Əfqanıstanda son iki həftədə artan əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 157-yə yüksəlib.
Medianews.az xəbər verir ki, Əfqanıstan son illərin ən soyuq qışını yaşayır.
Havanın temperaturu gecə saatlarında paytaxt Kabildə -10 dərəcəyə, bəzi bölgələrdə isə -30 dərəcəyə enib.
Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı açıqlama verib. Ölkə daxilində 157 nəfərin donaraq həyatını itirdiyini bildirən Rəhimi, ən çox itkilərin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu bildirib.
Rəhimi bildirib ki, 75 mindən çox iribuynuzlu heyvan da tələf olub.
Əfqanıstan Meteorologiya İnstitutu isə bu il qış temperaturunun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli soyuqluğun Qor vilayətində yaşandığını qeyd edib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox ərazilərə, xüsusən də kənd yerlərində gediş-gəlişdə çətinliklər yaranıb.
Digər tərəfdən, ölkənin qərbindəki Herat vilayətində qış mövsümü başlayandan bu yana küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq öldüyü açıqlanıb.
Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı insan qrupu var.
Bundan əlavə, kənd yerlərində rəsmi uçotun aparılmaması da analoji itkilərin daha çox olacağı ehtimalını artırır. Xüsusilə qış mövsümündə nəqliyyatın çətinliyi humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkə əhalisinin demək olar ki, üçdə ikisi olan 28 milyon insanın təcili yardıma ehtiyacı var.
Medianews.az