Hacı Bəşktaş Vəli Kültür Dərnəyi hər il ənənəvi Xalq Ozanları Görüşü layihəsi çərçivəsində Türk Dünyasının müxtəlif yerlərindən qonaqlar dəvət edir və möhtəşəm bir festival keçirir. 2023-cü ilin 24-25 iyun tarixində növbəti 13-cü Xalq ozanları Görüşü keçirildi. Tədbirə biz də dəvətli idik. Qeyd edim ki, bu mənim bu tədbirə üçüncü dəfə qatılırdım. Doğrusu, pandemiyadan sonra belə tədbirlərə yenidən ilk dəfə ayaq açırdım. Odur ki, çox həyəcanlı idim. Təyyarə İstanbul hava limanına endi. Ölkəyə girişimizlə bağlı pasportlarımıza damğa vurulduqdan sonra İstanbul hava limanında əlavə 2 saat vaxt keçirməli idik. Ümumilikdə isə 4 saat İstanbul hava limanında qalmalı idik. Doğrusu, düşündüm ki, kompüterim yanımdadır, hava limanında kofelərin birində oturacağam və internetə bağlanıb öz yazı-pozumla məşğul olacağam. Beləliklə də vaxt itkisinə yol verməyəcəyəm. Hava limanına sağ-salamat düşdüyümüzü evdəkilərə bildirmək üçün internet axtarmağa başladım. Hava limanlarının pulsuz internet köşələrində pasportumla qeydiyyatdan keçən kimi mənə 1 saatlıq internet verildi. Çox şaşırmışdım. Bir saat kimə yetəcəkdi ki? Yenə də düşündüm ki evə xəbər verib gedib kafelərdən birində oturaram. Ancaq heyhat! Heç bir kafedə internet yox idi. Nəhayət kafe işçilərindən birinə yaxınlaşdım və niyə internet tapa bilmədiyimi soruşdum. “Abla, yasak burda internet çalıştırmamız. Hava alanının var. Onu kullan istersen” dedi. Mən istifadə etdiyimi ancaq bir saatın yetmədiyini dedim. Mənim diqqətimi internetin pul ilə istifadə edilə biləcəyinə yönləndirdi. Getdim ki, çarəsiz pul ilə alıb işlədim. İlahi! əlavə hər saat üçün 6 dollardan başlayan bir rəqəm ödəməliyəm. Mən xəsis insan deyiləm, ancaq füzuli xərclər çəkməyi də ağılsızlıq hesab edirəm. Hava limanının internet siyasəti “soyğunçuluq” üzərində qurulduğunu anlayıb internet sevdamdan əl çəkdim və sakitcə kompüterimi açıb internetsiz mütaliə etməyə başladım.
Təyyarə saatım gəldi və Nevşehire doğru yol aldıq. Nevşehir hava limanı kiçikdir. Baxmayaraq ki, buraya dünyanın hər yerindən turistlər gəlir, hava limanından ölkənin daxilinə uçuşlar həftənin müəyyən günləri ilə tənzimlənir. Bu da bu şəhərə yeni bir hava limanı lazımdırmı?” sualını ağıllara gətirir. Nevşehirə hər gəlişim məni Hacıbektaş qəsəbəsinə aparıb. Bu qəsəbədə çox sayda dostum tanışım var idi. Onlardan birini, Macar abiyi kaybetmişdik. O vaxtdan sonra onu ziyarətə gedə bilmirdim. Nevşehir havalimanında bizi qarşılamağa bu dəfə Macar abi gəlməsə də, çox dəyərli …. gəlmişdi. Bizi dərnəyin üzvləri olduqca böyük bir mehribanlıqla qarşıladılar. Ümumən dərnək üzvləri olduqca mehriban, sevgi dolu insanlardır. Görünür, Hacı Bəktaşinin fəlsəfəsini qəsəbə camaatı çox gözəl mənimsəyib. Hacıbektaş Türkiyənin İç Anadolu bölgəsində Nevşehirə bağlı 666 km² ərazisi və 11.000 nəfərlik əhalisi ilə kiçik, şirin bir qəsəbədir. Qəsəbədə onlarla dərnək, məktəb, muzey və s. var. Qəsəbə əhalisi təhsilə çox önəm verir. Buna görədir ki, qəsəbədə oxuyub yaza bilmək qabiliyyəti 100 faizdir. Bildirim ki, bu Türkiyə üçün qeyri-adi hadisədir.
Qəsəbəyə çatan kimi Mustafa başqan sağ olsun məni Macar abinin məzarını ziyarətə apardı. Bu günə qədər bir çox yerdə simpoziumlarda olmuşam. Nədəndir bilmirəm, ama Hacıbektaş mənim üçün sadəcə simpozium yeri deyil. Doğmalıq, yaxınlıq var bu qəsəbədə. Qəsəbə sakinləri ilə sanki görünməz bir bağımız varmış kimi hiss edirəm. Özümü ən yaxınlarımın yanında hiss etdiyim şəkildə davranıram. Bu sehri illərdir düşünürdüm. Bu səfərimdə artıq dəqiqləşdirdim. Hacıbektaşdakılar mənim kəndimdəkilər ilə çox bənzəyir. İnanc, dünyagörüş və s. yaxınlığı var. Hacıbektaşlar Ələviliyin bir qoludur. Ələvilik şiəliyin Türk “variantı”dır. Bu körpü qəsəbə və mənim kəndim arasında ciddi yaxınlıq və doğmalıq yaradır.
Hacıbektaş qəsəbəsi adını Hacı Bektaş Veli-dən almışdır. Hacı Bektaşın fəlsəfəsini, dünya görüş və inancını mənimsəmiş qəsəbəlilər onun xatirəsini dərgahda və muzeydə yaşatmağa çalışırlar. Hacıbektaşda pirin şərəfinə açılmış muzeyi ilk dəfə gördüyümdə çox təəccüblənmişdim. Sanki Tanrıçılığın izləri bu muzeydə yaşamaqda idi. Təəccüb və dərində hiss etdiyim sevinc ilə muzeyi gəzməyə başladım. Gəzdikcə hər addımda Hacı Bektaş fəlsəfəsinin Tanrıçılıq ilə nə qədər yaxınlıq təşkil etdiyini gördüm.
Bizi gəzdirən və hər sualımıza cavab verməyə çalışan dərnək başqanı Mustafa Özcivandan muzeyin niyə Tanrıçılıq izləri daşıdığını soruşdum. Mustafa başqan bir az tərəddüd etdikdən sonra bu muzeyin sırf Hacı Bektş Velinin fəlsəfəsi ilə döşəndiyini dedi. Təəccüb içində idim. İçinə düşdüyüm sehri izah edə bilməyim üçün muzeyi gəzmək lazımdır. Sözlərlə bunu ifadə etmək çətindir.
Muzeydə kifayət qədər təəccüb içində gəzindikdən sonra bizi “Delikli taş”a aparacaqlarını dedilər. Daşın dəlik olduğunu və burda qeyri-adi nəyin ola biləcəyini düşünmüşdüm yol boyunca. Dəlikli daş deyilən yerin qutsal yer olduğunu daha sonra anladım. Yol boyunca Hacıbəktaşilərin özlərinə yeddi qutsal ozan olaraq qəbul etdiyi Nəsimi, Xətai, Füzuli, Yemini, Virani, Pir Sultan Abdal, Qul Hİmmətin heykəllərini görürdük. Bəktaşilərin qutsallarına çox sayğılı olduqlarını gördükcə hədsiz sevinirdim. Avtobus hər birinin önündə dayanır, dərnək üzvləri bizlərə heykəllərin bəktaşilər üçün mahiyyətini izah edirdi. Nəhayətində bir ağacın önündə duruldu. Ağac təpənin başında tənha bir yerdə idi. Üstünə də çoxlu parça (çaput) bağlanmışdı. Bunun nə olduğunu az-çox televiziyada görmüşdüm. Ancaq yenə də dəqiqləşdirmək üçün ağaca parçanın niyə bağlandığını soruşdum. “Niyyət edib niyyətinin gerçəkləşməsini istəyənlər ağaca çaput bağlayırlar” cavabını aldım. Artıq heç şübhəm yox idi: Bəktaşilik Tanrıçılığa çox yaxın idi. Əski Türk inanc və gələnəyini özündə yaşadırdı. Mən də öz niyyətimi tutub ağaca çaput bağladım. Oradan da dəlikli (deşik) daşa doğru getdik. Daşın içi oyulub. Alçaq bir mağara keçidi kimidir. Mağara keçidindən keçib içəridən daşın deşik yerinə gəlinir. Oradan da çölə çıxılır. İnanca görə il boyu günah işləməyən insanlar deşikdən asanlıqla keçə bilər. Günahı olanlar isə deşikdə ilişib qalır. Mən də həvəsləndim, “il boyu heç bir günah işləməmişəm” deyib deşikdən keçmək istədim. Amma çifayda! Deşikdə ilişib qaldım. Sonda yoldaşlardan biri əlimdən tutub məni deşikdən çəkib çıxardılar. Təbii ki, artıq simpozium iştirakçıları və dərnək üzvlərinin də zarafatına məruz qaldım. Dəlikli daşı da Hacıbəktaş qəsəbəsini də əbədilik xatirimə həkk etdim.
Aynur Qəzənfərqızı
Filologiya üzrə fəlsəfə doktoru, dos.