Onu mətbuat daha yaxşı tanyır. Zaman-zaman ölkədəki iqtisdi məsələrdə ən çox müraciət etdiyimiz iqtisadçı ekspertlərdəndir.
Hər dəfə ölkənin iqtisadi vəziyyətini şərh edərək media nümayəndələrinə yardımçı olmağa çalışır. Onun fikizi qüsurlu olması ilə bağlı isə çoxlarımız xəbərsizik. Özəl həyatı, durumu ilə bağlı heç zaman danışmayan iqtisdçı-ekspert Pərviz Heydərov yaşadıqlarını Medianews.az-a danışdı.
Uşaq yaşlarından dayənin əlindən düşərək həyatına fiziki qüsurlu olaraq yaşamağa davam edən Pərviz Heydərov həyata 1-0 geridən başlayıb. Qarşısına çıxan maneələr, önünü kəsən çətinliklər onu yolundan döndərməyib.
– Kimdir Pərviz Heydərov?
– Pərviz Heydərov sizin tanıdığınız, o güclü insanın tam əksidir. Fiziki cəhətdətən gücsüz, fiziki məhdudiyyəti maksumum dərəcədə olan bir şəxsdir. Amma içindəki ruhunun başqa bir enerjisi var ki, bu enerji ilə hər şeyi etməyə hazırdır.
Ümumiyyətlə, inkişafın kökündə ziddiyət dayanır. Bu nöqteyi-nəzərdən məndə hədsiz ziddiyyət var. İçimdəki ruh bədənimə uyğun deyil. Böyük arzularım var.
– Hansı arzularınız var?
– Sağlam insanlarda olmayan arzular… Böyük məqsədlərim var. Onları etməyə qadir enerjiyə sahibəm. Bu zidiyyət mənə böyük əsəb, gərginlik gətirir.
– Anadangəlmə belə olmusunuz, yoxsa sonradan hansısa hadisə nəticəsində?
– Əslində, dünyaya sağlam gəlmişəm. Məndən sonra qardaşım dünyaya gəlmişdi və anam bir müddət məni dayəyə həvalə edib. Nə olubsa o dayənin yanında baş verib. Təxminən bir aydan çox mən dayənin himayəsində qalmışam. Bir ayın tamamında mən dayədən təhvil alınanda artıq valideynlərim hiss edib ki, əvvəlki uşaq deyiləm. Əvvəl anamın əlindən tutub ayağa qalxırdımsa, həmin dayədən sonra anam əlimdən tutanda ayağa qalxa bilməmişəm. Əlimi onurğa sütunuma aparıb, həmin nahiyənin ağrıdığını göstərməyə çalışmışam. Tədricən iki yaşımdan başlayan proses yavaş-yavaş mənim hərəkətlərimdə özünü göstərib.
Gəzməkdən qalmışam, ancaq iməkləyərək adi hərəkətlər etmişəm. Ayağa qalxa bilməmişəm. Valideynlərim məni bir çox ökələrə aparıb müalicə etdirsələr də, heç bir xeyri olmayıb. Üç dəfə Moskvada, Ukraynada olmuşam, bütün terapevtlər deyib ki, bu uşaq onurğa sütunundan zədə alıb. Uşağı az yaşında yıxıblar.
– Bəlkə heç yıxılmamısınız?
– Həmin dayənin məni yıxdığı ilə bağlı şahid yoxdur. Valideynlərimin əlində heç bir sübut olmadığı üçün ona qarşı irad bildirmədilər. Anam dayədən soruşub ki, bəlkə yıxmısan? O da inkar edib. Əslində, həmin dayə işinin peşəkarı idi, amma niyə belə olub bilmirəm. Həkimlər də diaqnoz qoydu ki, əldən düşüb, onurğa sütunu zədə alıb. Bəlkə də həmin zaman müvafiq təbirlər görülsəydi, qarşısını almaq olardı. Həkimlər demişdilər ki, bu uşağın tək müalicəsi fizioterpiyadır.
– Bəs təhsilə necə başladınız?
– 7 yaşımda məktəbə getdim. Valideynlərimin bir prinsipi vardı ki, uşaq oxumalıdır. Valideynlərim təhsilimə zaman ayırdılar. Ondan sonra da sağlamlıq prespektivim arxa plana keçdi. 219 nömrəli məktəbdə oxuyurdum, müəllimlər mənim kimi uşaqlara evdə dərs keçirdilər. Anam Bakı Dövlət Universitetinin “Filologiya” fükultəsinin məzunu idi. Mənə görə uzun müddət çalışmadı. Mən orta təhsilimi bitirəndən sonra çalışdı.
10-cu sinifdə oxuyarkən evə gələn müəllimlər anama demişdi ki, bu uşağın yaxşı potensialı var. Onu belə qoymaq olmaz. Onda mənim atam Təhsil Nazirliyinə vəziyətimlə bağlı ərizə yazdı. Ev şəraitində məndən imtahan götürdülər. İmtahan verib Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. Dedilər sən qiyabi təhsl almalısan, əyani mümkün deyil. 6 il İqtisad Universitetində qiyabi təhsil aldım. 3 aydan bir müəllimlər semestrdən bir evə gəlib, imtahan götürürdü. 3-cü kursda müəllimlərim dedi ki, bizi incitmə, qiymət kitabçanı ver sənə qiymət yazaq. Açığı bir az pis oldum ki, mənə zaman ayırmaq istəmirlər. Yenə də özüm oxudum.
6-cı kursdan ismarıc gəlmişdi ki, ev şəraitində işlə təmin olacaqsan. 1995-ci ildə İqtisadiyyat Nazirliyinin iqtisadi elmi təqdidat instutunda əməkdaş kimi çalışmağa başladım.
– Bəs mətbuata necə gəldiniz?
– İşə qəbul olduqdan sonra evə yanıma əməkdaş göndərdilər, dedilər ki, iqtisadi mövzuda mətbuata məqalələr yaz. O gündən etibarın yazmağa başladım. Bu gün isə 2000-dən çox məqalə, 6 elmi məqalənin və bir də bir kitabın müəllifiyəm.
-Pərviz müəllim, bu həyat rejimi sizə hansı çətinlikləri yaradır?
– İndi 50 yaşım var. Ali təhsil aldığım illərdə cəmiyyət məni kimi insanları “dışlayır”, xor görürdü. Mən şəhərə çıxanda kompleks hissi keçirirdim. İnsanlar mənə qəribə baxırdı. Narahat olurdum.
– Niyə?
-Utanırdım. Yanımdan keçən insanlar mənə baxıb qulağını çəkirdi. Mən bunları görürdüm axı. Niyə belə edirdilər? Axı mən də onlar kimi insan idim. Amma indi belə deyil. Adi Dənizkənarı Bulvara çıxanda mənə yaxınlaşıb, kömək etmək istədiklərini deyirlər. Cəmiyyət çox dəyişib.
– Bəs çətinliklər?
– Əlbəttə ki, çətinliklərim çoxdur. Misal üçün, taksi ilə harasa getmək istəsəm, taksi çağıracam, o da yuxarı çıxıb mənim maşına minməyimə kömək etməyəcək. Köməkçim varsa, kömək edəcək, yoxdursa, necə düşə bilərəm? İstədiyim tamaşaya, konsertə sərbəst şəkildə gedə blimirəm. Sərbəst ictimai nəqliyyatdan istifadə etmək imkanımız yoxdur. Bu zamana qədər mənə anam baxırdı. Mən ona çox bağlanmışdım. Allah ona rəhmət etsin, iki ildir ki, dünyasını dəyişib.
İndi pensiya alıram, bir də prezidentin sosial müavinətini. Bunlar üst-üstə 400 manata yaxın pul edir. Mənə xidmət edən köməkçiyə 350 manat maaş verirəm. Ayrıca bir oğlan gəlir mənə baxır, ona da 300 manat. Bizdə isə qanunvericiliyə görə, müavinət 80 manatdır. 80 manata heç kimi yanında saxlayıb, ona maaş verə bilməzsən. Tutaq ki, kimsəm, yaxınım yoxdur. Bəs mən necə fiziki ehytiyaclarımı ödəməliyəm? Mən yazıram qonorar alıram, pensiya alıram. Onların hesabına köməkçilərimi saxlayıram. Yəni bunları öz hesabıma edirəm. Başqa heç bir gəlirim yoxdur.
-Heç vaxt ailə qurmaq istəməmisiniz?
-Sevdiklərim olub, məni sevənlər də. Ancaq həmin qızlara ailələri tərəfindən çox təpkilər olub. Onlara “ağlın yoxdurmu”, “həyatını puç eləmə” kimi sözlər deyilib. Ümumiyyətlə, hər kəs ətrafa görə addım atır. Heç kim özünü ürəyinin səsini əsas götürmür. Valideyn övladını evləndirəndə də öz statusunu düşünür ki, onların ailəsinə uyğun biri olsun. Azərbaycanda hansısa bir qız əlil arabasında oturan birini istəyə bilməzmi?
– İndi həyatınızda özəl biri varmı?
– Var. O da bu kimi problemlər üzündən seçim qarşısında qalıb. Onun da ailəsi bu münasibətə etiraz edir. Ən çox da düşünürlər ki, cəmiyyət buna necə baxar? Şikəstlik iki cürdür, bir var gözlə görünən, biri də var gözlə görünməyən. Mənimki gözlə görünəndir. Elə biri ilə ailə qura bilərsiniz ki, o, mənəvi cəhətdən şikəst olar. Bizim bədxbəxtçiliyimiz ondadır. Gözlə görünən problemə üz çeviririk, amma görünməyəni görməzdən gəlirik. Hər kəs ad-san xatirinə övladını bada verir.
-Sizin həyat hekayənizi dinlədikdə əslində mediadan tamam başqa cür tanındığımızın fərqinə vardım…
– Dövlət başçımız məni “Tərəqqi” medalına layiq görüb. Təsəvvür edin ki, qarşısındakı çayı belə içə bilməyən, əlini qaldırıb başına qoymağı bacarmayan biri ölkə iqtisadiyyatının inkşafı üçü mükafat alır. Fiziki güc heç nəyi həll etmir, əsas ruhdur.
Gün ərzində 5 dən çox media nümayəndəsi zəng edib, məndən açıqlama alır. Media məni fərqli tərəfdən tanıyır. Çünki heç zaman sosial şəbəkədə durumumla bağlı şikayət etməmişəm. Bir az lovğa adamam. Özümün bu vəziyyəti ilə qəti barışmıram. Lazımsız qürur hissim var. Bu qürur hissi məni çox məhv edib.
– Sizi bu qədər möhkəm olmağa vadar edən nədir?
– Dünyada ən gözəl şey başqasının sənə “Sən bunu edə bilməzsən”, “Sən bacarmazsan” dediyi şeyi edə bilməkdir. Orta məktəbdə oxuyanda qohumlarım deyirdilər ki, uşaqdır heç olmasa kitab oxumağı bacarsın kifayətdir. Ali təhsil alası deyil, yaxud da Pərviz ali təhsil alası deyil ki. Eşitdiyim bu sözlər məni çox məyus edirdi. Mən ali məktəbə imtahan verəndə əksər qohum-əqrabamız valideynlərimi qınadı. Odamı oxuyacaq? Lap tutaq ki, oxudu, bəs harada işləyəcək? Camaatın normal uşağı oxuyub iş tapa bilmir kimi sözlər məni inada salırdı. İndi o sözləri deyən insanlar öz övladlarına iş tapmaq üçün məndən xahiş edirlər. Hər kəs maddi cəhətdən özünü sərbəst ayaq üstə tutmağı bacarmaldır.
– Bundan sonrakı arzularınız nələrdir?
– Gəzməkdən ümidimi üzmüşəm. Bu gündən sonra çətin ki, ayaq üstündə dura bilim. Gəzməyi çox istəyərdim.
– Gəzə bilsəydiniz, özünüzü necə təsəvvür edərdiniz?
– Güclü… Hardasa tanınmış bir şirkətin rəhbəri olardım. Amma reallıq budur, mən buyam. Arzum budur ki, sona qədər özüm öz təlbatlarımı ödəyə bilim. Bu gücüm tükənməsin.
Xəyalə Rəis
Medianews.az