Rusiya lideri Putinin ən etibarlı adamlarından biri olan “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin bu gün dünyanı şoka salan etiraf edib.
Medianews.az xəbər verir ki, Yevgeni Priqoji Rusiyanın ABŞ-da ara seçkilərə müdaxilə etdiyini bildirib.
ABŞ-ın “Bloomberg” agentliyinin “Rusiya ABŞ-da ara seçkilərə müdaxilə edir” başlıqlı xəbərinə cavab olaraq rusiyalı iş adamı “Bəli, biz müdaxilə etdik, və bundan sonra da müdaxilə edəcəyik. Biz işimizi cərrah kimi diqqətlə və canla-başla görürük”, -deyə bildirib.
ABŞ-da yerləşən sosial media analiz şirkəti “Graphika” tərəfindən keçən həftə aparılan araşdırmalar nəticəsində Rusiyanın ifrat sağçı media platformalarında təsirinin göründüyü müəyyən edilib. Rusiya xüsusilə Donald Trampın qalib gəldiyi 2016-cı il seçkilərindən sonra “seçki qutusuna müdaxilə etməkdə” ittiham olunur. Kreml əvvəllər bu iddiaları təkzib edirdi.
Məlumat üçün bildirək ki, ABŞ üçün kritik əhəmiyyət kəsb edən ara seçkilərdə demokratların hakimiyyəti itirməsi, ABŞ prezidenti Co Baydenin səlahiyyət müddətinin qalan hissəsində çətinlik çəkəcəyi anlamına gələcək və eyni zamanda bu durum keçmiş prezident Donald Trampın yenidən seçkilərə getməsinə yol aça bilər.
Qeyd edək ki, Priqojin eyni zamanda Putinin yeməklərinin təhlükəsiz olub-olmadığına cavabdeh şəxs kimi də tanınır.