“Bu gün şagirdlər bir sıra bilik olimpiyadalarında medallar qazanır, uğur əldə edirlər. Bu səbəbdən valideynlər bir yolla müəllimlərə öz təşəkkürlərini bildirməyə çalışırlar. Ancaq istisna odur ki, heç kim bunu zorla tələb etməsin”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov Medianews.az-a son günlər müzakirələrə səbəb olan müəllimlərə qızıl hədiyyə olunması barədə paylaşılan videolara münasibət bildirərkən qeyd edib. Ekspert onu da vurğulayıb ki, bu gün Azərbaycan müəllimi ən yüksək imtiyaza və təyinatlara layiq olan şəxsdir:
“İlk növbədə qeyd edim ki, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və 150 mindən çox müəllim fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, son bir neçə il ərzində ölkənin təhsil sistemində bir sıra geriləmələr ortaya çıxmışdır. Təhsilin idarə olunması və təhsilin qiymətləndirilməsi üzrə olduqca ciddi problemlər var. Bu problemlər şagird-müəllim, məktəb-valideyn münasibətlərinə də təsir göstərir. Biz bunun nəticələrini buraxılış imtahanlarının qiymətləndirilməsi zamanı da görə bilərik. Azərbaycanın təhsil sistemindəki problemlərdən biri də pul tələbetmə və rüşvət hallarıdır.
Xırdalan məktəblərində son günlər müzakirə mövzusu olan videolara gəldikdə isə, təbii ki, bu müəllim adı və etikası üçün qəbuledilməzdir. Lakin burada bir məsələ var ki, həmin qızıl-zinət əşyasını müəllim tələb etmir. Hazırda məktəblərin votsap qruplarında valideyn komitələri olaraq fəaliyyət göstərən birliklərdən hər kəs xəbərdardır. Həmin birliklər müəllimin xəbəri olmadan özlərini yaxşı göstərmək məqsədilə valideynlər arasında pul toplayırlar. Nəticə etibarilə bu vəziyyəti yaradan valideynlərdir. Heç bir müəllim ona qızıl alınmasını tələb etməz. Doğrudur, öz vəzifə öhdəliklərini yerinə yetirməyənlər var. Lakin bu iki fakt onu göstərir ki, valideynlər 4 il ərzində övladlarına bilik öyrədən müəllimlərə hər hansı bir formada təşəkkür etmək istəyiblər. Təbii ki, bu xoş olmayan formada baş tutub. Bilinir ki, burada valideyn təşəbbüsü var. Onların etdiyi təşəkkür forması ictimai olaraq narahatlığa səbəb olub”.
Ekspert Kamran Əsədov bildirir ki, müəllim adına ləkə salmamaq üçün belə halların yaşanmamasına diqqət etmək lazımdır:
“Tövsiyə edirik ki, bu tipli hadisələrə yol verilməsin. Ona görə ki, belə hallar yaşanan zaman müəllimin adı və nüfuzu kəskin şəkildə aşağı düşür. Biz bu gün müəllim adını qorumaqda maraqlıyıq. Son zamanlar cəmiyyətdə təhsilə haqlı olaraq narazılıqlar mövcuddur. Bir neçə ildir bu sahədəki təyinatlar obyektiv həyata keçirilmir. Təhsilin keyfiyyətinin artırılması və inkişafı istiqamətində ciddi addımlar atılmır. Lakin dövlət büdcəsindən bu yöndə külli miqdarda vəsait xərclənir”.
Aytac Şahin
Medianews.az