfər arasında bölsək, görərik ki, əslində hər bir adama qanunla icazə verilən məbləğ düşür. Digər tərəfdən, bunu gömrük orqanları aşkar etməyib. Bu faktın özü də məsələnin ciddiliyini şübhə altına alır. Əgər söhbət qaçaqmalçılıqdan gedirsə, mahiyyət etibarilə ilk növbədə bunu gömrük orqanları sübut etməliydi. Daha doğrusu, həmin vətəndaşlar gömrük nəzarətindən keçərkən suç üstündə, yəni fakt üzrə yaxalanmalıydılar. Amma baş verən hadisə onu sübut edir ki, bütün bunlar kifayət qədər qurama, sonradan təşkil olunmuş bir işdir. Ona görə də bu məsələ çox ciddi şəkildə jurnalistin peşə fəaliyyətinə yönəlik məhdudlaşdırılma kimi qiymətləndirilə bilər”.
Media eksperti Ə.Məmmədli jurnalist Əziz Orucovun həbs olunma səbəbinə də diqqət çəkib. Bildirib ki, “Kanal 13” Azərbaycanın ilk internet televiziyalarından biridir və informasiya resursu olaraq onun “YouTube” üzərində 1 milyon 600 mindən çox abunəçisi var. Ekspertin qənaətincə, internet üzərindən belə bir böyük resursu olan televiziyanın rəhbəri uydurma ittihamla həbs olunursa, deməli məsələnin kökündə qanunsuz ev tikmək dayanmır: “Biz bilirik ki, Azərbaycanda 500 mindən çox qanunsuz tikililər, evlər var. Bu gerçəklik rəsmi şəkildə də qəbul olunb. Həmin qanunsuz tikililərin legetimləşdirilməsi istiqamətində müvafiq addımların atılması üçün rəsmi qərarlar da mövcuddur. Əgər “Kanal 13”ün rəhbərinin əməli cinayətdirsə, o zaman 500 mindən çox qanunsuz tikilinin sakinləri də həbs olunmalıdır. Hər qanunsuz tikilinin ən azı bir nəfərə mənsub olduğunu nəzərə alsaq, bu, 500 mindən çox insanın, ümumilikdə isə ölkə əhalisinin beş faizinin həbs olunması deməkdir. Bu aspektdən yanaşsaq, Əziz Orucovun həbsi ciddi suallar doğurur. Nəyə görə 500 mindən çox insanın içində məhz “Kanal 13”ün rəhbəri seçilib, həbsə atılıb? Bütün bunlar Əziz Orucovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqədar olmasına dair qənaət formalaşdırır. Onun həbsindən sonra kanalın internet üzərindəki resursuna müdaxilə olundu, oradan bir neçə video silindi. Bunun ardınca “Kanal 13” əməkdaşları önləyici tədbirlər gördü və təhlükəsizlik tədbirləri gücləndirildi”.
Ə.Məmmədli qeyd edib ki, Ə.Orucovun həbsinə etiraz edən, bu hadisəni ictimai müzakirəyə çıxaran şəxslərdən biri də internet televiziyanın aparıcısı Rüfət Muradlı olub. Ekspertin fikrincə, R.Muradlının bu addımlarına cavab olaraq, o da süni ittihamlarla həbs olunub: “Bu faktın özü də sübut edir ki, kimlərisə jurnalistlərin fəaliyyəti narahat edir. Rüfət Muradlı mədəni insandır, işinin peşəkarı olan jurnalistdir, ali təhsilli hüquqşünasdır. İndiyə qədər kimsə onun kobud, qaba hərəkətini müşahidə etməyib. Dostları ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət edib qayıtdıqdan sonra o, guya polisin qanuni tələbinə əməl etməyib və bu əsasda həbs olunub. Ən ciddi problemlərdən biri də budur ki, həmin inzibati sanksiyaya görə 200 manat cərimə də var. İstisna hallarda, müvafiq qanunun pozulma dərəcəsi nəzərə alınaraq bir aya qədər həbs cəzası tətbiq oluna bilər. Hökm çıxaran hakim və “əmrləri pozulan” polislər belə hesab ediblər ki, Rüfət Muradlı kimi ziyalı, partiya sədrinin müavini, jurnalist, aparıcı əgər hər hansı qaydanı pozubsa, residivist kimi qanunun yol verdiyi ən ağır cəza ilə cəzalandırılmalıdır. Bu da açıq şəkildə göstərir ki, burada qərəz var. Baş verən həbslərin heç biri ölkədə media və ifadə azadlığına xidmət etmir, əksinə, ölkənin beynəlxalq imicinə ciddi xələl gətirir”.
Hüquqşünas Ə.Məmmədli söyləyib ki, Azərbaycan həm öz Konstitusiyası, həm də qoşulduğu beynəlxalq insan hüquqları konvensiyası ilə birmənalı olaraq media, ifadə azadlıqlarının toxunulmaz olduğunu, eyni zamanda məhdudlaşdırılmayacağını qəbul edib. Onun sözlərinə görə, buna müdaxilə yalnız legitim şərtlərdə mümkündür: “İndi baş verənlərin heç biri legitim səbəb deyil, hüquqi baxımdan əsaslandırılması qeyri-mümkündür. Baş verənlərin heç biri demokratik cəmiyyətdə zərurilik daşımır. Jurnalistin işi tənqid etmək, yanlışları göstərmək olmalıdır. Jurnalist sadəcə tərif deyəndə jurnalist olmur, əksinə, cəmiyyəti bilgiləndirəndə, dövlətin və idarəetmə strukturlarının fəaliyyətinə nəzarət həyata keçirəndə jurnalist olur. Ola bilər ki, cəmiyyəti bilgiləndirmək, ictimai nəzarət həyata keçirmək kimlərisə narahat etsin, amma bu, jurnalistikanın tələbidir, jurnalistin işidir. Əgər jurnalist nəyisə yalan deyirsə, dezinformasiya yayırsa, buyurun verin məhkəməyə, onun yalanını sübut edin, buna görə də tədbir görün. Lakin qaçaqmalçılıq, qanunsuz ev tikmək, polisi söymək kimi gülünc iddialarla jurnalistin fəaliyyətini dayandırmaq doğru yanaşma deyil və bu ittihamlar heç kimə, hətta bunu irəli sürənlərə də inandırıcı gəlmir. Cəmiyyətdə kimsəni buna inandırmaq mümkün deyil. Mən təəssüf edirəm ki, Azərbaycanda bu baş verir. Fikrimcə ən qısa müddətdə bu yanlış yoldan geri dönüləcək, adları çəkilən şəxslər azad olunacaqlar. Çünki zəruriliyi, legitim əsası olmayan müdaxilələrə yol verənlərin Azərbaycanın milli maraqlarına xidmət etmədiyi ortadadır. Belə şəxslərin məsuliyyətə cəlb olunması yaxşı hal olardı”.
Ərtürk İSMAYIL