Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Son 10 ildə ölkədə bir çox təhsil islahatları həyata keçirilir. Bəs görəsən, onlar nə qədər qanedicidir? Başqa hansı proqramların həyata keçirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı ekspertlər təəssüratlarını Medianews.az-a bölüşdülər.
Millət vəkili Arzu Nağıyev bildirdi ki, bu gün təhsil sahəsində kifayət qədər işlər görülür. Belə ki, dövlət proqramlarının, yeni təhsil layihələrinin icrasını qənaətbəxş hesab etmək olar: “Təhsil gələcəyimiz, genefondumuzdur. Buna görə də düşünürəm ki, bu istiqamətdə islahatlar daha aktiv şəkildə aparılmalıdır. Ölkəmizin təhsil sistemində islahatların başlanmasından on ildən artıq bir vaxt keçir. Bu dövr zaman baxımından qısa olsa da, axtarış və tədqiqatlarla, gərgin zəhmət tələb edən səmərəli fəaliyyətlə zəngindir. Həmin illəri yenilik soraqlı enişli-yoxuşlu yola bənzətmək daha düzgün olardı. Bu yolun səmti, istiqaməti dünyada mövcud olan mütərəqqi təhsil sistemlərinə yönəlib. Son zamanlar da bu sahədə müəyyən addımlar atılır.
Misal üçün, bu ilin yay aylarında təhsil verənlərin sertifikatlaşması prosesi keçirilib. Bundan başqa məktəbəqədər təhsil müəssisələrində qida menyusu ilə əlaqədar pilot layihənin tətbiqinə başlanılıb. Həmçinin, tərbiyəçi -müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada təşkil edilib. Eyni zamanda, bu il payız smestri üzrə ümumilikdə 1500-dən çox tələbə təhsil krediti əldə edib. Onlardan 500-dən çoxu sosial, 1000-dən çox tələbə isə standart yönümlü kreditidir. Bu və bunun kimi bır sıra layihələr həyata keçirilməkdə davam edir.
Təbii ki, problemlər də mövcuddur, son zamanlar sosial şəbəkələrdə məkətblərdə şagirdlərin davranış qaydaları, müəllimlərlə olan problemlərlə rastlaşırq. Bu məsələlər də qeyri-hökümət təşkilatlarının, millət vəkillərinin, eyni zamanda, hüquq mühafizə oqranlarının nümayəndələri ilə dəyirmi masa ətrafında müzakirə edilir, həlli yolları axtarılır. Onu da qeyd edim ki, məktəblilərin davranışı ilə bağlı müvafiq qaydaların yaranması istiqamətində addımlar atılmaqdadır”.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov isə bildirdi ki, ölkədə keçirilən təhsil islahatları ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycanın davamlı inkişafı naminə həyata keçirdiyi islahatlar xəttinin tərkibini təşkil edir: “Ökəmizin iqtisadi inkişafı, gəlirlərimizin artması müqabilində təhsil sahəsində xərclər kifayət qədər artırılıb. 10 il ərzində təhsil xərclərinin 2,5 dəfə artmasını xüsusi qeyd etmək istəyirəm. Təhsil xərclərinin artması həm də birbaşa dövlət büdcəsinn funksional təsnifatının təhsil bölməsi üzrə xəclərinin artması ilə müşahidə olunur. Bu da təhsil infrastrukturunun müasirləşməsi, yenilənməsi baxımından çox vacibdir. Təhsil müəssisələrinin maddi texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirdiyi işlərdə, xüsusilə Heydər Əliyev Fondunun prezidneti Mehriban xanım Əliyevanın xüsusi dəstəyini qeyd etmək istəyirəm. Təhsil infrastrukrurunun yenilənməsi ona gətirib çıxarıb ki, ölkədə bütövlükdə ən ucqar kənd məkətbləri də müasir səviyyədə tikilib, təkmilləşdirilib. Məktəblərin maddi texniki bazalarının təkmilləşdirilməsində bir çox işlər görülüb. Təhsil alan şagirdlərimizə daha yaxşı şərait yaradılıb.
Maraqlı məqamlardan biri də təhsilin qanunvericilik bazasnın yenidən qurulması və təkmilləşdirilməsindən ibarıtdir. Bu istiqamətdə də müəyyən qədər işlər görülüb.
Vacib islahatlardan biri də 5 yaşlı uşaqların islahatlara cəlb edilməsidir ki, bu da məktəbəqədər təhsildə əhatəliliyi və əlçatanlığın təmin olunmasını reallaşdırır. Müəllimlərin işə qəbulunda şəffaflığın və obyektiviyin təmin edilməsi, mərkəzləşdirilmiş qəbul imtahanların məhz bu məqsədlə keçirilməsi, yerdəyişmə ilə bağlı müraciətlərin elektronlaşdırımasının vahid mərkəzdən idarə edilməsi həyata keçirilib. Bu da çox vacibdir.
Bundan başqa, müəllimlərin İT bacarıqlarına hədəflənən böyükmiqayaslı işlər görülüb. Təhsilin çox vacib elemnetlərindən biri də dərslik siyasətinə yeni baxış idi ki, bu baxımdan da çoxsaylı işlər görülüb. Bu sahədə həm təhsilin keyfiyyəti yüksəldilib, eyni zamanda da məzmun islahatları dərinləşdirilib. Yeni çağırışlara cavab verən dərsliklər hazırlaınb”.
Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitin müəllifi İntiqam Soltan bildirdi ki, orta məktəblərdə uşaqlar üçün mədəniyyətlə bağlı dərslərin keçirilməsi vacibdir:
“Mədəniyyətin ümumi bir sahə olaraq orta və ali təhsil sistemində keçirilməsi mütləqdir. Uşaq, gənc yeniyetmə bilməlidir ki, təhsilin siyasətin, hətta iqtisadiyyatın da öz mədəniyyəti var. Bütün bunlardan əlavə, mədəniyyət sahəsində olan nitq mədəniyyəti, danışıq, davranış qaydaları uşaqlara tədris olunmalıdır. Çünki nitq insanın özünü ifadə etmək üçü ən vacib dərslərdən biridir. Biz nitqimizi inkişaf etdirmədikcə, dilimizdəki qüsuru aradan qaldırmayanda içimizdəki fikrimizi qarşı tərəfə tam çatıra bilməyəndə təbii ki, psixoloji problemlər yaşayırıq. Bu, bizim işimizə də sirayət edir.
Təəssüflər olsun ki, biz yalnız idman dərsinə bədən tərbiyəsi deyirik. Bədən tərbiyəsinə sadəcə idman daxil edilməməlidir. Ümumiyyətlə, cəmiyyətdə, ailədə, məktəbdə hər hansı bir fərqli durumda uşaqlara davranış qaydalarını öyrəmtək lazımdır. Uşaq evdə davrandığı kimi məktəbdə davrana bilməz. Mədəniyyət mütləq təhsillə paralel getməlidir”.
Təhsil üzrə eksperti Elşən Qafarov qeyd etdi ki, təhsil islahatlarının dövlət staretgiyasına uyğun olaraq aparılması vacib olsa da, bu, tam olaraq həyata keçirilmir:
“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 2013-cü il 24 oktyabr tarixli srəncam imzalanmışdı. 2015-ci ildə onunla bağlı tədbirlər planı həyata keçirlməyə başlandı. Halbuki, orada bütün perimetrlər üzrə, dövlət stertegiyasında nəzərdə tutulmuş hədəflər üzrə keçiriləcək tədbirlərin tarixləri göstərilmişdi. Bu məsələrlə bağlı ləngimələr çox oldu. Bəzi layihələrin həyata keçirilməsi heç başlamayıb. Məsələn biz 12 illik təhsilə keçməli idik, amma bununla bağlı heç bir addım atılmayıb. Göstərilirdi ki, 2018-ci ilə qədər orta təhsil səviyyəsində hər bir təhsil alana planşet veriləcək. Bu da sənəd üzərində qalmaqda davam edir. Bundan başqa, istedadlı uşaqlarla işləmək üçün iş metodologiyaları hazırlanmalı idi. Bu, o demək deyil ki, təhsil sahəsində islahatlar həyata keçirilmir, elə deyil. Hesab edirəm ki, təhsil sahəsində uğurlu istalahtlar da həyata keçirilib. Elm və Təhsil Nazirliyində təhsilin idarə edilməsi ilə bağlı struktur dəyişikliyi baş verib. Reginal təhsil idarələrinin yaradılması nazirliyin ayrı-ayrı agentliklərə bölünməsi, məktəbəqədər elm və təhsil agentliyinin yaradılması, təhsil tələbə krediti fondu, təhsilin inkişafı fondu və sair. Müəyyən müsbət addımlarımız çoxdur”.
Elşən Qafarovdan “hazırda ümumtəhsil pilləsində hansı dövlət proqramlarına ehtiyac duyulduğunu” soruşduq. Bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində bakalavr təhsili olanlara ümum təhsildə işləməyə icazə verilmir, ancaq bizdə vəziyyət bir qədər fərqlidir: “Çünki ümumtəhsil artıq ali məktəblərdə olduğu kimi, elmi-pedaqoji təhsil sayılır. Bizdə hələ də orta ixtisaslı şəxslərin işləməsinə icazə verilir. Orta ixtisas təhsillərdə şəxsin müəllim kimi işləməsi və işə qəbulu dayandırılmalıdır. Hazırda orta ixtisaslıların, subbakalavrların bakalavr dərəcəsi almaq üçün dövlət qanunu elan olunmalıdır. Onların qiyabi və ya onlayn formada təhsili təmin olunmalıdır ki, onlar bakalavr diplomu ala bilsinlər. Ali təhsil proqramlarımız 70-ci illərin proqramları ilə keçirilir. Ali təhsil müəssisələrində nəzəriyyəni öyrənirik, nəticə etibarı ilə ali təhsili bitirən şəxslər əlavə kurslara, repetitor yanına getmədən hardasa işləyə bilmirlər. Ali təhsil müəssisələri nəzəri və praktik işlər görməlidir. İxtisas üzrə praktik dərslər olmalı və onların sayları artmalıdır. Məktəbəqədər təhsillə bağlı dövlət proqramı qəbul edilməlidir. Məktəbəqədər və özəl təhsil müəssisələrində qaydalar yumşaldılmalı və maliyyə dəstəyi göstərilməlidir. Ən böyük problem kadrların düzgün seçilməməsidir. Artıq 10 ildir ki, təhsildə belə bir tendensiya yaranıb ki, ingilis dilində təhsil alıbsa, istənilən sahədə işləyə bilər. Təhsil elə bir sahədir ki, bu sahənin içində bişmiş, əvvəldən axıra qədər gələn şəxslərə etibar edilməlidir. Təhsillə bağlılığı olmayan, təhsil adamı olmayanların təhsil sistemində funskional təyinatı işi ləngidir və əsas hədəfdən yayındırır”.
Sonda isə ekspertlərin fikrincə Azərbaycanda təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi ölkə prezidentinin neft kapitalını intellektin, kadrlaşmanın, peşəkarlığın inkişafına çevirmək strategiyasının mühüm hissəsini təşkil edir. Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır və öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaq.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.