Şimali Koreya ərazisindən ballistik raketin buraxılması Yaponiyada böyük səs-küyə səbəb olub.
Medianews.az xarici mediaya istinadla bildirir ki, bu səbəbdən sakinlər təxliyyə və ya zirzəmilərə sığınmaq çağırışları ilə xəbərdarlıq alıblar.
Sahil Mühafizəsi sursatın ölkənin ərazi sularından kənara düşdüyünü bildirib. Hakimiyyət Hokkaydo əhalisini əmin edib ki, onlar üçün heç bir təhlükə yoxdur.
Rəsmilər Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirdiyini iddia edirlər. Yaponiya, eləcə də onun müttəfiqləri Şimali Koreyanın bu addımını pisləyib və bunu qlobal ictimaiyyət üçün böyük problem adlandırıb.
Hirokazu Matsuno , Yaponiya Nazirlər Kabinetinin Baş Katibi: “Bu buraxılış hədsiz bir hərəkətdir, bütün beynəlxalq ictimaiyyətə qarşı təxribatdır. Şimali Koreyanın bir sıra hərəkətləri, o cümlədən təkrar ballistik raket buraxılışları Yaponiyanın və dünyanın təhlükəsizliyini təhdid edir. Onlar qətiyyən qəbuledilməzdir. Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və vətəndaşlarımız üçün ciddi problemdir. Yaponiya Şimali Koreyanın hərəkətlərinə kəskin etirazını bildirir”.
Yaponiya hökuməti raket buraxılışının nəticələrini müəyyən etmək üçün fövqəladə qərargah yaradıb. Hələlik dağıntılar barədə məlumat verilməyib.
Medianews.az