Dənizlər bəşəriyyətin gələcəyinin davamlılığı üçün çox vacibdir. Lakin təəssüflər olsun ki, bir çox insan bunun fərqində olmayaraq dənizi çirkləndirir. Bu isə dəniz ekosisteminin pisləşməsi, balıqçılıq fəaliyyətinin həyata keçirilə bilməməsi, insan sağlamlığına mənfi təsirlər kimi nəticələrə gətirib çıxarır.
Mütəxəsislər düşünür ki, bu cəmiyyətin faciəsinə səbəb ola bilər və tez zamanda həmin məsələyə çıxış yolu tapılmalıdır.
Medianews.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirir ki, bu insanların ətraf mühitə göstərdiyi sayğısızlıq və duyarsızlıqdan irəli gəlir:
“İstirahət edən zaman həmin məkanda atdığımız tullantılar bu və ya digər formada küləyin təsiri ilə dənizə düşür və suyu çirkləndirir. Amma bunu mütləq şəkildə bilmək lazımdır ki, dənizin faciəsi birbaşa olaraq bizim faciəmizdir.
Mən sözügedən məsələni öz gözümlə müşahidə edib, şahidi olmuşam. Çünki hər səhər çimərliyə gedərək orada üzərkən görürəm ki, insanların oraya tulladıqları qida qalıqları axşam küləyin təsiri ilə dənizə düşür. Nəticədə dəniz canlıları məhv olur, dəniz suyu çirklənir. Bu eyni zamanda insanlara da zərərlidir.
Nə qədər kobud səslənsə də, bu nəzakətsizlik, çevrəyə qarşı duyarsızlıq və sayğısızlıqdır. Bunu bir ekoloq yox, eyni zamanda vətəndaş və yurddaş olaraq deyirəm. Belə məsələlər məni olduqca narahat edir və üzür. Yeganə çıxış yolu isə bunun qarşısını almaq üçün müəyyən tədbirlər görməkdədir.
İlk olaraq, bütün çimərliklər boyunca məlumat lövhələri yerləşdirilməlidir. Bu bütün çevrəcilərin arzusudur. Lakin təəssüflər olsun ki, bu sadəcə sözdə qalır, reallaşmır. Ona görə ki, ekoloji təşkilatların buna o qədər də maliyyə gücü yoxdur. Həmçinin, bağça və məktəblərdə sözügedən məsələ barədə dərslər keçirilməli, məlumatlandırma aparılmalıdır.
Əgər bu fikir məktəblərimizdə aşılanmasa, biz böyüklər hər yeri çirkləndirməyə davam edəcəyik və ekoloji fəlakətin səbəbkarı da elə biz olacağıq. Halbuki bu işlərin çarəsini tapa bilərik.
Digər bir təklifim isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birgə müxtəlif layihələr hazırlamaq olar. Məsələyə dair ərsliklər hazırlamaq, insanlarla, xüsusilə də böyüklər üçün təlimlər təşkil etməliyik, televiziyalarda bu barədə mütəxəsislərlə maarifləndirmə verilişləri yayımlanmalı və ekoloji məsələlər bu və ya digər şəkildə həll olunmalıdır. Həll olunmadıqda isə ağır olaraq qalmağa davam edəcəkdir.
Həmçinin, Milli Məclisin payız sessiyasında ekoloji problemlərin həlli üçün qanun layihəsi işlənməlidir. Sözügedən layihənin müzakirəsində iştirak etməyə hazıram. Hətta layihənin hazırlanmasına da qatıla bilərik. Əsas odur ki, problem öz həllini tapsın. Bunun başqa yolu yoxdur.
Bulvara, istirahət mərkəzlərinə gələnlər düşünür ki, orada işçi var və tullantıları təmizləyəcək. Lakin bu yanaşma doğru deyil. Tullantı dənizə düşdükdə artıq orada yaşayan canlıları məhv edir, yaxud da dənizi zəhərləyir. Daha sonra dənizdə üzən insanlar bu zəhərli sudan zədə alırlar. Beləliklə, nə qədər saysaq, zərərlər bitmək bilmir. Buna görə də son dərəcə duyarlı olmaq lazımdır. Məsələn, mən hər gün dənizə yürüyüşə, üzməyə getdiyim zaman hər hansı bir tullantı görsəm onları götürüb, lazım olan yerə, yəni zibil qabına atıram. Düşünürəm ki, bu davranışım başqalarına da örnək ola bilər. Ümumiyyətlə, sadə vətəndaşlar öz üzərinə düşəni edib, etməyənləri də tənbehləsə, ekoloji problemlərin qarşısı alınmış olar”.
Ekoloq Rövşən Abbasov isə qeyd edir ki, dənizin çirkləndirilməsi insanların ekoloji biliklərinin olmaması və ekoloji mədəniyyətin formalaşmamasından xəbər verir:
“Belə davranışlara yol verən insanlar təbiət, ekoloji mühit haqqında ətraflı məlumatlara malik deyillər. Bu həm də ona bənzəyir ki, ağacın kölgəsində dincələndən sonra onun budaqlarını qırırsan. Əgər insan bir yerə səyahət edirsə, orada dincəlirsə, bu təkcə həmin yerin mənzərəsinin gözəlliyindən yox, həm də oranın təmizliyindən irəli gəlir. Ancaq insanlar istirahət etdiyi yerləri çirkləndirirsə, bu təbii ki, sözügedən ərazinin qorunmasına, mövcudluğuna ciddi təhlükə sayılır və zərbə vurur.
İnsanlar çalışmalıdırlar ki, tullantıları lazım olan yerə, yəni zibil qutularına atsınlar. Onu da deyim ki, bəzi inkişaf etmiş ölkələrdə istirahət yerlərində tullantı qabları da olmur. Çünki bu da həmin məkanların təmizliyi və qorunması baxımından məsləhətli deyil. İnsanların şüuru o qədər yüksək olmalıdır ki, onlar dənizkənarı park, çimərlik və digər istirahət məkanlarını çirkləndirməyin nə qədər təhlükəli və qeyri-etik olduğunu anlasınlar”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi”mövzusunda hazırlanıb.