Ölkəmizdə bir sıra yüksək vəzifə postları var ki, xeyli vaxtdır boş qalıb. Boş qalan kreslolar həm dövlət orqanlarında, həm də parlamentdə var.
Bizim.Media sahibini gözləyən kresloların siyahısını hazırlayıb.
- Mədəniyyət nazirinin kreslosu 22 dekabr 2022-ci ildən boş qalıb. Bu tarixədək həmin kreslonun sahibi Anar Kərimov idi.
- “Azərsu” ASC-nin sədri vəzifəsi də 2 ilə yaxındır ki, boşdur. Ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov bu vəzifədən azad olub.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə aydır ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.
Qeyd edək ki, hazırda parlamentdə də sahibini gözləyən kreslolar var. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilən 4 dairə üzrə deputat yeri boş qalıb:
- Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;
- Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;
- Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;
- Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi.
Bundan əlavə sonrakı illərdə də daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:
- 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat etdi. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.
- Milli Məclisin deputatı Eldəniz Səlimov içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisə əl qaldırdığına görə 4 avqust 2021-ci ildə Respublika Prokurorluğu tərəfindən həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi.
- Azərbaycan Prezidentin imzaladığı digər sərəncamla Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina etdi. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.
Beləliklə, hal-hazırda Milli Məclisdə sahibini gözləyən 7 deputat kreslosu var.