Hazırda banklarda kredit faizi çox yüksəkdir. Bir çox kiçik sahibkarlar var ki, götürdüyü kreditdən yararlana bilmir. Faiz o qədər yüksək olur ki, əldə etdiyi gəlirləri faizə ödəmək məcburiyyətində qalır.
Bəs görəsən elə bir qurum varmı ki, kənd təsərrüfatı və ya kiçik sahibkarlıqla məşğul olan insanlara xüsusi güzəşt olunsun?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-eksper Eldəniz Əmirov bildirib ki, Azərbaycan iqtisadiyyatının həcmini və regionlarımızı nəzərə aldıqda ucuz kredit verən təşkilatların sayının azdır:
“İnflyasiyadan öncə də bankların təqdim etdikləri kredit faizləri kifayət qədər yüksək idi. Bu isə öz növbəsində kreditin geri ödənilməsində problemlər yaradır, eyni zamanda da real sektorun inkişafına mane olan faktordur. Biz bu problemi uzun zamandır səsləndiririk, kredit faizlərinim aşağı salınmasını istəyirik. Lakin heç bir nəticə əldə edə bilməmişik.
Bu gün inflyasiyanın günbəgün artığını nəzərə alsaq, hazırkı vəziyyətdə kredit faizlərinin aşağı salınması real görünmür.
Regionlarda sahibkarlığın inkişafı üçün aşağı faizlərin əldə olunması imkanları var, amma bunlar ele də geniş deyil. Sahibkarlar qarşısında müəyyən şərtlər vardır ki, yanlız bu şərtlər daxilində onlar kreditlərdən yararlana bilər.
Güzəştli kreditlərinin verilməsi həm İqtisadiyyat, həm də Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan qurumlar tərəfindən icra olunur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyi, İqtisadiyyat Nazirliyi tabeliyində Sahibkarların İnkişaf fondu tərəfindən aşağı faizli kreditlər verilir. Bu kreditlərdən yararlanmaq üçün müəyyən meyarlar tələb olunur. Bu da bilavasitə real sektora yönümlü kreditlərdir.
Azərbaycan iqtisadiyyatının həcmini və regionlarımızı nəzərə aldıqda ucuz kredit verən təşkilatların sayının az olduğunu görürük. Problemdən həll yolu kimi düşünürəm ki, ucuz kreditin əldə olunmasının daha əlçatanlığının təmin olunması üçün böyük həcmli investisiya fondlarının yaradılmasına ehtiyac var”.
Medianews.az
Ayşən Azadova