“Ermənistanın son vaxtlar start verdiyi manipuliyasiyalar, bu çərçivədə Baş nazir Nikol Paşinyanın 3 avqust tarixində hökümət iclasında çıxışı bir daha nümayiş etdirdi ki, Ermənistan əslində mövcud şərtlərlə sülh müqaviləsinin imzalanmasını istəmir. İrəvanın niyyəti vaxt qazanaraq 44 günlük müharibədə potensialı məhv edilmiş fərari ordunu yenidən qurmaq, silahlanmaq və müharibədən əvvəlki status-kvonu bərpa etməkdir”.
Bu sözləri Medianews.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat hesab edir ki, revanşist niyyət həyata keçirmək üçün güc toplayana qədər isə Ermənistan bütün mümkün fürsətlərdə hərbi-siyasi-informasiya təxribatları ilə Azərbaycana qarşı cəbhə formalaşdırmağa çalışır:
“Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməyə hazır olan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bəlli dairələri, bir sıra “humanitar” və “insan haqları” missiyaları yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, cənab İlham Əliyevin hərbi-siyasi yolla formalaşdırdığı möhkəm reallıq Ermənistan və havadarları tərəfindən dəyişilə bilməz, həm öz güc və imkanlarımız, həm də müttəfiqliklərimiz bu gün bu reallığın, regionun sülh və sabitliyinin qarantına çevrilib.
İndiki həssas dönəmdə qərbin təhriki və Ermənistanın siyasi şantajları fonunda Ermənistan Baş nazirinin yenidən Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində qeyri-konstruktiv, perspektivsiz bəyanatlar verməsi, İrəvanın özünün ötən ilin oktyabrından etibarən Azərbaycanın ərazi bütövlüyünü tanıması, bu ilin may ayından isə ərazi bütövlüyünü dəfələrlə rəqəmlərdə ifadə etməsi mövqeyi ilə daban-dabana ziddir. Ermənistan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd yanaşma ilə beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirə biləcəyini düşünür, lakin unudur ki, artıq informasiya müharibəsində də diqtə edən tərəf elə Azərbaycandır”.
Bəhruz Məhərrəmov vurğulayır ki, 30 illik təcavüzə göz yuman, bu gün isə haqlardan danışan Qərbin riyakar yanaşmasından ilhamlanaraq Paşinyanın Ermənistanın 15 iyun tarixində Həkəri çayı üzərindəki körpüdə Azərbaycan hərbçilərinə atəş açılmasında ehtiva olunan təhlükəli tendensiyanı Azərbaycanın təxribatı kimi təqdim etməsi dövlət xadiminə yaraşmayacaq, məişət səviyyəli yalan idi:
” Çünki 15 iyun təxribatının hər saniyəsi kameralar tərəfindən qeydə alınıb və bütün bunların fonunda Baş nazir kameralar önündə qeyd edilən bəyanatı verə bilirsə, erməni cəmiyyəti özü dərs çıxararaq yalançı bir iqtidarla ehtiyatlı davranmalıdır.
Yaxud Laçın sərhəd-buraxılış məntəqəsi olmazdan öncə, fəaliyyətlərə açıq olduğu dövrdə Ermənistan bu yolda təqribən üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər göstərib, müharibə cinayətlərini davam etdirib və bu çərçivədə hətta ərazilərimizdən sonradan basdırılan 2021-ci il istehsalı minalar aşkarlanıb. Qərbin humanitar təsisatları, bu gün səsini ucaldan beynəlxlaq hüquq davamçıları üçün Ermənistanın açıq formada qondarma rejimi təbliğ etməsi, müharibə cinayətlərini davam etdirməsi fonunda Azərbaycanın özünün suveren haqlarından istifadə etməklə Laçında sərhəd-buraxılış məntəqəsi qurması mübahisə mövzusu olmamalıdır və ola da bilməz. Əgər Ermənistan və havadarları hələ də bu mövzuda israrlıdırsa, demək ki, İrəvan ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq deyil, Qərb isə riyakarlığını etiraf etmiş olur”
Deputatın sözlərinə görə, hüquq da, ədalət də Azərbaycan tərəfindədir:
“Lakin bütün bunlarla yanaşı Azərbaycan tərəfinin çox sadə bir arqumenti mövcuddur, Ermənistan iyunun 15-də, ondan öncə və sonra analoji təxribatların yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verə bilərmi?
Ermənistan hökumət rəsmiləri məhz havadarlarından cəsarətlənərək yenidən Qarbağ ermənilərinin “humanitar fəlakətə məruz qalması” barədə danışır, o zaman sual çıxır, əgər İrəvan üçün humanitar vəziyyət önəmlidirsə, Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin təlabatlarının ödənilməsi təklifinə niyə məhz Ermənistan etiraz edir?
Hökumətin iclasında azərbaycanlılara qarşı soyqırım daxil, insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək cəhdləri ilə isə Paşinyan əslində Ermənistanı ifşa etmiş oldu. İrəvan bir daha göstərir ki, əslində bu cinayətlər dövlət səviyyəsində törədilib.Soyqırım və deportasiyanın təşkilatçısı elə Ermənistan dövlətinin özüdür.
Əlbəttə, Azərbaycan üçün İrəvanın bəyanatları və Qərbin iddiaları yeni mövqe deyil, sadəcə eyni ssenari üzrə növbəti dalğadır. Lakin hər kəs anlamalıdır ki, Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnmiş hücumdan sonra araşdırmalar, habelə məntəqənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən müvafiq tədbirlərin görülməsini “blokada” kimi qiymətləndirməklə nə Ermənistan nə isə əldə edə bilməyəcək, nə də Azərbaycan özünün suveren haqlarından imtina etməyəcək. Yəni bu çıxışlar nəyi isə dəyişə bilməz, lakin danışıqların tərəfi olan bir “ölkə”nin Baş nazirinin yersiz iddialarının sülh prosesinə mənfi təsiri də istisna edilmir”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.