Beynəlxalq Cinayət Məhkəməsi (ICC) çox gözlənilən istintaqda çox təəccüblü qərar qəbul edib.
Medianews.az xəbər verir ki, Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə həbs olunmasına order verib .
Qərar Ukraynadan zorla çıxarılan uşaqlar və Ukrayna ərazisindən Rusiyaya məcburi köçürülən şəxslərlə əlaqədar qəbul edilib. Ukraynadakı müharibə ilə bağlı digər araşdırmalar davam edərkən, bu həbs qərarı bütün dünyada böyük təəssürat yaratdı.
Məhkəmə eyni ittihamla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib.
Putin həmçinin Ukraynanın bir çox şəhərlərində, xüsusilə Buça və Mariupolda soyqırım törətməkdə ittiham olunur. Məhkəmə həmçinin qırğın və zorlamalara görə məsuliyyət daşıyan rus əsgərlərinin həbsinə order verməyə hazırlaşır.
Rusiya bu qərara reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tərəfi deyil və buna görə heç bir öhdəliyi yoxdur”.
Kremlin sözçüsü Dmitriy Peskov da məhkəmənin qərarını hüquqi olaraq tanımadıqlarını bildirib və “Rusiya bəzi ölkələr kimi bu məhkəmənin yurisdiksiyasını tanımır və belə bir qərar Rusiya üçün hüquqi baxımdan əhəmiyyətsizdir” deyib.
Medianews.az