“Sədərək” ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir.
Bu haqda Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qurumdan Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir.
Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir. Dislokasiya tədbirlərinin aparılması barədə məlumat əvvəlcədən ictimaiyyətə açıqlanmışdır və bu proses iri ticarət obyektləri daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini əhatə edir.
Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hər hansı narahatlıq olmadığını, “Sədərək”, “Binə” və bu kimi digər ticarət mərkəzləri daxil olmaqla dislokasiya prosesinin qısa müddətdə başa çatdırılacağını bildirir və sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.