“44 günlük savaşdan sonra Azərbaycanın bölgədə yeni reallıqlar yaratması və prosesdən güclənərək çıxması İranı ciddi şəkildə narahat edir”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Oqtay Qasımov İranın bir sıra güc strukturlarının Azərbaycana qarşı növbəti hədələyici davranışlarına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, İran tərəfi dəfələrlə Azərbaycana qarşı bu cür təhdidvari və psixoloji təzyiq məqsədi daşıyan informasiyalar yayıb:
“İran hər fürsətdə Azərbaycana qarşı təhdidlərini gücləndirməyə çalışır. 44 günlük savaşa qədər Ermənistanı dəstəkləyən İran bunu bir formada pərdələməyə çalışırdı. Artıq buna da lüzüm görmürlər. Açıq şəkildə Azərbaycanı təhdid edirlər. Görünür ki, Azərbaycana qarşı bu cür təbliğat savaşını davam etdirəcəklər. Çünki İran hesab edir ki, Azərbaycan adlı güclü bir dövlətin mövcudluğu onun təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu artıq bizim yox, onların problemidir. İranın hal-hazırda Azərbaycanla açıq şəkildə qarşıdurma istəyəcəyini düşünmürəm”.
Oqtay Qasımov qeyd edib ki, yaxın dövrlər üçün silahlı toqquşma olacağı real deyil. Amma gələcəkdə bu, mümkün ola bilər:
“Yaxın perspektivdə Azərbaycanla İran arasında hansısa silahlı toqquşma və savaşın olacağı real deyil. Amma İranın bu davranışları gələcəkdə münaqişə olacağı ehtimalını yaradır. Bu təbii ki, yaxın dövrün məsələsi deyil. Yəni İran doğrudan da öz siyasətində düzəliş etməsə, bizimlə mehriban qonşuluq siyasəti aparmasa, ritorikasına bu cür davam etsə, xüsusilə İrana Qərbdən yönəlik təzyiqlər azalsa və Rusiya Ukrayna savaşından qalib çıxsa, onda İranin Azərbaycana qarşı aqressiyası daha da arta bilər”.
Xatırladaq ki, ötən gün SEPAH-a bağlı Telegram kanallarında fonda Ərdoğanın səsi ilə “Arazı ayırdılar” misralarının səsləndiyini və “Shahed-136” dronlarının Arazın üstündən keçdiyini əks etdirən video yayılıb.