Son günlər bölgələrdə müşahidə edilən qeyri-sabit hava şəraiti infrastruktura ciddi ziyan vurmaqla yanaşı, kənd təsərrüfatından da yan keçməyib. Belə olan halda məhsulların qiymətində yenidən artım gözlənilirmi?
Məsələ ilə bağlı Medianews.az –a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə hava şəraiti kənd təsərrüfatı məhsullarının qiymətinə ən çox təsir göstərəcək amillərdən biridir:
“Bir neçə gündür ki, regionlarda havaların soyuq keçməsi , yağış, dolu, güclü külək , sel daşqınlarının olması, kənd təsərrüfatı məhsullarına, xüsusən də meyvə bağlarına ciddi ziyan vurub. Təbii ki, bunu bütün bölgələrə aid etmək olmaz. Lakin bir çox bölgələrdə vəziyyət ürəkaçan deyil.
Məhsulun həcminin azalması ilə problemlərin yarana bilməsi halı yüksəkdir.Yəni, bazara çıxarılacaq məhsulun həcmi azala bilər. İqtisadi qanunlara görə , bazara çıxarılacaq məhsulun həcmi azaldıqda qiymətində artım müşahidə olunur. Onsuz da, meyvənin qiymətində keçən illərlə müqayisədə 20,25 faiz artım var idi. Son günlər hava şəraitinin qeyri- sabit keçməsi ilə əlaqədar olaraq məhsulun həcmi azalarsa, yenidən qiymət artımının da şahidi olacağıq”.
Mehin Mehmanqızı
Medianews.az