“Təəssüf ki, hələ ki kəndimizi də, rayonumuzu da görə bilməmişəm. Qəlbindəki həsrəti Füzulidən uzaqda qeyd edən onminlərlə füzulili kimi o müqəddəs torpaqlara ayağımın dəyəcəyi günü səbirsizliklə gözləyirəm”
Bu sözləri tanınmış jurnalist Sülhiyyə Şirinova hər dəfə söhbətimizdə qeyd edirdi.
Deyirdi ki, indi Füzuliyə getsəm, səmti tutub taparam atamın qəbrini, dağılmış olsa da, yerini taparam. Tapdı… Bu gün o öz torpağına doğru yol aldı. Gözləri dolaraq mənim o məzara çox ehtiyacım var deyirdi:
“30 ildir mən atamı bir ürəkdən ağlaya bilməmişəm, hönkürtüm həmişə boğazımda düyünlənib, çıxmayıb çölə. Atam üçün tökə bilmədiyim göz yaşı, deyə bilmədiyim ağılar qat-qat ərp tutub ürəyimdə. O ərp ancaq o məzarın üstündə təmizlənə bilər. Mənim o kəndə getməm lazım, mənim o məzarı tapmam lazım”.
Sülhiyyə Şirinova hər dəfə atası ilə bağlı danışarkən bu misraları dilə gətirirdi. İndi o Füzulidə atasının məzarı başındadır:
“ Çox qarışıq duyğular içindəyəm. Kəndimiz işğaldan azad olunandan bu günü gözləyirdim. Hər dəfə hardasa dağılmış qəbirləri görəndə… Kənd sakinlərimiz kəndimizə gəlir videolar paylaşırdılar. O zaman görürdük ki, evlər, qəbirlər tamamilə darmadağındır. Mina təhlükəsi məsələsi də vardı.
Biz də bacılarımla müraciət etdik, müraciətimizi qəbul etdilər. Hər vəziyyətə hazır idik. Tapmaya bilərdik, dağılmış görə bilərdik, yol boyu bir-birimizi təsəlli edərək gəldik.
Atam şəhid olduğu üçün onun qəbri son qəbirlərdən idi. Təxminən bilirdik ki, qəbirsanlığın aşağı hissəsindədir. Amma qəbirstanlıq o qədər tikanlı kollar basıb ki, çətinliklə girdik. Təsəvvür edin ki, qəbirlərin baş daşları, sinə daşı yoxdur. Yanındakı ən köhnə qəbirlər vasitəsi ilə atamın qəbrini tapdıq. Atamın qəbrini üstü, böyrü deşilib. Atam yaralı olduğu üçün tabutda basdrılmışdı. Düşmən qəbrin bir böyrünü deşərək ağzından qızıl dişlərini çıxarıb.
Şükür bu günə. Atam hər zaman bizim qəlbimizdə idi. 30 ildir deyirdik ki, kaş bir daş ola oturaq başında ağlayaq. Biz onun məzarını qəlbimizə gönmüşdük. Atamın qəbrini deşilmiş görsək də yenə də içimizdə sevinc var. Bilirəm ki, çox yerdə məzarlıqlar məhv edilib. İnanıram ki, ruhun şaddır, ata! Cismin kimi qəbrin də darmadağın olsa da, bu darmadağın məzarına qovuşdurana şükür”.
Medianews.az