“Azərbaycanda dərman qıtlığının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir”.
Bunu Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, deputat Rüfət Quliyevin ölkədəki dərman qıtlığı və dərmanların qiymət artımından şikayətinə münasibət bildirib.
Xatırladaq ki, Milli Məclis üzvü deyib ki, əvvəllər qiyməti 1.50-2 manat olan dərmanlar hazırda apteklərdə piştaxta altından 150-200 manata satılır.
Onunla bərabər, Məlahət İbrahimqızı da eyni mövzuda danışaraq Səhiyyə Nazirliyini hədəfə almışdı.
Səhiyyə Nazirliyi isə yaydığı bəyanatda bu məsələdə özəl şirkətlərin məsuliyyət daşıdığını vurğulayıb.
“Azərbaycan dərman idxal edən ölkədir. Çünki ölkədə daxili istehsal səviyyəsi olduqca aşağıdır, – deyə A. Qeybulla mövzuya giriş verib. – İdxal əsasən Rusiya, Ukrayna, Belarusdandır. Sözügedən ölkələrdə isə hazırda mübaribə aparır və vəziyyət olduqca gərgindir. Baş verən proseslərə görə dərman ixracına qadağa qoyulması qıtlığa səbəb olub”.
A. Qeybulla vurğulayıb ki, qıtlığın digər təqsirkarları şirkətlərdir:
“Onlar bu işi öhdələrinə götürsə də, kifayət qədər ehtiyatları yoxdur. Bu işdə dövlətin özü müəyyən funksiyaları üzərinə götürməlidir. Dərman məsələləri üzrə operativ qərargah yaradılmalı və bu sahəyə xüsusi diqqət yetirilməlidir. Çünki müharibənin nə vaxt bitəcəyi, habelə Ukraynada bu infrastrukturu nə vaxt bərpa edəcəyi, o cümlədən onun sonrakı statusunun necə olacağı bəlli deyil”.