Qəzzada yerləşən “Əl Şəfa” xəstəxanasında vaxtından əvvəl doğulan körpələr ciddi təhlükə altındadır.
Medianews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, yeni doğulan körpələr İsrail tankları tərəfindən mühasirəyə alınan, elektrik, su, qida, dərman və avadanlıqdan məhrum olan xəstəxanada yorğun həkimlərin nəzarəti altındadır.
Həkimlərdən biri agentliyə açıqlamasında bildirib ki, dünən xəstəxanada vaxtında əvvəl doğulan 39 körpə olub, daha sonra onlardan 3-ü dünyasını dəyişib.
“Onların nə qədər davam edə biləcəyini deyə bilmərəm. Bu gün və ya bir saat sonra daha iki körpə itirə bilərəm”, – xəstəxananın pediatriya şöbəsinin müdiri qeyd edib.
Körpələrin hər birinin çəkisi 1,5 kq-dan az, bəzi hallarda isə cəmi 700 və ya 800 qramdır. Xəstəxana elektrik enerjisindən məhrum olduğu üçün körpələrin olduğu palatada infeksiyaya qarşı mübarizə tədbirləri çox zəifdir. Artıq körpələrin süd və butulka əmziklərini tələb olunan standartlara uyğun sterilizasiya etməyin heç bir yolu yoxdur.
Son həftələr İsrail xəstəxananın altında HƏMAS-a məxsus komandanlıq mərkəzləri və tunellərin olduğunu bildirib və xəbərdarlıq edib. HƏMAS, yerli səhiyyə orqanları və “Əl Şəfa” xəstəxanasının direktorları silahlı qruplaşmanın kompleksin içərisində və ya altındakı hərbi infrastrukturu gizlətdiyini inkar edib və beynəlxalq yoxlama aparılmasının tərəfarı olduqlarını bildiriblər.
360 kvadrat kilometrlik kompleks Qəzza zolağında yerləşən ən böyük xəstəxanadır. Qəzza şəhərinin kiçik balıqçılıq limanından bir neçə yüz metr məsafədə yerləşən xəstəxana geniş binalar və həyətyanı kompleksdən ibarətdir. Xəstəxana 1946-cı ildə Britaniya mandatlığı dövründə, İngiltərənin Fələstindən çıxmasından iki il əvvəl tikilib. Daha sonra 20 il Misir hakimiyyətinin nəzarətində olub.