Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətləri ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə böyük narazılıq və müzakirələrə səbəb olub. Nazir mövcud taksi xidmətlərindən narazılıqların olduğunu, buna görə də sahəni tənzimləmək üçün qanun layihəsi hazırlandığını bildirib, fikrini əsaslandırmaq üçün bir sıra arqumentlər gətirib. Lakin ictimaiyyət hazırlanacaq qanun layihəsinin taksi xidməti sahəsində inhisarçılıq yaratmağa xidmət edəcəyini bildirməklə, təşəbbüsə ciddi etirazını bildirir.
İqtisadçı-ekspert Natiq Cəfərli əmindir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı qanun taksi xidmətinin inhisarlaşmasına gətirib çıxaracaq:
“Bizim hökuməti ayaqda saxlayan 3 sütun var – korrupsiya, inhisarçılıq və qanunların formal olması. Demək olar ki, hər gün bu ayaqları gücləndirməyə çalışan təkliflər səsləndirirlər – indi də son illər qiyməti ucuzlaşan, yüksək rəqabət mühiti olan taksi xidmətini inhisara alınması üçün cəhdlər edirlər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək. Dövlət nəzarəti həmişə, bəli, həmişə inhisarçılağa, qiymət artımına, keyfiyyətin azalmasına aparıb çıxarır. Hökumət hələ də iqtisadiyyatda birbaşa oyunçu-iştirakçı olmaq fikrindən əl çəkməyib, hələ də iqtisadiyyata “AzərXalça” məntiqi ilə yanaşır, amma görmək istəmir ki, xalçanı belə özü toxumaq istəyən dövlət ziyanla üzləşir, keyfiyyət aşağı, qiymət yüksək, ziyan xirtdəyəcən olur. Hələ də “AzərXalça”nın ziyanından qurtula bilmirlər, amma eyni məntiqlə davranmaq istəyirlər.
Nazir daha sonra deyir ki, taksi xidmətindən çoxsaylı şikayətlər var – kimə şikayət edirlər, kim şikayət edir, nə deyirlər, nədən narazıdırlar?! Yaxşı, bunun da çıxış yolu taksi xidməti göstərən şirkətlərin sayının artırılmasından keçir ki, A şirkətindən narazı olanlar B şirkətini seçsinlər, hər ikisindən narazı qalanlar C şirkətindən taksi sifariş etsinlər”.
Edkspert bildirir ki, nazir taksi sürücülərinin qeydinə qalaraq onların çox işlədiyindən gileylənir: “Amma bu nəticədir, səbəb odur ki, ölkədə iş yerləri yoxdur, camaat dolana bilmir deyə taksi sürür, 16 saat sükan arxasında olmağa məcbur qalır. Yaxşı, bu sahədə də inhisar yaratdız, yeni bir “AzərTaksi” təsis etdiz, dövlət büdcəsindən pul ayırdız, nə dəyişəcək ki?! Bəs 40-45 min sürücü işsiz qalsa nə olacaq?! Tamam, əvvəlki pis təcrübələr var axı, harada zəmanət var ki, yeni nəzarət mexanizminiz uğurlu olacaq?!
Dövlətin əsas vəzifəsi ədalətli hakim olmaqdır, taksi xidmətinə isə ancaq lisenziya və vergi alətləri ilə nəzarət etməlidir. Fərdi şikayətlərə isə məhkəmə baxmalı, vətəndaşın haqqını qanunlar qorumalıdır – vəssalam. Özünüzdən nə “AzərTaksi”, nə də velosiped icad etməyin”…
İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, taksi xidməti təkcə ictimaiyyətin maraq və mənafeyinə deyil, dövlətin maraq və mənafeyinə xidmət edən önəmli bir sahə olduğu üçün bir sıra məsələlərin dövlət və Qanunverici orqan tərəfindən nəzərə alınması ehtimalı yüksəkdir:
“Bakıda göstərilən taksi xidməti məşğulluğun təminində önəmli rollardan birini oynayır. Taksi xidmətlərinin mərkəzləşməsi büdcəyə əlavə 10 manat gəlir gətirsə, taksi xidmətindən kənarda qalanların sosial təminatları üçün büdcədən 30 manatın xərclənməsinə səbəb olacaq. Burada sərt tənzimləmələr dövlətin üzərinə əlavə yük gətirər. Bunu dövlət orqanlarının hesabladıqlarına və hökumətin nəzərə alacağına inanıram;
Ucuz taksi xidmətləri əhalinin imkanlarına uyğun olduğu üçün əhali tərəfindən bu sahədə narazılıq yoxdur. Taksi xidmətlərinin ucuz olmasından şikayətlənən taksi sürücülərinin xidmət göstərməmək seçimi var.
Xidmətlə bağlı narazılıqlar var. Amma xidmətlə bağlı narazılıqlar ölkəmiz üçün vacib olan turizm sahəsi də daxil olmaqla bir çox sahələrdə var. Digər tərəfdən, gündə taksi ilə 50 min sərnişin daşınır və həmin sərnişinlərdən hər gün 5-10-15 sərnişin kobud və hər hansı cəhətdən doğru olmayan xidmət gördükdə bunu sosial şəbəkələrdə hay-küylə çatdırırsa, lakin qalan 49,985 nəfər heç nə demirsə, bu, əhalinin taksi xidmətlərindən narazı olması demək deyil”.
Əhalinin ictimai nəqliyyatdan az istifadə məsələsinə gəlincə, ekspert bildirir ki, ictimai nəqliyyat, xüsusilə metrodan kifayət qədər əhali istifadə edir:
“Pik saatlarda isə təəssüf ki, bəzən metroya minmək basabas səbəbindən çətin olur. Biz bu sahədə də analitik hesablamalardan qaçırıq. Metronun hazırda fəaliyyət göstərən 27 stansiyası var. Ölkə rəhbərinin metro stansiyalarının sayının artırılması ilə bağlı sərəncam və diqqəti nəticəsində stansiyaların sayları artmış və artmaqda davam edəcək. Lakin, stansiyaların sayları artdıqca metrodan istifadə edənlərin də sayı artacaq, metroda basabas da. Çünki (hesablamanın asan olması üçün şərti rəqəmlərlə qeyd edirəm) əgər metroda 15 stansiya olduqda 2 xətt üzrə interval 3 (hər xətt üzrə 1,5 dəqiqə) dəqiqə idisə, hazırda stansiyalarının sayı artan hər 2 xətt üzrə intervalın 2 dəqiqə olması da (hər xətt üzrə 1 dəqiqə) kifayət etməyəcək. Çünki metrodan istifadə edənlərin sayı həm stansiyaların artması səbəbindən, həm də yeni deyil, hətta əvvəlki stansiyalardan istifadə edən əhalinin də sayının artması səbəbindən çoxalıb. Yəni bu hesablamalar nəticəsində sual meydana çıxacaq: yüklənmənin olmaması üçün əslində tələb olunan intervala qatarların sayları və sürəti kifayət edirmi? Hesablamalardan sonra çıxacaq nəticə bu olacaq ki, metronu bundan artıq yükləməyə çalışmağa (başqa sözlə zorlamağa) ehtiyac yoxdur. Onsuz da metronun yükü qeyd etdiyim səbəblərdən artır.
Avtobus nəqliyyatı isə yeganə yerüstü ictimai nəqliyyat kimi əziyyət çəkir. Səbəblər təkcə tıxac deyil. Avtobus üçün yeganə alternativ yerüstü nəqliyyat vasitəsi avtomobillər və taksi xidmətidir (tramvay, trolleybusların olmaması nəzərdə tutulur). Bundan sonra ictimai nəqliyyatı yükləməyə çalışmaq səmərəli olmayacaq.
Mən də bir vətəndaş kimi Bakıda gözəl görünüşlü, eyni rəngli taksilərin olmasını istəyərəm. Lakin İstanbuldakı taksi rəzaləti məni başqa cür düşünməyə vadar edir. Yerli vətəndaşlarla kobudluq, onlara xidmət göstərməkdən imtina etmək, məsafəni uzun yollarla gedib uzatmaq və sair. Yalnız turistlərə xidmət göstərməyə çalışmaq. Turistləri aldatmaq. Saymaqla bitmir. İstanbul polisinin əsas qayğı və problemlərindən biri taksi fəaliyyətindəki özbaşınalıqlarla mübarizə aparmaqdır”.
E.Sadiqovun sözlərinə görə, turistlər maşın sürmür, amma taksidən istifadə edirlər:
“Turizm mövsümündə taksi çatışmazlığı, qiymətlərin süni şəkildə şişirdilib əhalinin narazı salınması (nəticədə əhalidə turistlərə də qarşı haqsız olaraq şüurlu və şüuraltı bir təpki formalaşır) və digər bu kimi halların olmaması üçün turistlərin getdikləri məkanlarda,məsələn,London taksilərinin xidmətinə imkan yaratmaq olar. Turistlər də həmin taksilərdən rahat şəkildə istifadə edə bilər. Taksi sayınıazaltmaq isə əks effekt verər. Nəzərə alaq ki, turizm ölkəmizin iqtisadiyyatı üçün hər birimizin (elə ictimaiyyətin də, əhalinin də) düşündüyündən qat-qat böyük əhəmiyyətə malikdir və bu əhəmiyyət hər il artacaq. Turizimin inkişafı üçün də yanaşmalarda dəyişikliklərə ehtiyac vardır ki, bu da başqa bir mövzudur”.
Medianews.az