“Son günlər yetkinlik yaşına çatmayan qızın zorla ərə verilməsi və digər yeniyetmənin atası yaşında biri ilə qaçması gündəmdədir. Belə hadisələrdə əsas təqsirkar valideynlərdir. Demək ki, ailədə cinsi tərbiyə aparılmayıb. Ailə dəyərlərinin aşağı olması belə hadisələrin yaşanmasına səbəb olur”.
Bu sözləri Medianews.az- a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib.
Kamalə Ağazadə bildirir ki, bu gün əsas problem valideyn – övlad münasibətlərində boşluqların olmasıdır:
“Bir valideyn qızının zorla ərə verilməsini maddi imkanının aşağı və atasının həbsdə olmasını , qızını bir növ gümanlı əllərə verməsindən dolayı bu addımı atığını əsaslandırır. Digər bir valideyn isə çalışır ki, övladı evlilik, cinsəl münasibət məsələlərindən uzaq olsun. Amma bir başa övladını aparıb sosial şəbəkələrə bağlayır. Elə uşağın da probemləri oradan başlayır. Belə problemlər ictimailəşdikdə daha tez məsələyə müdaxilə edilir. Lakin nə qədər diqqətdən kənar qalan , səsi –küyü olmayan belə qızlarımız var, xəbərimiz yoxdur”.
Ekspertin sözlərinə görə qanunvericilikdə cəza metodlarının bir qədər sərtləşməsinə ehtiyac var:
“ Xüsusi ilə maliyyə məsələsində cəzaların tətbiq olunması bir qədər müsbət təsirini göstərə bilər. Qızlarını vaxtından tez ərə vermək istəyən valideynlər cərimələri görüb bir qədər düşünəcək. Onsuz da qızlarını düşünəsi deyillər. Amma cərimələri görüb bu əməlindən ehtiyatlanar.
Hələ də cəmiyyətimizdə cinsi məsubiyyətə görə ayrıseçkilik var. Bu gender zəminində zorakılıq məsələsidir. Ona görə də selektiv abortlara görə Azərbaycan dünyada birinci yeri tutursa, burda cinsi bərabərsizlikdən söhbət gedir.
Cəmiyyətimizin maariflənməyə ehtiyacı var. Düşünürəm ki, bu cür halların qarşısını almaq üçün təhsil müəssisələrinin, kolleclərin, qrumların böyük rolu olmalıdır.
Ümumiyyətlə həssas ailələrin qiymətləndirilməsi aparılmalıdır. Övlad- valideyn münasibətlərinin düzgün qurulması üçün proqramlar tərtib olunmalıdır. Həqiqətən müvafiq icra nümayəndəlikləri bu məsələlərə ciddi yanaşarsa, nəyəsə nail olmaq olar”.
Psixoloq Zeynəb Eyyubova isə vurğulayır ki, adətən, Azərbaycanda erkən nikah halları maddi durumu aşağı olan çoxuşaqlı ailələrdə müşahidə olunur:
“Eyni zamanda varlı ailələr də öz şan – şöhrətlərini daha da artırmaq üçün qızlarını varlı oğlanla ailə qurmasına sövq edirlər. Bəzi valideynlər azyaşlı uşaqlarını nikaha daxil olmağa məcbur edərək fayda əldə etməyə çalışırlar. Belə bir məsələdə ailə məsuliyyəti əsas götürülür. Bəzən qızların tez ailə qurmasını islam dini ilə əlaqəndirirlər. Bu yanlış bir anlayışdır.Çünki islam dinində kəbin kəsilən zaman qızın razı olub və yaxud da olmaması ilk öncə soruşulur. Qız razı olmadıqda bu izdivac baş tutmur. Yəni, islam dinində qadına söz haqqı, dəyər verilir. Demək ki, burda söhbət islamdan getmir. Bəzən valideynlər islam dini adı altında qızlarının tez ərə getməsini daha məqsədə uyğun hesab edirlər. Xüsusən də valideynlər rayon yerlərində qızların oxumağına mane olurlar. Oxumaqdan kənar qalan qız da istər-istəməz ailə həyatı qurmaq istəyir. Baxırlar ki, qonum – qonşuda qızlar ərə getdi, mən qaldım.Ona görə də qızlar çalışır ki, tez ailə qursun”.
Psixoloqun sözlərinə görə Azərbaycan ailələrində xoşbəxt ailə modelinin az şahidi oluruq:
“ Sağlam ailəyə sahib olmayan qız ailəsindən qaçış üçün ailə qurur. Bir növ “yağışdan çıxıb yağmura düşür”. Daha sonra xoşagəlməz hadisələrin şahidi oluruq ki, bunun da kökündə vaxtından tez qızların ailə qurması durur. İlk öncə ailə quran qızın üzərinə böyük bir yük düşür. Uşaq isə bu məsuliyyətin ağırlığını dərk etmir. Ona görə də xoşagəlməz hadisələrin yaşanmaması üçün mütləq şəkildə məktəblərdə maarifləndirmə, təbliğat işlərinə xüsusi yer verilməlidir. Qızların davamiyyəti nəzarətdə saxlanılmalıdır. Ümumiyyətlə məktəblərdə maarifləndirmə işlərinə ciddi şəkildə ehiyac var. Bütün qurumlar bir olub bu yöndə işlər görsələr nələrsə nail olmaq olar”.
Hüquqqşunas Emil Aslanov isə bildirir ki, Azərbaycan Respublikasının ailə məcəlləsinə uyğun olaraq nikah yaşı 18 yaş müəyyən olunub:
“Yəni, Azərbaycan qanunvericliyində yalnız 18 yaşında olan gənclərin rəsmi nikahına icazə verilir.
Lakin istisna hal əsas gətirildikdə, qanunla İcra Hakimiyyətləri tərəfindən nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyindən nikah rəsmi qeydiyyata alınmır. Təbii olaraq da qanunun tələbləri pozulduqda şəxs məsuliyyətə cəlb olunur. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan şəxsi evlənməyə məcbur edən şəxsləri 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək həbs cəzası gözləyir.
Fikirimcə cəzalar sərtləşdirilsə, ekrən nigahların qarşısını almaq mümkün olar”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda hazırlanıb.