Hər zaman ailə dəyərlərinin üstün olduğu Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Bəs boşanmaların kökündə nə durur? Ailə dəyərlərinə münasibətmi dəyişib? Bəs səbəb nədir: yanlış stereotiplərin təsiri, ailədaxili münasibətlərin düzgün qurulmaması, yoxsa cütlüklər arasında psixoloji uyğunluğun olmaması?..
Mövzuyla bağlı Medianews.az-ın suallarını sosioloq Üzeyir Şərifov cavablandırıb.
-Üzeyir müəllim, bu gün azad, müstəqil cəmiyyətdə yaşayırıq. Bu bizim ailə dəyərlərimizə necə təsir göstərir?
-Bu gün ailə strukturunda qlobal dəyişikliklər baş verir. Hazırda bu proses bütün dünyada özünü göstərməkdədir. Lakin Azərbaycanda bu tendensiya “qum şəklindədir”. Uzun müddət Azərbaycan qapalı mühitdə yaşayıb. 30 ildir ki, azad, müstəqil cəmiyyətdə yaşayırıq. Bu gün başqa ölkələrlə əlaqələr möhkəmlənir, gediş-gəliş artır və ona görə də həm informasiya mübadiləsi, həm mədəniyyətlərin, həm də dünyagörüşlərin dialoqu gedir. Eyni zamanda, bu proses film və seriallar vasitəsi ilə də baş verir. Digər ölkələrin filmləri ölkəmizdə yayımlanır, bu da istər-istəməz öz təsirini göstərir. Sovet dönəmində xarici dəyərlər aşağılanırdı, tənqid olunurdu. Amma indi bu belə deyil. Bu gün digər ölkələrin adətləri bizə daha maraqlı gəlir. Ona görə də çalışırıq ki, həmin ənənələri öz həyatımızda tətbiq edək. Bu da ailə dəyərlərinə və fəlsəfəsinə təsir edir.
-Azərbaycan qadınları bu gün daha aktivdirlər. İqtisadi baxımdan həyat yoldaşından asılılıq azaldıqca bu, münasibətlərə təsir edirmi?
“Qadınlar ərin diqtəsi ilə yox, sərbəst yaşamaq istəyirlər”
-Azərbaycan tarixən ənənəvi cəmiyyət olub. Bu cəmiyyətdə isə söz sahibi kişilər idi. Cəmiyyətin də ən çox işləyən təbəqəsi kişilər idi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınların da məşğulluq fəaliyyəti artdı, işçil əhali kimi formalaşmağa başladı. Belə olduğu təqdirdə, kişidən iqtisadi asılılıq azaldıqca, qadınlar əvvəlki qaydalarla yaşamaq istəmədilər. Buna görə də, bu gün qadınlar kişilərin təpkilərinə, basqılarına, zorakılığına boyun əymək istəmirlər. Yəni qadınlar ərin diqtəsi ilə yox, daha sərbəst yaşamaq istəyirlər. Düşünürlər ki, iqtisadi cəhətdən kişidən asılı deyillər, daha özgür ola bilərlər. Niyə kişinin dominantlığı altında yaşasınlar?
Bu gün qadınlar daha çox iqtisadi məşğulluq əldə etdikdən sonra azad yaşamağa üstünlük verirlər.
-Gender bərabərliyi məsələsinə münasibətiniz?
-Əvvələr belə bir baxış var idi: “kişinin qulluğunda duran qadınlar”. Bu deyim indi nadirən işlənir. İndi bərabərhüquqlu ailə münasibətləri daha çox üstünlük təşkil edir. Bəzən ailələrdə məişət söhbətləri gedir. Qadın həyat yoldaşına deyir: “Bir gün qabı mən yuyum, bir gün sən”. Biz bunu əvvəl xarici filmlərdə görürdük. Qəribə baxırdıq ki, kişi də qab yuyar, paltar yuyar? Get-gedə qınaqlar belə adiləşir.
Belə desək, bu gün feminist hərəkat fonunda “gender bərabərliyi” adında bir tendensiya var.
-Bəzən deyilir ki, İslam dinində qadına dəyər verilmir. Sizcə, bu belədirmi?
-Əslində, Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, qadına qarşı sayqı həmişə olub. Həm mənəvi , həm də dini dəyərlərimizdə qadına hörmət hər zaman təbliğ olunub. Həzrəti Məhəmməd peyğəmbərimizdən bu yana qadınlara xüsusi dəyər verilib. Çünki qadın böyük qüvvədir. Hətta bir çox müharibələrdə qadınlar kişilərlə çiyin-çiyinə vuruşaraq tarix yazıblar.
-Bu gün boşanmaların sayı artır. Sanki boşanma adi hala çevrilib. Səbəb nədir?
“Bu gün köhnə fikirlər yox olur, yeni fikirlər formalaşır”
-Əvvəllər valideynlər qız övladlarına deyirdilər: “Gedə bilərsən, amma qayıda bilməzsən”. İndi isə dəyərlər, fikirlər dəyişib. Kişilər boşanmaya olduqca həssas yanaşırdısa, indi çox rahatlıqla həyat yoldaşından ayrıla bilirlər. Bu gün köhnə fikirlər yox olur, yeni fikirlər formalaşır. Sanki hər şey indi daha adiləşib. Çox təəssüf ki, bu gün boşanmaların sayı olduqca çoxdur. Təbii ki, boşanmaların bir çox səbəbləri var. Bəzi cütlüklər hesabla ailə qurur və belə ailələr daha tez dağılır. Çünki belə cütlüklər bir müddət sonra “xəyal qırıqlığı” yaşayırlar və başa düşürlər ki, bunların istədiyi ailə deyil. Bəzən “alfons” oğlanlar qıza mənfəət gözü ilə baxır və yaxud da qızlar varlı oğlan axtarışında olurlar. Sonda isə xoşagəlməz hadisələr baş verir. Bəzi ailələrdə iqtisadi vəziyyətin aşağı olması boşanmalara gətirib çıxarır.
-Diqqət etsək, boşanan cütlüklərin əksəriyyəti gənc ailələrdir. Nə üçün belə ailələr daha tez boşanırlar?
-3-5 il davam edən “ailə böhranı” deyilən bir anlayış var. Bu böhranı keçdikdən sonra ailə daha da möhkəmlənir. Gənc ailələrin boşanmağında valideynlərin – əsas da ananın rolu daha çox olur. Analar bəzən düşünür ki, qızlarına yaxşılıq edib dəstək olurlar. Sonda isə qız ailədə otura bilmir, boşanır.
-Bu gün hansı hallarda boşanmalara rast gəlinir?
-Gənc ailələrin “evini sosial şəbəkələr yıxır”. Bəzən sosial şəbəkələr vasitəsi ilə qarşı tərəflə təsadüfi tanışlıq ailələrin dağılmasına, dəhşətli cinayətlərə səbəb olur. Təəssüf ki, bu gün pis vərdişlər səbəbindən boşanmaların sayı bir neçə dəfə çoxalıb.
Eyni zamanda, uşaqsız ailələrdə boşanmalara daha çox rast gəlinir. Ailədə uşaq fərdləri bir-birinə bağlayan ən böyük bağdır. Ailədə uşaq yoxdursa, bu izdivac daha kövrək olur. Hər hansı bir böhran olduqda tərəflər daha tez boşana bilər.
-Dediniz ki, uşaq ailəni bir-birinə bağlayan ən güclü bağdır. Lakin övladı olub, boşanan ailələr də az deyil…
“Belə uşaqlar digər bütöv ailənin övladları kimi sosiallaşa bilmirlər”
-Haqlısınız. Boşanmaların qurbanları da məhz elə uşaqlardır. Həmin uşaqlar nataman ailələrdə böyüyürlər. Belə ailələrdə böyüyən uşaqların cəmiyyət üçün fəsadları var. Çünki həmin uşaqlarda natamamlıq kompleksi olur. Belə uşaqlar digər bütöv ailənin övladları kimi sosiallaşa bilmirlər. Onlarda bütöv ailə təsəvvürü yoxdur. Ona görə də belə uşaqlar böyüdükdə ata və anasının etdiyi səhvləri təkrarlaya bilər. Fikirləşəcəklər ki, mənim atam, anam boşanıb mən də boşana bilərəm. Sanki boşanmaları üçün bir bahələri, səbəbləri var.
-Bu gün kənd yerlərində ailə quran qızların əksəriyyəti ailə qurduqdan bir müddət sonra ayrılıb, şəhərə üz tuturlar. Səbəb nədir?
“Bəzən bölgələrdə insanlar ölüsünü basdırmağa adam tapa bilmir”
-Təəssüf ki, bu gün kəndlərdə ailə quran cütlüklər həmin mühitdə iqtisadi durumun aşağı olması səbəbindən ayrılıb, iş üçün, rahat yaşayış üçün şəhərə üz tuturlar. Eyni zamanda, bu məsələdə iqtisadi faktorlarla yanaşı, mənəvi faktorlar da əsas rol oynayır. Bəzən ailədə iqtisadi vəziyyət yaxşı olsa da, insanlar mənəvi inkişafı, rahatlığı tapa bilmirlər. Postsovet dönəmində kəndlərə, qəsəbələrə qastrol səfərləri edilərdi. Tez-tez həmin yerlərdə filmlər nümayiş etdirilərdi, konsertlər təşkil olunardı. Gənc ailələr belə şən mühitdə özlərini daha rahat hiss edərdi. Kənddən şəhərə axın yox idi. Eyni zamanda, kollektiv iş mühiti var idi ki, oğlan və qızlar bir yerdə çalışır, bəzən həmin iş mühitində bir-birini bəyənib ailə qururdular. İndi isə kollektiv iş sahələri yoxdur, sanki boşluqdur. Ona görə də kənddən şəhərə üz tutanların sayı gündən-günə çoxalır. Şəhərdə isə “miqrasiya bumu” yaşanır. Yəni kəndlər boşalır, şəhər yüklənir. Belə olan halda, süni şəkildə urbanizasiya prosesi gedir. Bu baxımdan, şəhərdə əhalinin sayı artıqca, başqa problemlər də baş qaldırır. İşsizlik, tıxacların əmələ gəlməsi, evlərin bahalaşması, kirayə evlərdə qiymətlərin artması və.s. Ona görə də gənclər üçün kəndlərdə yaşayış massivləri salmaq, torpaq sahələri ayırmaq, iş yerləri açmaq daha məqsədəuyğundur. Hər kəs mal-qara otara bilməz ki… Bəzən bölgələrdə insanlar ölüsünü basdırmağa adam tapa bilmir. Gənclər xarici ölkələrə gedir, orada iş, güc sahibi olurlar və bir daha geri qayıtmırlar.
-Bəs kəndlərdə hansı layihələr həyata keçirilməlidir ki, gənclərə həm iqtisadi, həm də mənəvi baxımdan əlverişli olsun?
– Gəncləri mənəvi həyata qaytarmaq üçün kəndlərdə sosial islahatlar həyata keçirmək lazımdır. Doğurdur, bəzi rayonlarımızda bu məsələlər öz həllini tapıb. Lakin digər rayonlarımız bu şəraitlə təmin olunmayıb.
Cənab Prezidentimizin regionların sosial-iqtisadi inkişafına dair qəbul etdiyi dövlət proqramı var ki, bu proqram tam icra olunmalıdır. Bu proqram tam icra olunarsa, kənddən şəhərə olan axının qarşısını almaq olar. Belə olan halda, ərzaq məhsullarının qiymətində azalmalar müşahidə edilə bilər. Bu da demoqrafiq vəziyyətin yaxşılaşmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, şəhərlərlə kənd arasındakı fərq azalsın. Gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün güzəştli kreditlər olsa, ipoteka şərtləri asanlaşsa, gənc ailələrin dayanıqlığına müsbət təsirini göstərər. Gənclər bəzən ev tikmək üçün torpaq sahələri tapa bilmirlər. Çünki bəzi bölgələrdə hələ də torpaq islahatları getməyib. Bu səbəbdən gənclər məcbur qalıb şəhərə gedir, kirayə qalırlar ki, birtəhər yaşasınlar. Hətta şəhərlərdə təhsil almış gənclər belə, öz kəndlərinə qayıtmaq istəmir. Ona görə də gənc ailələrə həm iş, həm ev baxımından şərait yaradılmalı, onların mənəvi həyatı daha da rəngarəng, şən olmalıdır.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.