İran növbəti dəfə həddini aşıb.
Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin (SEPAH) komandanı Sərdar Qaani Qum tələbələri ilə görüşündə Azərbaycan Respublikasında vəziyyətin nəzarət altında olduğunu iddia edib.
O, hədsiz bəyanatına bu sözlərlə davam edib:
“Azərbaycan-İran münasibətləri ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycan üçün narahat olmayın və vəziyyət müşahidə altındadır. Xüsusi bir şey olmayacaq”.
Görünən odur ki, İran öz çirkin siyasətindən əl çəkmək niyyətində deyil. Rəsmi Tehran yenə də vəziyyəti gərginləşdirəcək açıqlamalar verməyə davam edir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Cebhe.info-ya açıqlamasında bildirib ki, İran Azərbaycana qarşı açıq düşmənçilik yolunu seçib:
“Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda cənab İlham Əliyev bir çox məsələlər, o cümlədən İran-Azərbaycan münasibətlərinin real durumunu konseptual formada təhlil etdi. Dövlət başçısı açıq mətnlə bəyan etdi ki, Azərbaycanla İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir, onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.
Təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin cənub qonşumuzla münasibətlərin bu həddə çatması cənab Prezidentin də dediyi kimi, bizim seçimimiz deyildi. 44 günlük müharibədən sonra məhz Tehran hakimiyyətinin qeyri-adekvat davranışları fonunda biz münasibətlərin sürətlə enən xətt üzrə inkişafının şahidi olduq, hətta İran bir neçə dəfə güc nümayişi məqsədi ilə sərhədboyu ordu topladı. İran özü Tehrandakı səfirliyimizə və dövlət başçımızın təbiri ilə desək, “qırmızı xətti” keçərək deputat Fazil Mustafaya qarşı terror aktları təşkil etməklə açıq düşmənçilik yolunu seçdi. Eyni zamanda, İran mediası və İranın ali dini liderinin müxtəlif şəhərlər üzrə nümayəndələri-imam cümələri, habelə İran Parlamentinin deputatları, ən əsası isə SEPAH generalları Azərbaycan əleyhinə hədyanlar səsləndirdilər. Lakin Azərbaycanın əks həmlələri Tehranı geri çəkilməyə vadar etdi”.
Millət vəkili vurğulayıb ki, İran bu “soyuq müharibə”də məğlub oldu:
“Xüsusən ölkəmizdəki İran şəbəkəsinin çökdürülməsi, Azərbaycan əhalisinin düşüncəsində İranın müsəlman dövləti olaraq nüfuzunun kəskin azalması, habelə Bakının Tehranın qəbul etmək istəmədiyi müttəfiqliklərinin daha da güclənməsi İranı proseslərin gedişində nisbətən geri çəkilməyə vadar etdi. Daha aydın formada desək, İran bu “soyuq müharibə”də məğlub oldu. Bu gün keçmiş dövrə nisbətdə İran rəsmilərinin əvvəlki ritorikasına daha az rast gəlirik. Çünki Tehran məğlubiyyətin fərqindədir, lakin SEPAH-ın Qüds qüvvələri komandanının timsalında ayrı-ayrı şəxslərin bəyanatı, habelə SEPAH-a məxsus media strukturlarındakı ritorika göstərir ki, vəziyyətlə barışmaq istəməyənlər var və həqiqətən də münasibətlərimizin gələcəyini proqnozlaşdırmaq çətindir. Təbii ki, Azərbaycan münasibətlərin gərgin qalmasını arzu etmir, lakin Bakının haqlı şərtləri var. İlk növbədə Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutmalıdır. Habelə səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Cənab İlham Əliyevin Şuşadan bəyan etdiyi kimi, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi, İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.