Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
“Report”un məlumatına görə, mundiallarda ən çox ardıcıl oyun keçirmiş futbolçuların siyahısı açıqlanıb.
15 oyunçunun yer aldığı sıralamaya İtaliya millisinin və “Milan”ın sabiq üzvü Paolo Maldini başçılıq edir. Veteran müdafiəçi 1990, 1994, 1998 və 2002-ci illərdəki dünya çempionatlarında ümumilikdə 23 ardıcıl görüşdə meydana çıxıb.
Siyahıda Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqtsun da adı var. 2008 – 2014-cü illərdə yığmaya rəhbərlik etmiş almaniyalı mütəxəssis mundiallarda ümumilikdə 19 ardıcl oyun keçirib. Foqts bu göstərici ilə 5 – 9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.