“Regionlarda Kiçik və Orta Sahibkarların problemlərinin analizi və inkişafa dəstək tədbirlərinin təşkili” layihəsi başa çatıb. Layihə “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
İctimai birlikdən Medianews.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə KOS-un inkişafı ilə əlaqədar strateji inkişafa nail olmaq üçün müvafiq imkanlardan maksimum istifadəni təmin etməklə tədqiqatlar aparmaq, problemləri aşkarlamaq və dövlət orqanlarının diqqətinə çatdırmaqdır. Eyni zamanda bu layihə maarifləndirmə tədbirləri həyata keçirməklə regionlarda fəaliyyət göstərən KOS-ların inkişafına dəstək, onların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. O cümlədən qarşıya qoyulan əsas vəzifələr, regionlarda sahibkarlar arasında ehtiyacları öyrənmək, müvafiq dövlət orqanlarının iştirakı ilə birgə əməkdaşlığa nail olmaqla yerli KOS-lar arasında məlumatlandırma xarakterli seminarlar həyata keçirməklə inkişafa nail olmaqdır.
Qeyd olunur ki, ölkədə fəaliyyət göstərən 100 KOS subyektində tədqiqat aparılıb. Problemləri, təklif və tövsiyələri ehtiva edən hesabat sənədi hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.
Bununla yanaşı, Cəlilabad, Biləsuvar, Saatlı və Sabirabad rayonlarında ümumilikdə 150-yə yaxın kiçik və orta sahibkara seminarlar keçirilib. Seminarlar başa çatdıqdan sonra sahibkarları maraqlandıran suallar təşkilatın ekspertləri tərəfindən cavablandırılıb. Seminarlarda həmçinin rayon icra hakimiyyəti nümayəndələri ilə yanaşı, KOBİA-nın regional əməkdaşları da iştirak ediblər.