İlham Şaban: “Qiymət qaldırılanda neft 100-110 dollar idi, indi 75-80 dollardır”
Bu günlərdə Gürcüstan paytaxtı Tiflisdə olan iqtisadçı-ekspert Natiq Cəfərli maraqlı bir faktla rastlaşıb: “Tiflisdə “Premium 95” markalı benzin 2.44-2.69 lari arası dəyişir, yəni 1.62 manatla 1.78 manat arası. Ən yüksək, yəni 1.78 manat qiymət SOCAR-dadır”.
Ekspert Gürcüstanda “Premium” benzininin Azərbaycandan ucuz olmasından təəssüfləndiyini bildirib: “Hökumət deyir ki, Aİ-95 benzininin qiymətini biz tənzimləmirik, bazar tənzimləyir. Bazar tənzimləyirsə, niyə Tiflisdə 1,62 manata, Bakıda 2 manatadır?”
İqtisadçı-ekspert benzin satışının inhisardan çıxarılması gərəkdiyini, bu halda “Premium”un da ucuzlaşacağını vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyulunda artırılıb. İyulun 13-dən Aİ-95 beniznin litri 1 manat 60 qəpikdən 2 manata, AI-98 super benzin isə 2 manatdan 2 manat 30 qəpiyə qaldırılıb. Hər iki benzinin yeganə idxalçısı və topdansatıcısı olan “SOCAR Petrrolium” şirkəti bahalaşmasınıhər iki marka benzinin burada istehsal olunmaması, qiymətinin isə dünya bazarında neftin qiymətinə bağlı olması ilə izah edib. Məlumat üçün bildirək ki, həmin vaxt dünya bazarında neftin qiyməti təxminən 100 dollar idi. 2023-cü ilin əvvəlindən isə qiymətlər 75-80 dollar ətrafında dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycan 2022-ci ildə 102 milyon 540,18 min dollar dəyərində (2021-ci illə müqayisədə 7,7 faiz azalma) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5 faiz) idxal edib. Həmçinin ölkəyə 2 milyon 52,49 min dollar vdəyərində (azalma 14,3 faiz) 1670,95 ton (azalma 37,8 faiz) “Super Euro-98” avtomobil benzini gətirilib.
Uzun illər boyu Aİ-95 markalı benzinin idxalında üstünlük Rumıniyada olsa da, ötən il Rusiyadan idxal həcmi daha çox olub. Belə ki, bu markalı benzinin 73,4 faizi Rusiyadan alınıb.
Bu ilin birinci rübündə də Aİ-95 idxalında ağırlıq Rusiyaya salınıb. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında ölkəyə 11 milyon 617,07 min dollar (azalma 48 faiz) dəyərində 12 min 536,58 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün həcm göstəricisindən 46 faiz azdır. İdxalın əksər həcmi Rusiyanın payına düşüb – 9 milyon 680,77 min dollar dəyərində 10 min 650,82 ton. 2022-ci ilin birinci rübü ilə müqayisədə Rusiyadan idxal miqdar ifadəsində 75,2 faiz, dəyər ifadəsində 78,7 faiz azalıb.
Birinci rübdə Rumıniyadan Azərbaycana cəmi 1936,3 min dollar dəyərində 1885,77 ton Aİ-95 idxal edilib. Halbuki 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan “Premium Euro-95” markalı benzini əsasən Rumıniyadan idxal etmişdi.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycana “Super Euro-98” markalı benzin idxalı 697,2 min dollar (аrtım 2,4 dəfə) dəyərində 568,75 ton (аrtım 2,1 dəfə) təşkil edib. Bunun 287,85 min dollar dəyərində 234,77 tonu Rusiyadan, 409,34 min dollar dəyərində 333,98 tonu isə Rumıniyadan alınıb.
Göründüyü kimi, ötən il Aİ95 benzininin bir tonu ölkəyə 1030 dollara, 2023-cü ilin birinci rübündə isə 926,6 dollara idxal olunub. Başqa sözlə desək, keçən il bu markalı benzinin bir litri 1,3 manata, bu ilin birinci rübündə isə 1,18 manata idxal edilib. Nəzərə alsaq ki, birinci rübdə idxalın 98 faizi Rusiyadan olub və oradan 1itrin idxalı 1,16 qəpiyə başa gəlib, onda ötən illə müqayisədə idxal qiymətində 12-14 qəpik azalma olduğunu görürük.
Digər tərəfdən, bu ilin birinci rübündə Rusiyanın Sankt-Peterburq birjasında Aİ95 markalı benzinin 1 tonunun topdansatış qiyməti 50 min rubl, yaxud 1063 manata yaxın olub. Bu o deməkdir ki, 1 litr benzinin topdansatış qiyməti təxminən 80 qəpik təşkil edib. Bu halda, Azərbaycana bu benzinin bir tonu niyə 1500 manatdan yuxarı qiymətə idxal olunub?
May ayından etibarən Rusiyada bütün növ benzin markalarının qiymətində kəskin artım müşahidə olunur. Belə ki, Aİ95 markalı benzinin 1 tonunun topdansatış qiyməti 62 min rubla çatıb. Bu isə Azərbaycan manatı ilə ifadə etsək 1318 manata yaxın deməkdir. Litrlə hesabladıqda, 1 litrin qiyməti 99 qəpik olub. Pərakəndə satışda isə qiymət 1 litr üçün 1,1 manata yüksəlib. Bu bahalaşmanın əsas səbəbi kimi turizm mövsümü ilə əlaqədar tələbatın artması fonunda neft emalı zavodlarının bir çoxunun ənənəvi illik təmirə dayanması göstərilir. Reuters-in yazdığına görə, Rusiya hökuməti sentyabra qədər ölkədən benzin ixracına məhdudiyyət tətiq etməyə hazırlaşır.
Qardaş Türkiyədə Aİ95 markalı benzinin 1 litri pərakəndə satışda 1,75 manat təşkil edir.
Azərbaycanda benzin qiymətlərini yaxın qonşulardan kəskin baha edən hansı səbəblərdir? Sualı cavablandıran enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, hazırda ölkəmizlə eyni regionda yerləşən bütün ölkələrdə benzin qiyməti bizdəkindən ucuzdur: “Mən bayaqdan həm Avropada, həm də qonşularımızın hamısında qiymətlərə baxıram. Çox maraqlıdır ki, Xəzəryanı ölkələr arasında Aİ95 ən baha qiymətə Azərbaycanda satılır. Rusiya və Qazaxıstanda qiymətlər bizdəkindən haradasa 40 faizə yaxın ucuzdur. Nəinki Gürcüstandan, hətta İran, Türkmənistan və Ermənistandan da baha benzin bizdədir. Bu niyə belədir? Keçən il bu benzinin qiyməti artırılanda neft qiymətləri 100 dollar və ondan yuxarı idi. İndi qiymətlər 80 dollardan aşağıdır. Kifayət qədər ciddi ucuzlaşma var. Bəs niyə benzinin qiymətində bunu görmürük? Düşünürəm ki, burada keçən ilki idxala çəkilən xərclərin kompensasiya edilməsi istəyi rol oynayır. Keçən il Azərbaycan Aİ92 markalı benzinin idxalına 192 milyon dollar sərf edib. Bu benzini Rusiya və Türkmənistandan almışıq. Bu xərcin qabağında Aİ92-nin qiyməti artmayıb. Güman edirəm ki, indi qiymətləri ucuzlaşdırmamaqda məqsəd həmin xərcləri kompensasiya etməkdir”.
Ekspert bildirir ki, həqiqətən də Azərbaycanda benzin idxalı və topdansatışında monopoliya var: “Azərbaycanda hansısa bir M şirkəti gedib benzini idxal edib gətirib burada sata bilməz. Buna imkan verilməz, necə ki, 2014-cü ildən bəri verilməyib. Yəni faktiki olaraq yüksək oktanlı benzinlərin bazarı qeyri-rəsmi olaraq bir mənbədən tənzimlənir. Əksi olsaydı, bütün ölkə boyu eyni qiymət olmazdı, hansısa rayonda 3-5 qəpik də olsa, fərqli qiymət görərdik. Buna görə də qiymətlərin niyə bütün qonşulardan baha olmasının səbəbini SOCAR-dan soruşmaq lazımdır”.
P.S. SOCAR-a Aİ95 markalı benzinin qiymətində qonşu ölkələrlə müqayisədə yaranan fərqin səbəbinə dair sorğu göndərmişik. Cavab göndərilən zaman dərc edəcəyik.
Medianews.az