2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ili kimi qeyd olunur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli, siyasi və tarixi şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.
Ulu Öndərin Prezident olduğu dönəmdən qurulan bu möhkəm bağ bu gün də sarsılmaz, daha möhkəm təməllər üzərində davam edir.
Mövzu ilə bağlı türkiyəli general Yücel Karauz fikirlərini Medianews.az-a bölüşdü. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir:
“Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsində, “Şuşa bəyannaməsi” ilə tarixin ən yüksək nöqtəsinə çatmasının təməllərini qoyan ümummilli liderdir. İlk olaraq Naxçıvandaikən Türkiyə ilə olan əlaqələrin saxlanılmasında, “Ümid” körpüsünün açılmasında, həmçinin Bakıya qayıtdıqdan sonrakı fəaliyyəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin başlanğıcında dostluq, müttəfiqlik və qardaşlığın əsas bünövrəsini qoymuşdur.
Ümummilli Liderin, təbii ki, bir çox xidmətləri var, bunların hamısının adının çəkilməsinə ehtiyac yoxdur. Məncə, ən önəmli məqamlardan biri Türkiyənin lideri Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan səfirliyinin açılışında “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deməsidir. Həmçinin, Ümummilli lider Heydər Əliyevin Bakıya qayıtdıqdan sonra bu gün Türkiyə-Azərbaycan qardaşlığının ən təməli hesab olunan “Biz bir millət, iki dövlətik” sözüdür.
Məncə, bu söz söylənilən tarix etibarı ilə bu günə qədər, həmçinin bundan sonra da tarix durduqca, dövlətlərimiz durduqca qüvvədə qalacaq. O dövrə yeni müstəqillik qazanan dövlətin liderinin bu sözü deməsi çox anlamlıdır. Təbii ki, digər türk cümhuriyyətləri ilə də münasibətlərin müsbət olması bu gün “Bir millət, yeddi dövlət”ə çevrilən Türk Dövlətləri Təşkilatında fəaliyyət üçün bir başlanğıc nöqtəsi olmuşdur”.
General qeyd etdi ki, Ümummilli Liderin Türkiyə-Azərbaycan münasibətlərində adı çəkiləcək ən önəmli fəaliyyətlərindən birisi “Əsrin müqaviləsi”nin imzalanması, “Bakı – Tbilisi – Ceyhan” boru xəttinin açılmasıdır:
“Bu hadisələr olmasaydı, vəziyyət başqa istiqamətdə gedə bilərdi. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin “Əsrin müqaviləsin”ndə Türkiyəyə pay verməsi Türkiyə-Azərbaycan siyasi, iqtisadi münasibətlərinə təsir edən ən önəmli amillərdən biridir.
Ümummilli Liderin bu münasibətlərə müsbət təsir edən fəaliyyətlərdən biri də ordu quruculuğuna verdiyi önəmdir. Türk zabitlərinin Azərbaycan Ordusuna verdiyi hərbi təlimlərin də Vətən müharibəsində zəfərdə müstəsna rolu olub. Ordu quruculuğunda da Heydər Əliyevin uzaqgörənliyi, Azərbaycan hərbi məktəblərini Türkiyə ordu modelində və türklərin iştirakı ilə qurması bugünkü Azərbaycan ordu quruculuğunun təməli olmuşdur. Azərbaycan hərbi məktəbinin qurulması bu gün ordu quruculuğunun anlamında önəmli fəaliyyətdir. Bu və buna bənzər fəaliyyətlər 1990-cı ilin fevral ayında Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi”nə gətirib çıxarmışdır. “Şuşa bəyannaməsi”nə gedən yolda Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının təməlini Ümummilli Lider həm siyasi, həm hərbi, həm iqtisadi tərəfdən qurmuşdu.
Ümummilli Liderin “Biz bir millət, iki dövlətik” sözü Cənab Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan haradadırsa, Türkiyə ordadır, Türkiyə haradadırsa, Azərbaycan ordadır” ifadəsinin sələfidir. Cənab Prezident, Ali Baş Komandan da bu münasibətləri, atasından alıdığı miras kimi davam etdirərək uğurlu bir şəkildə tarixin ən üst nöqtəsinə çatdırmışdır. Ümummilli Liderin 100 illiyi ilə bağlı onun xatirəsini ən dərin sayğı və ehtiramla anıram”.
Xəyalə Rəis
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” mövzusunda hazırlanıb.