Türkiyədəki zəlzələ dəhşətinin fəsadları durmadan artır. Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.
Kahramanmaraş Sütçü İmam Universiteti, Beynəlxalq Əlaqələr Bölməsi, dosent Mərziyə Məmmədli Medianews.az saytına açıqlamalar verib.
Mərziyyə Məmmədli yaşadığı dəhşətləri danışıb: “Yatmışdım, zəlzəyə oyandım. Mənzilimiz 12-ci mərtəbədədir. Zəlzələ daha çox yuxarı mərtəbələrdə hiss olunurdu. Həqiqətən biz o bir neçə saniyədə cəhənnəmi yaşadıq. Zəzləzə uzun çəkdi. Mən Van zəlzələsini də yaşamışam. Orada da zəlzələ güclü olmuşdu, ancaq saniyələr qısa idi. Burada isə həqiqətən də uzun çəkdi. Çox uzun sürdü və çox sarsıldıq. Zəlzələ bitəndən sonra biz özümüzə gələnə qədər ikinci zəlzələ baş verdi. Paltarlarımızı geyinib aşağı düşüb açıq yerdə gözlədik, amma sonra orada qalmağın mənasız olduğunu düşünüb yenidən evə qayıtdıq. Özümülə bir iki dəst paltar götürüb Ankaraya gəldik. Yolda çovğun idi. Hazırda yaxşıyıq evsiz qaldıq. Həyat düzənimiz alt-üst oldu və bir çox tanış insanları da zələzə zamanı itiridik. Bir müəllim kimi mənə daha çətindir. Bir neçə tələbəmi itirmişəm. Çox üzgünəm”.
Azərbaycanlı müəllimə daha sonra bu zəlzələnin İstanbuda da təkrarlanma ehtimalını qeyd edib: “Növbəti zəlzələnin İstanbulda olacağına inanıram və insanların elm adamlarına qulaq asmalarını tövsiyyə edirəm. Bunun süni zəlzələ olduğunu düşünmürəm, Türkiyə onsuz da fay xəttindədir və elm adamları illərdir xəbərdarlıq edir, amma ciddiyə alınmadığı üçün belə bir vəziyyətlə üzləşdik”.
Məlumat üçün qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Medianews.az