Bugünün uşaqlarının sağlam böyüməsi, təhsili və yaşam standartlarının yüksək olması gələcəyimizin ən böyük sığortalarından biridir.
2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib.
Bu barədə Medianews.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirir ki, bu xidmətin fəaliyyətindən çox az insan məlumatlıdır:
“Bütün valideynlərin uşaqlarının təhlükəsiz şəraitdə yaşamağını və təhsil almağını istəyir. Bu istək hər kəsin ən təbii haqqıdır. Digər vətəndaşlar kimi, şagirdlərin də başına hər hansı bir iş gəldiyi təqdirdə polisə müraciət edib, bütün məsuliyyəti polis orqanlarına yükləyirik. Lakin bu doğru deyil.
Ölkəmizdəki bütün müdafiə strukturlarının da ayrıca qaynar xətti mövcuddur və hər kəs bundan məlumatlıdır. Şagirdlər üçün dərsliklərdə təcili tibbi yardım, polis və FHN kimi qaynar xətlərin nömrələri qeyd olunub. Həmçinin də, “Uşaq Qaynar Xətti” adlı xidmət var. Bu layihə bir müddət öncə fəaliyyətə başlayıb. Lakin təqdimatı aparılmadığı üçün nəinki şagirdlərin, əksər insanların belə bir sistemin olmasından xəbəri yoxdur. Bu haqda heç bir yerdə məlumat yoxdur.
Düşünürəm ki, hər il məktəblər üçün çap edilən dərsliklərdə, hətta şagird formalarında qaynat xəttin nömrəsi qeyd olunmalı və həm şagirdlər, həm də valideynlər bu xidmətdən məlumatlı olmalıdırlar.
Həmçinin bu xidmət barədə cəmiyyətə ümumi məlumat verilməlidir. “Uşaq Qaynar Xətti” hansı istiqamətlərdə və necə fəaliyyət göstərir? Hər hansı bir şagird bu xidmətə müraciət etdikdə ona necə yardım edilir. Şagirdlərin problemlərinin həll olunması üçün kimlər bu işdə iştirak edir? Ümumiyyətlə bu barədə statistika təqdim olunmalıdır ki, qaynar xəttə gün ərzində nə qədər müraciət daxil olur? Bütün bu sualların cavabını yalnız bu layihəni həyata keçirən şəxslər əhaliyə təqdim etməlidirlər”.
“Uşaq Qaynar Xətti” barədə olan suallarla əlaqədar Medianews.az-ın sorğusuna Elm və Təhsil Nazirliyindən cavab verildi ki, hazırda bu layihə fəaliyyət göstərmir.
Bu barədə danışan təhsil eksperti Kamran Əsədov bildirir ki, ölkəmizdə sözügedən istiqamət üzrə xidmətlər ürəkaçan deyil:
“Şagirdlərin təhsil aldığı dövr fiziki, psixioloji və emosional inkişaf dövrünə təsadüf edir. Onlar bir çox hallarda əldə etdikləri informasiyaların nə dərəcədə təhlükəli olduğunu anlamırlar. Bəzən onlar təzyiqə məruz qalırlar, ailələrində baş verən mənfi hadisələr, gərgin vəziyyətlər zamanı nə edəcəklərini, davranış qaydalarını bilmirlər. Təəssüflər olsun ki, bu və ya digər hallarda şagirdlər arasında intihar, özünə xəsarət yetirmə halları ilə üzləşə bilirik. Yaxud da onlar ailələrindəki psixoloji gərginliyi ətraflarındakı şagirdlərə, dost və həmyaşıdlarına qarşı tətbiq edirlər. Bu tip böhran hallarının idarə olunması üçün məktəb psixoloqlarının fəaliyyəti çox zaman yetərli olmur. Buna bir çox amillər səbəb olur. Şagirdlərin çoxluğu və psixoloqların yetərli sayda olmaması, uşaq birliyinin rəhbərlərinin təcrübələrinin az olması, yaxud heç olmaması da bu səbəblərə misal gətirilə bilər. Buna görə də, şagirdlərə dəstək olan çağrı mərkəzlərinin mövcudluğu zəruridir. Həmin layihə təkcə psixoloji dəstək üçün yox, eyni zamanda onların təzyiqə, cinsi,psixoloji və fiziki qısmama hallarına məruz qaldığı təqdirdə onlara yardım edilməsi üçün vacibdir. Lakin hazırda belə bir layihə və xidmətlər fəaliyyət göstərmir. Bu istiqamət üzrə hazırda ölkədə çatışmazlıqlar mövcuddur. Doğrudur, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin müəyyən psixoloji xidmətləri göstərən çağrı mərkəzləri var. Ancaq bu yetərli deyil. Həmçinin şagirdlərimiz bu mərkəzlərdən məlumatlı deyillər.
Mütləqdir ki, şagirdlər üçün həmin çağrı mərkəzlərinin fəaliyyəti bərpa olunsun. Eyni zamanda, bu yanaşmaların tətbiq olunması üçün məktəblərdə həmin mövzularda təlimlər keçmək lazımdır. Şagirdlər böhran vəziyyətlərində nə etmək lazım olduğunu bu şəkildə öyrənə bilərlər”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.