18 sentyabr. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Azərbaycanda “Milli Musiqi” günü məhz dahi bəstəkarın doğum günüdə, 18 sentyabr tarixində qeyd olunur. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş dahi bəstəkar inanırdi ki, gələcək nəsillər verilən bu əmanətə sahib çıxacaq, qoruyacaqlar.
Lakin bu gün, Azərbaycan musiqisinin Üzeyirsiz qalan gününüdür: “Heyif sizdən, dünya boyda dünya yaradan Üzeyir!”
Sənətsiz sənətə gələnləri, səsi olmayıb, fanaqramla səsli kimi özlərini qələmə verənləri, paltarsız paltarlı kimi görünənləri, simasını yüz hala salanları, “sənət göstərirəm” deyib sinəsinə vuranları, bayağı oxuyub “əsər yaratdım” deyənləri görsəydiniz, ne hisslər keçirərdiniz?
Hələ restoranlarda bağıranları, əcaib mahnılar oxuyanları, “bəstəkar”ları görsəniz, bəlkə də, bizim yerimizə siz xəcalət çəkərdiniz.
Hələ bu nədir?! Daha nələrin şahidi olardınız…
Musiqi zövqümüzün korlandığını, bəsit musiqilərə qulaq asdığımızı bilsəniz, bizim üçün etdiklərinizə peşman olardız.
Sizinlə yaranan musiqi sizinlə əbədiyyata qovuşdu. Allah sizə rəhmət eləsin, ey dahi sənətkar!
Mehin Mehmanqızı