Son günlər əksər Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim” in yandırılması halları yenidən təkrarlanır. Avropa ölkələrində müsəlmanlara olan aqressiyanın səbəbi nədir?
Nə üçün digər kitablar yox, məhz Quran yandırılır?
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirərək qeyd edib ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır.
Prezident xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.
Məsələ ilə bağlı Medianews.az -a danışan Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev bildirir ki, Quranın yandırılmasına dair Katolik Kilsəsinin Başçısı Roma Papası Fransisk bu yaxınlarda müsahibələrinin birində çox sərt reaksiya verib:
“Roma Papası qeyd edib ki, belə hərəkətlər onda qəzəb və ikrah hissi yaradır.
Təəssüflər olsun ki, hal hazırda dünyanın bir sıra ölkələrində dini dəyərlərə qarşı hücumların sayı artır. Bu təkcə islama qarşı edilmir. Biz dünyada xristianofobiyanın da baş qaldırmasını görürük.
Bütün bunlar söz azadlığından sui-istifadənin nəticəsidir.
Eyni zamanda belə hərəkətlər sifarişli təxribat da ola bilər. Məsələn, insanların dini hisslərini təhqir edərək onları hansısa radikal addımlara sürükləmək və bununla da dini və dindarları gözdən salmaq.
Şükür Yaradana ki , Azərbaycanda ənənəvi və həmçinin dini dəyərlərə hörmət edilir. Bizim ölkədə müsəlmanlar, xristianlar, yahudilər və digər dünya görüşünə sahib insanlar sülh içində bir yerdə yaşayır. İnsanların vicdan və etiqad azadlığı ən ali dəyərlərdən biridir və sivil ölkədə heç kim dini seçiminə, imanlı olub olmamasına görə, etnik mənsubiyyətinə görə mühakimə olunmamalıdır”.
Mehin Mehmanqızı
Medianews.az