Son dövrlər uşaqlar arasında müxtəlif mənşəli virusların artması halları müşahidə edilir.
Bəs, müxtəlif formada özünü göstərən bu viruslarla necə mübarizə aparmaq lazımdır?
Məsələ ilə bağlı Medianew.az – a danışan həkim – pediatr Aytən İsmayılzadə bildirir ki, il boyu hər hansı bir infeksion xəstəliklər yayılmaqdadır:
“Son dövrlər uşaqlar arasında ən çox yayılan xəstəliklərdən biri də “Skarlatina” dır. İlk öncə bu xəstəliyin diaqnozunu qoymaq üçün biz onun kompleks əlamətlərini görməliyik. Bu simptomlar boğazda qızartı, bədəndə səpkilər, dil soyulması və digər əlamətlərlə özünü biruzə verir. Amma bu əlamətlərə qədər də infeksiyalar ola bilər. Yəni əlamətlər olmasa belə “Steptokok” infeksiyası ola bilər.
Bunun üçün “Strep test” etmək vacibdir. Təəssüflər olsun ki, uşaqların əksəriyyəti poliklinikalarda qeydiyyatda, nəzarətdədir və onlarda bu test yoxdur. Poliklinikalarda analizə göndərmək məsələsi çətindir. Özlərində olan analizləri edirlər. Lakin bu kifayət deyil. Poliklinikalarda analizlər o qədər də keyfiyyətli deyil. Bu məsələni ictimailəşdirmək lazımdır ki, uşaqların tibbi xidməti tam olmalıdır”.
Pediatrın sözlərinə görə valideynlərin əksəriyyəti övladları xəstələndikdə poliklinikaya müraciət edir:
“Poliklinikada həmin uşaqları xəstəxanaya göndərir. Biz hər uşağı xəstəxanaya göndərməməliyik. Onsuz da xəstəxanalarda uşaq sayı çoxdur. Ona görə də poliklinikada şərait olmalıdır ki, tibb bacısı yaxma götürüb, test edə bilsin. Test götürmək asan, adi bir prosedurdu. “Skarlatina” xəstəliyi daha ciddi bir xəstəlikdir. Böyrəyə və yaxud da ürəyə zərər verə bilər. Sadəcə həmin vaxt uşaqlarda qusma, ishal halları olmadığı üçün valideynlər rahat olurlar. Lakin bir müddət sonra ağırlaşmış fəsadlar ortaya çıxır”.
Aytən İsmayılzadə onu da qeyd edir ki, uşaqlar mövsümlə əlaqədər xəstələnməkdə davam edirlər və aldıqları antibiotiklərin fonunda bağırsaq florası zəifləyir:
“ Bu da bədəndə digər problemlərin yaranmasına gətirib çıxarır. Bağırsaq florasının bərpası zaman alır. Çünki uşaqlara probiotiklər vermirlər. Beləliklə, bədəndə vitamin və mineralların çatışmazlığı yaranır. Bu səbəbdən ağız bucağı yaraları, dırnaq qırılmaları, saç tökülmələri, halsızlıq, quru dəri, qan azlığı kimi problemlər ortaya çıxır. Ona görə də uşaqlar tez- tez xəstələnirlər, infeksion xəstəliklərə yoluxurlar. Uşaqların antibiotik qəbul etdikdən sonra bir ay müddətində vitamin kompleksi, probiotiklər qəbul etmələri məsləhətdir. Əsas da uşaqlara “B” qrup vitaminini məsləhət görərdim.
Ən əsas sağlam qidalanma ən başlıca amillərdən biridir. Valideynlər övladlarının yeməyinə diqqət etməlidirlər. Fasfood yeməklərə yox, sağlam qidalara üstünlük verilməlidir. Bu zaman sağlam immunitet formalaşa bilər”.
Mövzuyla bağlı Medianews.az – a danışan həkim- pediatr Yalçın Mirzəyev bildirir ki, pediatrik xəstəliklərin belə bir özəlliyi var ki, sürəkli mövsümü dəyişikliklər göstərən xəstəliklər qrupudur:
“Hər mövsümün özünə xas xəstəlikləri var. Son dövrlər xəstəliklərin müxtəlif gedişatlı növləri ilə qarşılaşırıq. Bunun fərqli səbəbləri ola bilər. Bunu pandemiyadan sonrakı dövr kimi qiymətləndirmək olar. Koronavirusun orqanizmdə yaratdığı təsirlərə bağlı olaraq xəstəliklərdə fərqli gedişat görürük. Ümumən klassik xəstəliklərdir və mövsümə xasdır. Bu dövr keçid dövrü olduğu üçün uşaqlarda həm mövsümlə bağlı allergik xəstəliklərin sayı artıb, həm də qış infeksiyaları da bitməyib. Tək – tək də olsa “İnfluenzya” və digər virusları görə bilirik.
Eyni zamanda paralel olaraq mədə – bağırsaq infeksiyalarında yazın gəlişi ilə bağlı olaraq artım var. Təbii ki, hər orqanizm eyni gedişatlı olmur. Bu infeksiyaların ağır fonunda uşaqlarda immunitet sistemində zəiflik müşahidə edilir. Halsızlıq, yuxu, soyuq tərləmə, ağızda yara, ishal kimi hallar özünü göstərə bilər.
Valideynlər ümumi gigiyenik qaydalara riayət etməlidir. Uşaqlar düzgün bəslənməli və peyvəndləri olmalıdır. Valideynlər övladlarını həkim müayinəsindən vaxtaşırı keçirməlidirlər. Ev şəraitində sistemlər, antibiotiklər qəbul etmək olmaz. Təəssüf ki, bu kimi hallar çoxdur. Ev şəraitində edilən kortəbii vasitələr xəstəliyin daha da fəsadlaşmasına səbəb ola bilər”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.