Doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli tarixdən 3 il keçir.
Bu şərəfli günü yad edən I Qarabağ müharibəsi iştirakçısı qazi Ruslan Ədilzadə öz fikirlərini Medianews.az-a bölüşüb:
“27 sentyabr şəhidlərimizin anım günüdür. Doğrudan da, şəhidlərimiz bizim fəxrimiz, fəxarətimiz dünənimiz, bu günümüz və sabahımızdır. Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq, unutmayacağıq və unutdurmayacağıq. Bu birmənalı olaraq, Azərbaycan xalqının yaddaşında qalacaq. Bunların hamısı dünyaya çatdırılmalıdır və çatdırılır da. Bilirsiniz ki, 1990-cı illərdən bu yana erməni şovinistləri tərəfindən bizə qarşı təcavüz olunaraq torpaqlarımız işğal altında qalıb.
1-ci Qarabağ müharibəsində xeyli sayda şəhidlərimiz, yaralılarımız oldu. Mən özüm də 1990-cı illərdə müharibədə iştirak etmişəm. Qazi olaraq onu deyə bilərəm ki, biz 30 ildə çox ağır günlər keçirdik. Alnımızda ləkə qaldı ki, ermənilər bizim 20% torpağımızı işğal altında qoyub. Nə qədər qız-gəlinlərimizi, qardaş-bacılarımızı, atalarımızı girov götürdülər, işgəncə verdilər. Nəhayət ki, 30 ildən sonra mən fəxrlə deyə bilirəm ki, güclü siyasətimiz nəticəsində dünyaya bunu izah edə bildik ki, bizim heç kimin torpağıyla işimiz yoxdur. Biz torpağımızı erməni kimi alçaqlarda qoya bilmərik. 2-ci Qarabağ müharibəsində də ordumuz hücuma keçərək bu ləkəni bizim alnımızdan təmizlədi. Təbii ki, torpaq üçün şəhid olmaq lazımdır, çünki torpaq bir anadır. Anamızı sevdiyimiz kimi torpağımızı da sevməliyik. Dünya tarixindən birinci dəfədir ki, işğal olunmuş torpaqları hansısa bir sərkərdə geri alır və bu da İlham Əliyev cənablarıdır. Allah ona ömür versin. Erməni alçaqlarından, murdar bir millətdən öz torpaqlarımızı azad etdilər və şükürlər olsun ki, bu gün də Qarabağın son söhbətləri davam edir. Bu çox sevindirici haldır ki, artıq son olaraq biz ərazilərimizi tamlaşdırmağa, bütövləşdirməliyə tam yaxınıq. İnşallah bundan sonra bir sülh müqaviləsi də bağlanar və bütöv Azərbaycanda bütün millətimiz rahat şəkildə yaşaya bilərik. Vaxtıyla işğal olunmuş sonradan geri qaytarılmış rayonlarımıza hər bir məcburi köçkün qayıdaraq öz vətənində yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin, ürək ağrısı çəkərək biz bunları xatırlayırıq. Gənc olsalar da, buna baxmayaraq çox mərdcəsinə, gülə-gülə ölümün gözünə dik baxa-baxa şəhid oldular. Allah bir daha şəhidlərimizə rəhmət etsin”.
II Qarabağ müharibəsi veteranı Fəxrəddin Bünyatov isə bildirir ki, biz o torpaqlara alnımız açıq, başımız dik olaraq qayıtdıq:
“Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğalda olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Bu 44 günün qısa müddət olmasına baxmayaraq Azərbaycan şanlı tarixə öz imzasını atdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Bir vaxtlar üstündə qorxa-qorxa gəzdiyimiz, düşmən əlində qoyub gəldiyimiz torpaqlara bu gün başımız dik, alnımız açıq, inamla daxil oluruq. Azərbaycan bu gün qalib dövlətdir, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitləri, bütün şəhidləri dərin ehtiramla anırıq. Bütün şəhidlərimizin, torpağından ayrı dünyasını dəyişən əzizlərimizin ruhları şad olsun ki, artıq Azərbaycan bayrağı Xankəndidə dalğalanır”.
Nəzrin Vüsal
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə” mövzusunda hazırlanıb.