2022-ci ildə yaşanan çətinliklər üzündən dünyanın ən zəngin adlarının sərvəti əriyərkən bir ad onun sərvətinə sərvət qatıb. Hindistan və Asiyanın ən varlı adamı və dünyanın üçüncü ən varlı adamı olan Qautam Adani 2022-ci ildə 44 milyard dollardan çox qazanıb.
Medianews.az bildirir ki, 2022-ci ildə bir çox varlı iş adamlarının, xüsusilə Tesla və SpaceX kimi şirkətlərin sahibi İlon Maskın və Amazonun sahibi Ceff Bezosun sərvətləri əriyib. Dünyanın ən böyük sərvətlərinin birja bazarındakı enişlərdən təsirləndiyi bu il ərzində hindistanlı iş adamı Qautam Adani sərvətinə sərvət əlavə edib. 2022-ci ildə Adaninin bank hesabına daha 44 milyard dollar daxil olub. Digər milyarderlərin bədbəxtlikləri iki mühüm sənaye sahəsində sərvətini artıran hindli milyarder üçün bir nemət olub.
Qlobal təchizat zəncirindəki problemlər bir neçə aydır ki, dünya ticarətini rəsmən boğub. Ancaq bu təchizat böhranı Hindistanın ən böyük liman operatoru olan Adaninin xeyrinə oldu və Adani sərvətini çoxaltmağa imkan verib. İş adamı həm də tərəfdaş kimi İsrailin Hayfa limanındakı payını artırıb. Sözügedən liman regionun ən böyük konteyner giriş limanlarından biri kimi tanınır.
Eyni zamanda Adani Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranından da yararlana bilib. Müharibə səbəbiylə neft və təbii qaz daşınmalarında çətinliklərin artması və kömürə tələbatın artması səbəbindən hamının uduzduğu 2022-ci ilin qalibi dünyanın ən böyük kömür mədəni operatorlarından biri olan Adani olub.
Digər tərəfdən, Adani Hindistanın baş naziri Narendra Modiyə qarşı müxalifətin yayımı ilə tanınan media şirkəti NDTV-ni də ələ keçirməklə sərvətini artırıb. Adaninin 2020-ci ildə 10 milyard dollar sərvəti var idi və 2022-ci ilin əvvəlində milyarderlər siyahısında 14-cü yerdə idi. 31 dekabr tarixinə 121 milyard dollar sərvəti olan Adani Asiyanın ən zəngin adamı, dünyanın isə üçüncü ən zəngin adamıdır.
Bloomberg-in məlumatına görə, sərvətini xeyli artıranlardan biri də amerikalı milyarder Ceff Yassdır. Yass sərvətini 29 milyard dollar artıraraq 2022-ci ildə 32 milyard dollara çatdırıb. Yass ABŞ-ın Nyu-York şəhərində Wall Street-in ən böyük və ən uğurlu ticarət şirkətlərindən biri olan Susquehanna International Group-un təsisçi tərəfdaşlarından biridir. Susquehanna, Forbes hesabatlarına görə, məşhur sosial media platforması TikTok-un ana şirkəti olan ByteDance də daxil olmaqla, dünya üzrə yüzlərlə özəl şirkətə sərmayə qoyub. Bu sərmayələr sayəsində Yass bir il ərzində sərvətini milyardlarla dollar artırıb.
Çində yerləşən sosial media nəhəngi Yassı zənginləşdirməklə yanaşı, TikTok-un çətir şirkəti ByteDance-in qurucusu 39 yaşlı Zhang Yiming də 2022-ci ili çox qazanclı keçirib. 2022-ci ildə 10,4 milyard dollar qazanan gənc milyarderin sərvəti 55 milyard dollara yüksəlib. Moda nəhəngi Channel-ın sahiblərindən olan fransız iş adamı Alain Wertheimer 2022-ci ildə 10,3 milyard dollar qazanaraq sərvətini artıran 4-cü şəxs olub.
Adani istisna olmaqla, dünyanın ən zəngin siyahısında ilk 10-luqda yer alan adların sərvəti bu il əriyib. Bloomberg indeksinə görə, İlon Maskın sərvəti bu il rekord səviyyəyə – 133 milyarda düşüb. Maskın sərvətinin çökməsinin əsas səbəblərindən biri onun sahibi olduğu elektrik avtomobil şirkəti Tesla-nın səhmlərinin dəyərdən düşməsidir. Mask, Twitter sosial media platformasını almaq üçün Tesla səhmlərini satdı. Bu vəziyyət Teslanın dəyərdən düşməsini sürətləndirib.