Artıq bir neçə müddətdir ki, azad olunan torpaqlarımızda dirçəlmə prosesi gedir. Buranın həm iqtisadi həm də siyasi baxımdan tanınması üçün ölkəmizdən və xaricdən bir sıra qonaqlar dəvət olunur. Həmçinin bir sıra beynəlxalq tədbir və festivallar təşkil edilir. Bu da öz növbəsində ölkə iqtisadiyyatına və turizminə müsbət töhfəsini göstərir. Həmin məsələ ilə bağlı ekspertlərin də bir çox fikirləri var.
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadiyyatçı Elşən Bağırzadə bildirir ki, həmin tədbirlərin iqtisadi effekti olduqca müsbətdir:
“Bu tədbirlərin iqtisadi təsirlərinə baxsaq, onları qısamüddətli və uzunmüddətli olaraq iki yerə ayıra bilərik. Qısamüddətli təsirlərə həmin tədbirlərə çəkilən xərclər aiddir. Bildiyimiz kimi, o bölgələrdə təşkil olunan tədbirlər ölkədaxilində bir sıra istehsal və xidmət sahələrinə tələb yaradır. Bu da iqtisadiyyatın canlanmasına xidmət edən faktordur. Bütövlükdə isə ölkə iqtisadiyyatına müsbət təsir göstərən amildir. Qısamüddətli dönəmdə, eyni zamanda da o bölgədə yeni formalaşan ayrı-ayrı sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığına da şərait yaradır. Burada bir məqamı da qeyd etmək lazımdır. Əgər bu ərazilərdə keçirilən tədbirlərin ölkəmizə müsbət təsir göstərməyini istəyiriksə, onları öz imkanlarımız çərçivəsində həyata keçirməliyik. Yəni, o tədbirlər idxal mal və xidmətlər hesabına təşkil ediləcəksə, şüphəsiz ki, bunun iqtisadiyyatımıza müsbət təsiri daha az olacaq.
Uzunmüddətli təsir deyəndə nəzərdə tutulan isə bu bölgənin dünyada tanıdılmasından bəhs olunur. Bu bizim görəcəyimiz işlərin ən vacibidir. Bu təkcə siyasi, strateji baxımdan yox, eyni zamanda iqtisadi yönümdən də olduqca vacib məsələdir. Çünki bura bir iqtisadi məkandır. Onun dünyada tanınması gələcəkdə müxtəlif ölkələrdən, həmçinin öz ərazimizdən olan sahibkarların marağını cəlb etməyə səbəb olacaqdır. Beləliklə, bu məkanın iqtisadi imkanlarını təqdim etmək fürsəti yaranır. Ona görə də, sözügedən festival və tədbirlərin bir sıra iqtisadi effektini gələcəkdə daha çox görə biləcəyik. Lakin bütövlükdə tədbirlərin səmərəli olmasını bilmək istəyiriksə, daxili istehsalın canlanmasına şərait yaratmalıyıq. Oradakı kiçik və orta sahibkarlığın inkişafına xidmət etməsinə fikir vermək lazımdır. Belə olan zaman daha böyük iqtisadi effektə nail olmaq mümkündür. Nəzərə almaq lazımdır ki, orada sahibkarlıq subyektləri yeni-yeni formalaşır və bütün festival, tədbirlər dövlət fondları hesabına həyata keçirilir. Bu zaman səmərəlilik və şəffaflıq prinsipinin qorunması daha çox iqtisadi və müsbət tərəfləri ortaya qoya bilər”.
Turizm eksperti Rəhman Quliyev bildirir ki, öz adət-ənənələrimizə uyğun festivalların keçirilməsi həm ölkə turizminə, həm də təsərrüfatla məşğul olan şəxslərə effektiv təsir edə bilər:
“Bu gün Azərbaycan turizmi günü-gündən inkişaf etməkdədir. Xüsusən də, Qarabağ bölgəsi, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcərdə yeni destinasiyalar inşa olunur. Həmçinin, burada yol infrastrukturunun ən yüksək səviyyədə qurulması, digər tərəfdən üç böyük beynəlxalq hava limanının tikilməsi turizmin inkişafına böyük təkan verən amillərdir. Bunlardan ikisi, Zəngilan və Füzuli Beynəlxalq hava limanı artıq istifadəyə verilmişdir. Laçında isə bu istiqamət üzrə işlər davam etdirilir. Yaxın illər ərzində Laçın Beynəlxalq Hava Limanı da istifadəyə tam hazır olacaqdır.
Həmin ərazilərdə beynəlxalq tədbir və festivalların təşkili və həyata keçirilməsi o yerlərə turist axınının çoxalmasına səbəb olacaq. Biz də çalışırıq ki, Qarabağ bölgəsindəki tədbirləri, festivalları daha yaxından izləyək.
Yaxşı olar ki, Qarabağ bölgəsində, əsasən, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcərdəki destinasiyalarda irili-xırdalı termal sanatoriyalar tikilib, istifadəyə verilməlidir. Çünki bu bölgədə yeraltı təbii bulaqlar birbaşa termal xarakter daşıyır. Eyni zamanda Qarabağın havası və təbiəti özü də bir terapiya təsirlidir. Bu baxımdan həmin istiqamətdə işlər görülməsi zəruridir. Belə olarsa, bu həm insanlara faydalı olacaq, həm də əraziyə turistlərin axınını çoxaldacaqdır. Çünki gələcəkdə beynəlxalq sərgi, festival və tədbirlərə gələn turistlər buranı şəfa ocağı kimi tanıyar. Beləliklə, Qarabağı dünyada daha faydalı yer kim tanıtmağa nail olarıq.
Zəngilan Qotursu termal bulağı, Çinar meşəsi, Kəlbəcərdə İstisu, Şuşanın İsa bulağı və s. bu bulaqlar müalicəvi xarakterinə və tərkibinə görə, Avropanın bir çox brend sularından qat-qat üstün və zəngindir.
Bundan əlavə Şuşada Cıdır düzündə həvəskarlardan ibarət at yarışları, Kəlbəcər yaylaqlarında öz adətlərimizə uyğun müxtəlif festivallar keçirmək olar. Bu sayədə orada təsərrüfatla məşğul olan insanlara da həyat motivasiyası vermək olar”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.