Bir çox hallarda iri supermarketlərdə xoşagəlməz hallarla rastlaşırıq. Belə ki, bir məhsulun qiyməti piştaxtada ayrı, kassada isə tamam fərqli olur. Alıcılar deyir ki, kassada qoyulan qiymət heç vaxt piştaxtada olan qiymətdən aşağı olmur, ancaq baha olması halı ilə rastlaşırıq. Fikirli olan və ya evinə daha çox alış-veriş edən alıcı bu qiymət fərqinə fikir vermədiyindən artıq aldadılmış olur. Bəs bu cür hallarla qarşılaşmamaq üçün istehlakçı nələrə diqqət etməlidir? Belə olduğu halda həmin marketləri hansı cəza gözləyir?
İqtisadçı ekspert Pərviz Heydərov qeyd etdi ki, bizdə pərakəndə satış şəbəkəsində qiymətlərin formalaşması amilləri öz funksiyasını dəqiq və dolğun olaraq yerinə yetirə bilmir:
“Hər bir satılan məhsulun qiyməti onun istehsal, yəni maya dəyəri, daşınma xərcləri, üzərində satış şəbəkəsində gələn ticarət əlavəsi ilə formalaşır. Hansı ki, ticarət əlavəsi də sonda öz sözünü deyir. Bu zaman vahid satış şəbəkəsində meydana gəlir. Lakin bizdə bəzən iri supermarketlərdə bu və digər məhsulların qiymətləri ilə bağlı endirim elan olunur. Sözdə kampaniya keçirilir. Çox qəribədir ki, bunlar ərzaq məhsulları üzrə müşahidə olunur. Yüngül yeyinti və yüngül sənayeyə aid məhsullarda müşahidə olunur. Məsələyə iqtisadi baxımdan yanaşanda sual yaranır ki, bu məhsulun istehsal xərcləri nə qədər olub ki, birdən 50-70% endirim olub. Bu onu göstərir ki, əslində pərakəndə satış şəbəkələrində təklif olunan malların əksəriyyəti, üzdə olanların qiymətləri qeyri-real əsaslarda formalaşır. Müvafiq iqtisadi qanunların təsiri nəticəsində yaranmır.
Bir məhsulun təklifi, ona olan tələbi ödəyə bilmirsə həmin məhsul üzrə qiymətlər mövcüd tələbə uyğun olaraq qeyd etdiyim amillərdən bir az çox uzaqlaşır.
Lakin bir məsələ də var ki, bugün Azərbaycanda ticarət şəbəkəsi o qədər geniş inkişaf etmişdir ki, bu şəbəkələrdə təklif olunan məhsullar o qədər geniş çeşidli xarakter daşıyır ki, biz hansısa məhsul üzrə tələbin ödənilmədiyi barədə danışa bilmərik”.
P.Heydərovun sözlərinə görə, iri marketlərdən tutmuş xırda satış məntəqələrinə qədər, bütün ticarət yerlərində təklif olunan yüngül sənaye və digər məhsullar üzrə tələbat mallarının qiymətlərində onların həqiqi maya dəyərindən daşınma və ticarət əlavəsindən başqa çoxlu kənarlaşma var. Yəni qiymətlərin şişidirilməsi var: “Nə piştaxtalarda müəyyən olunan qiymətlər qanuna uyğun xarakter daşıyır, nə də həmin qiymətlərin endirimdə olan reklamları qanunauyğundur. Endirim bu və digər məhsullar üzrə ola bilər və olmalıdır. Lakin bunun həddən artıq çox təşkil olunması 30-40%dən çox yuxarı rəqəmi əhatə etməsi və hətta bəzən 70% civarında təşkil olunması bəyan olunması, bir daha onu göstərir ki, həmin qiymətlərin əzəldən qeyd olunan rəqəmi formal xarakter daşıyır. Bu həmin həmin məhsulun real dəyəri daşınma və ticarət xərclərdən çox yüksəkdə dayanır. Ona görə də, problemin kökü birinci növbədə qiymətlərin formalaşması amillərində axtarmaq lazımdır. Bizdə bir çox məhsul qiymətləri real dəyəri ifadə etmir. Həmçinin bu qiymətlər müvafiq iqtisadi qanunlar çərçivəsində deyil, daha çox qeyri-real formada təzahür edir”.
Vəkil Rəşad Əliyev isə bildirdi ki, satışda olan malın üzərində onun adı, növü və qiyməti göstərilməli, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır:
“Bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən tənzimlənir. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, satıcı alıcını maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə ona düzgün məlumat verməlidir. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır”
R.Əliyev deyir ki, bu hala yol verilməsinə görə İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati məsuliyyət tədbiri nəzərdə tutulub və Məcəllənin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-6000 manat inzibati qaydada cərimə edilir. Az miqdarda aldadılma dedikdə 300 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 300 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır.
Hüquqşünas qeyd etdi ki, bu kimi hallarla rastlaşan şəxslər mağazadan vitrindəki qiymətlə ödəməyi tələb edə bilərlər: “Həmçinin bu və ya digər formada hüquqları pozulan vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, hüquqlarının bərpasına nail ola bilərlər”.
Xəyalə Rəis
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.