“Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur”. ( Bəqərə,183)
Müqəddəs kitabımız olan Qurani-Kərimin nazil olduğu Ramazan ayının son günlərini yaşayırıq. Kitabımızda da qeyd edildiyi kimi bu ayda Allah bizlərə oruc tutmağı buyurub. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.
Bəs, fitrə nədir? Fitrə necə və nə vaxt çıxarılmalıdır? Fitə zəkatı nə qədərdir? Fitrə zəkatı kimlərə verilməlidir?
Mövzu ilə bağlı Medianews.az – a danışan ilahiyyatçı Təyyar Hüseynli bildirir ki, müsəlman aləminin iki əsas bayramlarından biri Ramazan bayramıdır:
“Ramazanda fitrə zəkatı xüsusi bir göstərişdir. Fitr kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Fitr sədəqəsi isə insanı Ramazan ayına çatdıran, bizi yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir. Bu kəlmə dilimizdə keçmiş dövürdən bəri fitrə formasında işlədilir. Bu kəlmənin digər bir anlamı da “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən üstün varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir təzahürüdür.
Dinimiz kasıb və zəngin arasındakı nizam və məhəbbəti təmin etmək üçün fitr zəkatını biz möminlərə ərmağan etmişdir. Fitr sədəqəsi Ramazan bayramına rahat və hüzurla girmək istəyən və əksər kasıbların ehtiyacını qarşılayan bir sədəqə çeşididir. Bu nöqteyi-nəzərdən zəkatdan daha əhatəlidir və kasıbların bayrama hazırlaşma xüsusunda təcili ehtiyaclarını qarşılayan bir ibadətdir. Fitr sədəqəsi kasıb təbəqənin bayramı sevinclə qarşılaması üçün olan böyük bir yardımlaşmadır”.
İlahiyyatçı qeyd edir ki, fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır:
“Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır.Həmin ərzaq növlərini pulla əvəz etmək daha yaxşı olar. Ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır. Fitrə zəkatı o insana verilir ki, həqiqətən ehtiyaclıdır. Fitrə zəkatı normal gəliri olan, borcu olmayan insanlar üçün göstərişdir. Deyək ki, bir insanın imkanı aşağıdırsa,o zaman nəyə gücü çatır onu da verməlidir. Hətta bir ailə 3 kiloqram un dəyərində pul çıxarda bilər. Fitrə zəkatı vacib, eyni zamada istisnalarla nəzərdə tutulan ilahi göstərişdir”.
Təyyar Hüseynlinin sözlərinə görə Ramazan ayında oruc tutmağın dərin fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır:
“Səbəbi isə Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı imkanı olan hər bir müsəlmanın verməsi vacibdir.
Eyni zamanda, bu bayram insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir. Ona görə də imkanlı şəxslər ehtiyaclı insanları unutmamalıdır. Çünki bu, təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir”.
Mehin Mehmanqızı
Medianews.az